Premyer-liqa ilə 1-ci liqa arasında böyük uçurum! - bu məsələ necə tənzimlənəcək?

1.11.2026 23:00 135
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, həftə futbol üzrə ölkə kukubokunun 2-ci təsnifat mərhələsinin oyunları keçirildi. Elita təmsilçilərinin əksəri böyükhesablı qələbə qazandı, heç biri məğlub olmadı.

1-ci liqa klublarından “Şahdağ Qusar”, “Gəncəbasar” və “Karvan-Yevlax” 1/8 finala yüksəldi. 2-ci liqa təmsilçilərindən, sadəcə, “Marafon” sensasiyaya imza ataraq “Zaqatala”nı məğlub etməklə növbəti mərhələyə adladı. Premyer-liqa ilə aradakı uçurumu nəzərə alsaq, bu 4 klubun 1/8 finaldan irəli gedəcəyini təsəvvür etmək çətindi. “Böyük beşlik” ölkələrində 3-4-cü liqa təmsilçiləri sensasiyaya imza ata bildiyi, növbəti mərhələyə adladığı halda, bizdə bu niyə mümkün olmur? Oyunların aşağı liqa təmsilçilərinin meydanında keçirilməsi praktikasl niyə kütləvi şəkildə tətbiq olunmur?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Aslan Kərimovla əlaqə saxlayıb:

“Əslində hesab edirəm ki, bu normaldı. Düzdü, ara-sıra bizdə də elə hallar olub ki, 1-ci liqa təmsilçisi premyer-liqa təmsilçisinə qalib gəlib. Amma ümumilikdə səviyyənin bu qədər kəskin fərqlənməsinin əsas səbəbi maliyyə durumudu. Yəni maliyyə imkanlarına görə 1-ci liqa və elita klubları arasında böyük fərqlər var. Buna görə də transfer edilən oyunçuların keyfiyyətində də müəyyən fərqlər özünü büruzə verir. Stadion məsələsinə gəlincə, öz meydanında oynamaq aşağı liqa komandalarına kömək olar. Lakin meydançanın durumu buna imkan vermir. Klubun yaxşı maliyyəsi varsa, təbii ki, stadionunu da yeniləyə və ya təmir edə bilir. Amma təsəvvür edin ki, klubun bəlli bir büdcəsi var (məsələn, 300 min manat). Bu məbləğin hamısını yalnız meydançaya xərcləmək və ya yeni stadion tikmək mümkün deyil, çünki komandanı da saxlamaq lazımdı.

Bu baxımdan hələlik müəyyən çətinliklər var, amma ümid edirəm ki, get-gedə bu fərq aradan qaldırılacaq. Artıq 1-ci liqada da yetərincə büdcəsi olan klublar üzə çıxmağa başlayıb. Bu da gələcəyə daha ümidlə baxmağımıza əsas verir”.


İSRAYIL XEYRULLAYEV