Tovuz şəhər stadionunda təmir-bərpa işlərinin görüldüyünü bilirsiz.
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin rəhbərliyi altında bir çox dəyişikliklər olub. Redaksiyamıza daxil olan məlumata görə, planda başqa yeniliklərin həyata keçirilməsi də var. Məsələn, azarkeş marağına xidmət məqsədilə tutumun artırılması gündəmdədi. Hazırda 6500 yerlik tribunaların sayı gələcəkdə daha çox olacaq.
"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev də "Football-plus.az"a açıqlmasında bilgini təsdiqlədi:
"Çoxillik inkişaf planımız haqda daha əvvəl ictimaiyyətə açıqlama vermişik. Xüsusilə, Ehtiram müəllim görüləcək işlər barədə ətraflı danışıb. Dayanıqlı infrastruktura malik klub olmaq yolunda inamla addımlamaq istəyirik. Sadəcə, tutumun artırılması yox, başqa məsələlər də var ki, həlli yolunda çalışacağıq. Stadionda bəzi tribunalar var ki, meydançaya uzaqda yerləşir. Belə də qarşıda boş yerlər qalır. Ola bilsin, oralarda yeni oturacaqlar quraşdırılacaq. Təbii ki, bütün bunlar hələ ki, layihədi. Lakin, irəriləyən zamanda nəzərdə tutulan işlərin görülməsi üçün addımlar atılacaq. Müəyyən müddət lazımdı".
Xatırlayırsızsa, Ehtiram Quliyev süni örtüyünü təbii ilə dəyişdirmək istədiklərini və bunun üçün AFFA-ya kömək məqsədi ilə müraciət etdiklərini bildirmişdi. Lakin, qurum saytımıza açıqlamasında "Turan Tovuz"a bu yöndə maliyyə ayrılmayacağını demişdi. Həmkarımızdan bununla bağlı klub rəhbərliyinin mövqeyini də öyrəndik:
"Bu haqda yekun qərar verilməyib. Mövsüm sonunda hansı addım atacağımıza qərar verəcəyik".
KƏNAN BAHADIR