''Lester''in məşqçisi Yunus Akgünün problemini açıqladı

5.01.2024 15:53 206
Dünya futbolu
Ötən yay 500 min avro qarşılığında icarə əsasında ''Qalatasaray''dan ''Lester''ə keçən Yunus Akgün hələ ki, özünü çempionşip təmsilçisində sübut edə bilməyib.

Düzdü, ''tülkülər'' inamla turnir cədvəlinə başçılıq edirlər və elitaya qayıtmağa əsas namizəd hesab olunurlar. Amma türkiyəli vinger hələ ki, yeni klubunda qol hesabını aça bilməyib. Yunus ''Lester''də bu mövsüm cəmi 6-sı start heyətində olmaqla 14 rəsmi matçda forma geyib və 2 məhsuldar ötürmə ilə fərqlənib.

"Football-plus.az" xəbər verir ki, ''Lester''in baş məşqçisi Entso Mareska 23 yaşlı futbolçu barədə bunları deyib:

''Yunusun yüngül zədəsi var idi. Amma indi özünü yaxşı hiss edir. Onu çox bəyənirəm və əslində daha çox şans vermək istəyirəm. Amma İngiltərə futboluna hələ tam uyğunlaşmayıb. Burda daha fiziki futbol oynanıldığını anlamalı və buna ayaq uydurmağa çalışmalıdı. Oyunun tempinə alışmaqda çətinlik çəkir. Bu da çox güman, Türkiyə çempionatında tempin burdakı ilə müqayisədə daha aşağı olmasından irəli gəlir''.

Onu da bildirək ki, ''Lester''in mövsümün sonunda Yunusu 9 milyon avroya daimi əsasda transfer etmək hüququ var.

ƏLİ