Bazar günü premyer-liqanın 9-cu turunda “Sabah” “Qarabağ”ı qəbul edəcək. Turun mərkəzi oyunu “bayquşlar”ın yeni stadionunda – “Sabah Arena”da keçiriləcək. Ötən mövsüm “köhlən atlar”ın çempionluq seriyasına son qoyan Masazır təmsilçisi bu dəfə də eyni uğuru təkrarlaya biləcəkmi?
“Football-plus.az” xəbər verir ki, indiyə qədər bu iki komanda arasında 30 oyun keçirilib. “Sabah” həmin görüşlərin 4-də qələbə qazanıb, 11-də heç-heçə edib, 15-də məğlub olub. Ötən mövsüm keçirilən 3 qarşılaşmanın 2-də “bayquşlar” rəqibini üstələməyi bacarıb.
“Qarabağ” bu yay köklü dəyişikliklərə gedib. Son 12 ildə müntəzəm avrokubokların əsas mərhələsində çıxış edən futbolçuların əksəriyyəti yola salınıb. Nəticədə, demək olar ki, yeni “11-lik” formalaşıb. Ancaq heyət yenilənəndən sonra futbolçuların bir-birinə uyğunlaşması prosesi hələ tam başa çatmayıb ki, Qurban Qurbanov da az qala hər mətbuat konfransında bu məqamı vurğulayır.
Digər tərəfdə isə litvalı baş məşqçi Valdas Dambrauskasın qurduğu sistem fonunda maraqlı və baxımlı, əsasən hücuma söykənə futbolu oynayan, ÇL-in liqa mərhələsində mübarizə aparan “Sabah” var. Masazır təmsilçisi oktyabrın 13-də “Slaviya”nı məğlub etdi, 20-də bəxt yanında olsaydı, Dortmund “Borussiya”sından da xal alacaqdı.
“Sabah” ÇL-də növbəti oyunu noyabrın 4-də keçirəcək. Deməli, komandanın bərpa olunmaq üçün yetərincə vaxtı var. Bu səbəbdən Dambrauskasın sabah meydana optimal buraxacağı gözlənilir.
Turnir cədvəlində “Qarabağ”ı qabaqlayan “Sabah” bu fərqi artırmağa çalışacaq. Masazır təmsilçisi gələn mövsüm də ÇL-də iştirak etmək üçün mövqeyini möhkəmlətmək, çempionluq yolunda xal itkisindən yayınmaq istəyir.
Bəs, “Qarabağ”? Ağdamlılar üçün də bu oyun çox önəmlidi. Onlar cari mövsümdə artıq “Zirə” və “Neftçi” ilə oyunlarda xal itirib. Məhz “Sabah”la oyun “Qarabağ”ın çempionluq yarışında nə dərəcədə iddialı oyunçu olduğuna aydınlıq gətirəcək.
Bir sözlə, bu oyun təkcə 3 xal uğrunda deyil. “Sabah” son çempionluğun təsadüfi olmadığını göstərməyə, “Qarabağ” isə yenilənmiş heyətlə hələ də çempionluğa əsas namizəd olduğunu sübut etməyə çalışacaq. Nəticə hər iki komandanın mövsümün qalan hissəsi üçün iddiaları baxımından mühüm əhəmiyyət daşıyacaq.
İSRAYIL XEYRULLAYEV
“Sabah” - “Qarabağ”: 4-15
Ölkə futbolu / Manşet





