PFL hələ ki bu oyunun harda keçiriləcəyini açıqlamayıb. Amma pərdəarxası hazırlıqlar onu deməyə əsas verir ki, uzun fasilədən sonra Xankəndi stadionunda azərbaycanlı futbolçu top dalınca qaçacaq, tribunalarda öz dilimizdə şüarlar səslənəcək. “Qarabağ”la bağlı məsələ aydındı, artıq bu klubun rəsmiləri stadiona baş çəkib, vəziyyətlə yerində tanış olub. Bəs MOİK düşərgəsində qarşıdakı oyunla bağlı nə düşünürlər? Nominal qonaq olacaq “hərbçilər”in baş məşqçisi Qəzənfər Abbasovun "Football-plus.az"a dedikləri:
“Oyunun Xankəndidə keçiriləcəyini biz də eşitmişik. Amma ortada rəsmi nəsə yoxdu. Qarşılaşmanın işğaldan azad olunmuş şəhərimizdə keçirilməsinə etirazımız yoxdu, əksinə, xoş olardı və bizə ikqat stimul verərdi. Onsuz da "Qarabağ" kimi güclü rəqiblə oynamaq xüsusi motivasiya tələb edir, matçın Xankəndidə keçirilməsi motovasiyamızı daha da artırardı. "Hərbçilər"in komandasının işğaldan azad olunmuş diyarda oyun keçirməsi bizim üçün qürurverici haldı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Xankəndidə yaxşı oyun sərgiləyək".
ABDULLA İSMAYILOĞLU




