"Neftçi"də Adrian Mutu dönəmi başa çatdı. Onu bu postda Miodraq Bojoviç əvəzlədi.
Bəs montereqlonu mütəxəssis "ağ-qaralar"a fayda verə biləcəkmi?
"Football-plus.az" saytı olaraq, yeni təyinatın nə dərəcədə uğurlu olacağını aydınlaşdırmaq üçün "Neftçi"nin sabiq futbolçusu Paşa Əliyevdən fikir öyrəndik:
"Hər yerdə demişdim ki, Mutu ulduz futbolçu ola bilər, amma o, "Neftçi"yə heç bir fayda verməyəcək. Rumıniyalı yola salındı, əvəzinə montereqrolu gətirildi. Dəyişən heç nə olmayacaq. Necə deyərlər, "köhnə hamam, köhnə tas". İndiki vəziyyətdə heç Mourinyonu gətirsəz belə, fayda olmayacaq. Mourinyo özü ilə 10-15 səviyyəli futbolçu gətirsə, bəlkə "Neftçi"nin köhnə əzəmətini bərpa etmək olar. Çünki "ağ-qaralar"ın camiəsində islahatlar düzgün getmir. Futbolçu seleksiyası, transferlər bərbaddı. Hələ də anlamıram ki, yetərincə savadlı, bacarıqlı, futbolçularımızı və çempionatımızı 5 barmağı kimi tanıyan məşqçilər olduğu halda, flaqmanın rəhbərliyi niyə əcnəbilərə belə maraq göstərir? Bir məsələni vurğulayım. Bacarıqlı müəllim odu ki, şagirdlərlə dil taparaq savadını onlara aşılaya bilir. İndi düşünün bu qədər əcnəbi gəlir, nə dilimizi, nə də mentallığımızı analaya bilir. Bir az türk mütəxəssislərlə dilimiz oxşardı deyə, onların futbolçularla rabitəsi alınır. Məsələn, Rasim Kara kimi məşqçi futbolçularımızla yaxşı ünsiyyət qura, onlara necə yanaşmağı bilirdi. Ölkəmizdə rus dili populyar olsa da, heç rusiyalı mütəxəssislərin də yerli oyunçularla ünsiyyəti effekt vermir. Mənim şəxsi qənaətim budu ki, baş məşqçi ilə oyunçular arasında tərçüməçisiz rabitə olmalıdı. Kimsə dediyimdən inciməsin, hər dilin özünəməxsus qaydaları var. Yəni futbolçunun nə dediyini tərcüməçi heç də dəqiqliyi ilə baş məşqçiyə çatdıra bilmir - nə qədər savadlı olur-olsun. Yaxşı olardı ki, "Neftçi"də yerli məşqçilərə şans veriləydi. Amma görünən odu ki, hələ çox əcnəbi gəlib-gedəcək".
ABDULLA İSMAYILOĞLU