"Hakimlər barədə düşüncələrim çox pisdi" - Valdas Dambrauskas

28.11.2026 21:55
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 13-cü turunda evdə "Araz-Naxçıvan"a qalib gəldi - 2:0.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında iştirak etdi.

"Barselona" ilə oyundan sonra bu matça tam hazırlaşa bilməmişdik. Çətin oyun oldu. Rəqib topla çox yaxşı oynayır, sadəcə onlarda zərbə çatışmazlığı hiss olunurdu. Hər şey istədiyimiz kimi alınmadı, amma təzyiq göstərdikdən sonra 3-4 qol epizodu yaratdıq. Çempionlar Liqasından sonra bu matça köklənmək çətin idi... Hakim qərarlarını başa düşmədim. Fərqli qərarlar verirlər, anlamıram. Həddindən artıq çox sarı vərəqə göstərildi. Uduzsaq, hakimlər barədə danışmazdım, amma hakimlikdən razı qalmadım. Komandamla gecə-gündüz çalışıram. Hakimliklə bağlı nəyisə dəyişə bilmərəm. Hakimlər barədə düşüncələrim çox pisdi, halbuki Çempionlar Liqasında hakimlikdən narazı qalmırıq... Yuri Vernidub azarkeşləri stadiona çağırır, amma az adam gəlir. "Neftçi" və "Qarabağ"la oyunları çıxsaq, çempionatda azarkeş marağı istədiyimiz səviyyədə deyil. Hətta milliyə də 1000-dən çox azarkeş gəlmir. "Kəpəz" və "Turan"a möhtəşəm dəstək var, amma Bakıda bunu görmürük. "İmişli" ilə oyunumuz var deyim, gəlin — inanmıram ki, eşitsinlər. Deyirlər stadion uzaqdı. Şimalda olsaq cənubdakılar, şərqdə olsaq qərbdəkilər uzaq olduğunu deyəcək. Qız Qalasının yanında stadion olsa, gələcəklər? "Qarabağ" 13 mövsüm avrokuboklarda oynayıb, amma 500-600 azarkeş gəlib. "Neftçi" flaqmandı, stadionu şəhərə çox yaxındı, amma yenə az azarkeş gəlir".