“10 aydı burdayam və görürəm ki, pis işləmişəm” - Yuri Vernidub

24.10.2026 23:01 72
Ölkə futbolu / Manşet
Premyer-liqanın 9-cu turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”la heç-heçə edib – 1:1.

Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransı keçirib.

– Oyunun gedişatını, qırmızı vərəqə ilə azlıqda qaldığınızı nəzərə alsaq, 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
– Bunu demək çətindi. İlk 20 dəqiqədə istədiyimiz kimi oynaya bilmədik. “Turan Tovuz” həmin müddətdə daha yaxşı çıxış edirdi. Sonra müdafiəçimizin səhvi üzündən azlıqda qaldıq. Məncə, bundan sonra daha yaxşı oynamağa başladıq. Bir qol vurduq və fasiləyə üstün yollandıq. Həmin vaxt da bilirdim ki, azlıqda oynamaq bizim üçün çətin olacaq. Buna görə beşli müdafiəyə keçdik. Üç yarımmüdafiəçi və iki hücumçu ilə oynayırdıq. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxdığımız qola qədər rəqibin ciddi qol imkanı, demək olar ki, yox idi. Daha sonra qol buraxdıq. Emil Balayev də bir epizodda bizi xilas etdi. Əsas odu ki, uduzmadıq. Mübarizəmizi istədiyimiz mövqedən davam etdirəcəyik. Sabah “Sabah” “Qarabağ”la oynayacaq. Məncə, 2 xal itirdik. Buna görə məni tənqid edə bilərsiz. Mən hər oyunda qalib gəlmək istəyirəm. Yolumuza davam edəcəyik.

– Özünüz də müdafiəçi olmusuz. Sizcə, həmin hərəkəti etməyə nə ehtiyac var idi?
– Buna necə cavab verim? Bilmirəm, futbolçular necə düşünürlər. Mən də anlamıram. Çox sadə epizod idi. irəlidə rəqibin qarşısını kəs, topu al. İqorla Vadjinin arasında məsafə də var idi. Biz müdafiə üzərində işləyirik. Həmişə irəli-geri hərəkət edən müdafiə xətti arzulamışıq. Müdafiədə təzyiq də yox idi. Artıq 10 aydı buradayam və görürəm ki, pis işləmişəm. Öz üzərimdə daha çox işləməliyəm.

– Çempionatda əsas dörd rəqibinizin heç birinə qalib gələ bilməmisiz. Bu məqam sizi nə qədər narahat edir?
– Mən həmişə qalib gəlmək istəyirəm. Bu, mənim üçün çox ağırdı. “Qarabağ”a qarşı 3:1 hesabı ilə öndə olduğumuz oyunda hesab 3:3 oldu. “Sabah”ı məğlub etmək şansımız var idi, amma alınmadı. Ancaq bir məqamı da qeyd edək: biz uduzmuruq.

– Milli fasilədən sonra ən zəif oyununuz bu idi. Daha çox müdafiə olunan “Neftçi”də Denzel Jubitananı meydana daha tez daxil etmək olmazdımı?
– Bu, sizin fikrinizdi. Mən fərqli düşünürəm. “Sabah”, “Turan Tovuz” və “Qarabağ” ötən çempionatın aparıcı komandalarıdır. Onlara qarşı açıq futbol oynadığımız vaxtları xatırlayırsız? 1:5 hesabı ilə məğlub olmuşduq. Buna görə bu strategiyanı seçmişik. Oyunumuzun zəif olduğunu deməzdim. “Qarabağ”la matçdakı çıxışımız xoşuma gəlməmişdi. Həmin oyunda da daha çox topsuz qalmışdıq. Bu gün isə azlıqda oynayırdıq.

– Emin Mahmudova niyə şans vermədiz?
– Onun kiçik zədəsi var. Buna görə oynatmadıq.

– Bu, İqorun “Turan Tovuz”a qarşı üçüncü qırmızı kartıdı… Bu məqam sizi narahat edir?
– Düşünmürəm ki, burda aqressiya var. Məncə, bu, onun səhvi idi. Topa daha tez getmək lazım idi. Onun belə oynamaq istədiyini düşünmürəm. Dünən də İvan Pitiryak belə bir epizodda zədələndi, kəllə sümüyündə çat yarandı. Orada da aqressiv hərəkət yox idi, amma zərbə gicgah nahiyəsinə dəydi və futbolçu zədələndi. İqor daha sonra rəqib futbolçudan üzr istədi.

– Bakıda keçirilən U-15 dünya çempionatına getmək istəyirsiz?
– Əvvəlcə cədvəli öyrənmək lazımdı. O qədər işim var ki, çətindi. Səhər saat 9-da bazada oluram, axşam 7-də çıxıram. Bəzi məşqçilər isə saat 11-12-də də bazadan ayrılırlar. Rəqiblərimizi təhlil etməliyik. Çox yaxşı təhlillərimiz olur, amma bəzi futbolçular buna əməl etmirlər. Problem də budu. Komandamızda çoxlu fərqli dillərdə danışan futbolçular var. İspan, fransız və ingilis dillərində danışırlar. Ola bilsin ki, tərcümə zamanı bəzi məqamları da anlamırlar. Üç dili eyni vaxtda öyrənmək mənim üçün də çətindi. Əsas odu ki, Azərbaycan dilini öyrənim. Burda yaşayıram və istəyirəm ki, suallarınıza rahat cavab verə bilim.

İSRAYIL XEYRULLAYEV