Qış fasiləsi ərəfəsindəki son tur maraqlı hadisələrlə zəngin oldu.
“Football-plus.az” xəbər verir ki, liderlər qrupunda qərarlaşan komandaların hər biri – PSJ, “Nitsa” və “Monako” qələbə qazandı, Kilian qardaşı Etanla birgə oynamaq imkanı qazandı, “Lion” ardıcıl 3-cü oyunda qələbəyə sevindi, “Brest”dən Dumbiya “Loryan”ı təkbaşına darmadağın etdi.
Ötən tur “Lill” ilə oyunda qələbəni əldən verən PSJ hesabat turunda evdə autsayderlərlən “Mets”lə qarşılaşdı Luis Enrike “itlər”lə oyunla müqayisədə start heyətində bir dəyişiklik etmişdi – zədəli Dembelenin əvəzində Kolo Muani oynayırdı. İlk yarıda Mbappe bir neçə dəfə penalti qazanmaq niyyəti ilə özünü yerə atdı. Komandalar fasiləyə yollananda azarkeşlər sönük oyuna görə onları fitə basdı. Amma fasilədən sonra vəziyyət dəyişdi. 49-cu dəqiqədə PSJ hesabı açdı. Li Kan İnin sağ cinahdan cərimə meydançasına ötürməsindən sonra mövqe mübarizəsindən qalib ayrılan Vitinya topu tora göndərdi. Saatın tamamında elə həmin Vitinyanın ötürməsindən sonra Mbappe fərqləndi. Ardından dəyişikliklər, fasilələr üzündən temp aşağı düşdü. 72-ci dəqiqədə qonaqların kapitanı Udol fərqi azaltmaqla intriqanı bərpa etdi. Gücünə inanan “Mets” böyük qüvvə ilə irəli atılsa da, Ndyukyudinin kobud səhvindən sonra topu ələ keçirən Mbappe qapıçı ilə təkbətək çıxıb komandasının 3-cü qolunu vurdu. Uzatma dəqiqələrində PSJ-nin heyətində Kilianın 16 yaşlı qardaşı İtan debüt etdi.
“Nitsa” evdə vitse-çempion “Lans”la qarşılaşdı. “Qartallar” ötən tur səfərdə “Havr”a uduzduğundan azarkeşləri önündə bəraət qazanmaq istəyirdi. Onlar bunu bacardı. Oyunun həlledici məqamı 75-ci dəqiqəyə təsadüf etdi. Əbdül Səməd cərimə meydançasında qaydanı pozduğuna görə qonaqların qapısına penalti təyin olundu. Yenicə meydana çıxan Moffi hesabı açmaq imkanını əldən vermədi. İki dəqiqə keçməmiş nigeriyalı hücumçu dublunu rəsmiləşdirdi. Mövsümdə 10-cu qələbəsini qazanan “Nitsa” PSJ-dən 5 xal geri qalır.
“Monako” ötən tur gözlənilmədən evdə “Lion”a uduzmuş, onda cəzalı Qolovin “knyazlar”a yardım edə bilməmişdi. Rusiyalı yarımmüdafiəçi “Tuluza” ilə oyunda meydana döndü və artıq 51-ci dəqiqədə komandasını azlıqda qoydu. Buna qədər isə artıq 3 qol vurulmuşdu. Artıq 5-ci dəqiqədə Maqri “Tuluza”nı irəli çıxardı. Bu oyunun axarını Ben Yedder dəyişdi. Təcrübəli hücumçu müdafiəçinin səhvindən yararlanıb 26-cı dəqiqədə yetirməsi olduğu klubu məyus etdi. Hissənin sonunda Baloquna qarşı kobudluğa görə təyin olunan penaltini də Ben Yedder dəqiq yerinə yetirdi. Qolovin özü yerdə olduğu vəziyyətdə rəqibin ayağına bilərəkdən zərbə vurduğuna görə meydandan qovulandan sonra Adi Hütter müəyyən korrektələr etdi və “Monako” hesabı qorumaq üçün oynadı.
4-cü yerdə isə artıq hesabat turunda evdə “Loryan”ı darmadağın edən “Brest” qərarlaşıb. Mvoqonun qapısına 4 qolun hamısı ilk yarıda vuruldu. Və bunların hamısının müəllifi malili yarımmüdafiəçi Dumbiya oldu. Xalını 31-ə çatdıran “Brest” “Lill” ilə “Marsel”i qabaqlayır. Ötən tur PSJ-dən qəhrəmancasına xal alan “şimallı itlər” bu dəfə ortabab “Strasbur”a uduzdu. İlk yarı iki avtoqol üzündən 1:1 bitdi. “Strasbur”a qələbəni 77-ci dəqiqədə Mvanqa qazandırdı. Mövsümdə 3-cü məğlubiyyətlə barışan “Lill” 5-ci yerdədi. “Marsel” bu komandanı keçə bilərdi. Ancaq Cennaro Qattuzonun komandası da xal itirdi. Cənublular “Monpelye” ilə səfər oyununun 14-cü dəqiqəsində hesabda geri düşdü və 52-ci dəqiqədə Veretu “status-kvo”nu bərpa etdi. Obameyanq və oyundaşları çox salışsalar da, meydan sahiblərinin qapısından qələbə topunu keçirmək mümkün olmadı. Heç-heçə “Marsel”i 6-cı pillədə saxladı.
“Lion” Pyer Sajenin rəhbərliyi altında ardıcıl 3-cü qələbəsini qazandı, özü də bu dəfə də qol buraxmadan! “Şirlər” öz meydanında “Nant”a qalib gəldi. Yeganə qolu 49-cu dəqiqədə Lakazett vurdu. “Lion” artıq 15-ci pilləyə yüksəlib. “Nant” 18 xalla 13-cü yerdədi. Turnir cədvəlinin sonuncu pilləsində isə “Klermon” qərarlaşıb. Paskal Qastyenin komandası bu tur evdə “Renn”ə 1:3 uduzdu. Meydan sahibləru 2-ci hissəni azlıqda keçirdi. Ona görə ki, fasiləyə az qalmış Kofrie birbaşa “qırmızı” ilə meydandan qovuldu. Nikolson 3-cü dəqiqədə hesabı açsa da, ardından bretoniyalılar üç qol vurdu.
Nəhayət, “Reyms”in qonağı olan “Havr” 25-ci dəqiqədə buraxdığı qolun əvəzini çıxa bilmədi. Bu oyunda da artıq 21-ci dəqiqədə Ndiaye “Havr”ı azlıqda qoydu.
17-ci tur
PSJ – Mets 3:1
Vitinya, 49. Mbappe, 60; 83 – Udol, 72. (47822)
PSJ: Donnarumma, Pereyra, Markinyos, Şkrinyar (L.Ernandes, 65), Zair-Emeri, Vitinya, Uqarte (İ.Mbappe, 90+1), Li Kan İn (Ramuş, 90+1), K.Mbappe, Barkola (Soler, 90+1), Kolo Muani (Asensio, 68).
Nitsa – Lans 2:0
Moffi, 75-p.; 78. (25041)
Nitsa: Bulka, Bar, Dante, Mendi (Klod-Moris, 85), Lotomba, Rosario, Budaui (Perro, 89), Sanson, Boqa (Luşe, 89), Gessand, Lyabord (Moffi, 73).
Tuluza – Monako 1:2
Maqri, 5 – Ben Yedder, 26; 44-p. (23881)
Monako: Ken, Maqassa, Maripan, Salisu, Vanderson, Fofana, Baloqun (Diop, 55), Yakobs, Qolovin, Minamino (Diatta, 74), Ben Yedder (Boadu, 89).
Monpelye – Marsel 1:1
Fayad, 14 – Veretu, 52. (18565)
Marsel: Lopes, Murilyo, Balerdi, Jiqo (Meyte, 87), Mbemba, Kloss, Unai (Arit, 72), Kondoqbia, Veretu, Obameyanq, Ndiaye (Vitinya, 72).
Brest – Loryan 4:0
Dumbiya, 22; 25; 29; 45+3. (14544)
Klermon – Renn 1:3
Nikolson, 3 – Kalimuendo, 52. Due, 88. Blas, 90+6-p. (8840)
Lion – Nant 1:0
Lakazett, 49. (20028)
Reyms – Havr 1:0
Nakamura, 25. (14835)
Strasbur – Lill 2:1
Yoro, 41-öz qapısına. Mvanqa, 77 – Silla, 20-öz qapısına. (25373)
1. PSJ 17 12 4 1 42-14 40
2. Nitsa 17 10 5 2 19-9 35
3. Monako 17 10 3 4 33-22 33
4. Brest 17 9 4 4 25-15 31
5. Lill 17 7 7 3 21-14 28
6. Marsel 17 7 6 4 25-18 27
7. Lans 17 7 5 5 21-17 26
8. Reyms 17 8 2 7 22-23 26
9. Strasbur 17 6 5 6 18-22 23
10. Renn 17 4 7 6 23-22 19
11. Havr 17 4 7 6 16-19 19
12. Monpelye 17 4 7 6 19-21 18
13. Nant 17 5 3 9 19-28 18
14. Mets 17 4 4 9 16-27 16
15. Lion 17 4 4 9 16-27 16
16. Tuluza 17 2 8 7 15-23 14
17. Loryan 17 2 6 9 21-35 12
18. Klermon 17 2 5 10 11-26 11
Bombardirlər: Mbappe (PSJ) – 18, Ben Yedder (Monako) – 8, Lakazett (Lion), Adams (Monpelye) – 7.
Növbəti turun oyunları yanvarın 12-14-ü aralığında keçiriləcək: Marsel – Strasbur, Monako – Reyms, Renn – Nitsa, Lill – Loryan, Brest – Monpelye, Mets – Tuluza, Nant – Klermon, Havr – Lion, Lans – PSJ.
Turun rəqəmi
250 – “Monako”nun forvardı Ben Yedder “Tuluza” ilə oyunda dubl etməklə karyerası boyunca vurduğu qolların sayını 250-yə çatdırdı. O, klub formasında 247, yığmas formasında 3 dəfə fərqlənib. 33 yaşlı fransalı hücumçu buna qədər “Sevilya” ilə “Tuluza”nın da formasını geyib.
Turun ulduzu
Kamori Dumbiya (Brest) – cəmi 26 dəqiqə ərzində poker etdi. 20 yaşlı yarımmüdafiəçi “Loryan”la oyunda hesabı 22-ci dəqiqədə açdı, hissənin sonuna qədər daha üç qol vurdu. Son 60 ildə Liqa 1-də ilk yarı ərzində poker etməyi yalnız bir futbolçu bacarmışdı. Söhbət 2016-cı ilin sentyabrında PSJ-nin heyətində “Kan”ın qapısına yol tapan Edinson Kavanidən gedir.
Turun sitatı
Aleksandr Klyuyev, rusiyalı futbolçu Aleksandr Qolovinin agenti: “Həmin oyun anına tam baxsaq, Saşa heç nədən rəqibi vurmadı. Onu təxribata çəkdilər, hərçənd bu da hərəkətinə haqq qazandırmır. Saşa düzgün hərəkət etmədiyini anlayır. Bununla belə, “Tuluza”nın oyunçusunun təxribatı onun qovulmasına səbəb oldu”.
LİQA 2
19-cu tur: Sent-Etyen – Bastiya 3:2, Pau – Trua 1:1, Paris – Keviyi 2:2, Laval – Oser 1:3, Dyunkerk – Bordo 0:2, Konkarno – Qrenobl 0:3, Annesi – Rodez 1:2, Anje – Genqam 1:0, Amyen – Kan 0:0, Ayaçço – Valensyenn 2:1.
1. Anje 19 12 4 3 33-16 40
2. Oser 19 11 5 3 40-20 38
3. Qrenobl 19 9 7 3 25-17 34
4. Laval 19 10 4 5 21-17 34
5. Pau 19 8 7 4 33-30 31
6. Ayaçço 19 8 6 5 20-18 30
7. Sent-Etyen 19 8 4 7 20-20 28
8. Genqam 19 7 6 6 24-17 27
9. Rodez 19 7 6 6 30-28 27
10. Paris 19 8 3 8 23-22 27
11. Kan 19 7 5 7 27-25 26
12. Amyen 19 6 7 6 16-20 25
13. Bordo (-1) 19 6 5 8 20-25 22
14. Konkarno 19 6 4 9 18-26 22
15. Bastiya 19 5 6 8 21-23 21
16. Trua 19 4 8 7 21-24 20
17. Annesi 19 4 7 8 21-27 19
18. Keviyi 19 3 8 8 25-29 17
19. Dyunkerk 19 3 4 12 13-32 13
20. Valensyenn 19 1 8 10 11-26 11
Bombardir: Mendi (Kan) - 12.