“Bu üzdən Xankəndində oynamağı çox istəyirik” – “Qarabağ”ı qabaqlamaq cəhdi?

24.10.2023 15:08 408
Aktual / II liqa
2-ci liqanın iddialılarından "Füzuli" sosial şəbəkələrdə azad olunmuş Xankəndi, Əsgəran və Xocavənd şəhərlərində ev oyunlarını keçirmək istəyi ilə bağlı bəyanat yayıb. Füzuli təmsilçisin bu istəyinin həyata keçməsi nə dərəcədə realdı?

“Football-plus.az” saytı “Füzuli”nin meneceri Rəşad Babayevin fikirlərini öyrəndi:

“Bildiyiniz kimi, “Füzuli” işğaldan azad olunan doğma Füzulimizi təmsil edir. Həmişə böyük arzumuz olub ki, işğaldan qurtulan yurdumuzda ev oyunlarımızı keçirək. Amma təəssüf ki, düşmən Füzulidə daşı-daş üstə qoymayıb. Horadizdə Olimpiya İdman Kompleksinin stadionu mövcud olsa da, ora da ev oyunlarımızı keçirməyə yaramır. Ona görə də oyunlarımızı Bakıda keçiririk. Dövlət bayrağımız Xankəndində dalğalanandan sonra prezidentimiz Cənab İlham Əliyevin “biz azad olunmuş ərazilərimizə yalnız tanklarımız, əsgərlərimizlə yox, həm də sosial sferanı əhatə edən bir çox qurumlarla qayıdacağıq” deməsi bizə ruh yüksəkliyi verdi. Ona görə də belə təşəbbüs göstərərək, Xankəndidə ev oyunlarımızı keçirmək istəyimizi bildirdik. Xankəndində müvəqqəti ev oyunlarımızı keçirməklə həm əlavə motivasiyaya sahib olacağıq, həm də azad olunmuş diyarlarımızda futbolu populyarlaşdırmağa təkan verərik. Bu üzdən Xankəndində oynamağı çox istəyirik. Bu barədə hələlik aidiyyatı qurumlara rəsmi müraciət etməmişik, amma yaxın vaxtlarda müraciət etməyi düşünürük. Alınsa, Xankəndi, alınmasa da Əsgəran, Xocavənd stadionlarında ev oyunlarımız keçirmək arzusundayıq. Ümid varam ki, istəyimizə dəstək verənlər olacaq”.


ABDULLA İSMAYILOĞLU