"İllər əvvəl olan “Kəpəz" qayıda bilər" - Azər Məmmədov

24.10.2026 20:52 36
Ölkə futbolu / Manşet
"Kəpəz" Misli premyer-liqasının 9-cu turunda "Şəfa"nı məğlub etdi - 2:1.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bu oyuna bəzi itkilərlə çıxmışdıq, zədəli oyunçularımız var idi. Ağır oyun olacağını bilirdik. Birinci hissədə daha yaxşı idik. Hesabı açmağa da layiq idik. Sadəcə sonluğu gətirə bilmədik. İkinci hissə başlayanda, komanda sanki “oturdu”, “Şəfa” təzyiq göstərdi. Buna görə də qapımızda qol gördük. Daha sonra sistemdə bəzi dəyişiklik etdik. Bu da komandamıza fayda verdi. Futbolçuların yaxşı oyunu nəticəsində qələbə qazandıq.

- Komanda ilk dördlüyə yaxın olsa, rəhbərliklə hədəflərlə bağlı danışıq ola bilər?
- Hazırda komandanın uğurlu seriyası var. Düşünürəm ki, bu, futbolçuların çəkdiyi əziyyətin bəhrəsini görürlər. Etiraf edim ki, topladığımız xallara, turnir cədvəlində olduğumuz mövqeyə rəğmən, daha çox işləməliyik. Bizim hələ çatışmayan cəhətlərimiz var və onun üzərində işləməliyik. Sevindirici hal odu ki, uşaqlar oyundan-oyuna bir-birinə uyğunlaşırlar. Oyunumuzda da artıq irəliləyiş var, amma daha artığını bacara bilərlər. Qışa kimi belə davam etsək…. Bu cür davam etsək, artıq bizim üçün böyük uğur olacaq. Bəli, transfer etmək istəyirik. Amma yüksək yerlər üçün oynamağa hələ hazır deyilik.

- Necə oldu ki, son illərdə autsayder olan “Kəpəz” hazırda iddialı durumdadı? Komanda hər mövsüm liqada qalmaq uğrunda oynayırdı. Azarkeşlərin kollektivə inamına görədi?
- Fürsətdən istifadə edərək, bu qədər yol qət edib, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sözsüz ki, azarkeşin dəstəyini hiss edirik. Onların dəstəyi nəticələrimizdə danılmazdı. “Kəpəz”in hər mövsüm premyer-liqada qalmaq uğrunda oynamaq məsələsi isə qlobal problemdi. “Kəpəz”in hər mövsüm heyəti dağılır, sonra yenidən yığılırdı. Rəhbərlikdə də dəyişikliklər edilirdi. “Kəpəz”də sabitlik olmurdu. Güman edirəm ki, rəhbərlik sabitliyi yaradacaq. Əməyi olan insanlar var ki, hazırda “Kəpəz”də sağlam, strukturlu iş görməyə çalışırlar. Həmin o işi görənlərin qollarından biri də biz məşqçilər və futbolçularıq. İşlər bu şəkildə davam etsə, sponsor dəstəyi də olsa, “Kəpəz” ildən-ilə daha fərqli olacaq. İllər əvvəl olan “Kəpəz" qayıda bilər.

- Qələbəyə görə verilən mükafatlar büdcəyə təsir etmirki?
- Müəyyən məbləğ ayrılmışdı ki, mükafat verilsin. Amma etiraf edim ki, 8-ci tura kimi bu qədər qələbə və heç-heçə üçün həmin məbləğ tənzimlənməmişdi. Onuda deyim ki, artıq həmin məbləğin çox hissəsini futbolçular öz zəhməti hesabına qazanıblar. Bəli, təsiri var. Amma rəhbərlik də çalışır ki, minimum imkanlarla komanda üçün maksimum mükafat versin.