Hamı Qərbi Azərbaycanı təmsil etməyə iddialı klubun futbolçuların maaşının ödəmədiyini bilir. Lakin klub rəhbərliyi vəziyyətdən çıxış yolunu tapıb. Bəzi futbolçular şantaj yolu ilə ələ alınıb. Onlara qiyamı davam etdirəcəkləri təqdirdə ailə üzvlərinin çalışdıqları işlərdən azad olunacaqları bildirilib. Təbii ki, futbolçuların maaşları ödənilib. Bir sıra azad agentlər komandaya cəlb olunur. Bir sözlə, 1-ci liqanın 6-cı turunun bu günə nəzərdə tutulan “İrəvan” – “Şamaxı” matçı baş tutacaq. Bu dəqiqdi.
Klubun futbolçuları tibbi yoxlamadan keçirməsə də, arayışları PFL-ə təqdim etdiyini bildirmişdik. Bununla bağlı quruma rəsmi müraciət etdik. PFL-in texniki-idman direktoru Elgiz Abbasov bizə açıqlamasında bildirdi ki, arayışlar təqdim olunub və heç bir problem yoxdu. Təbii ki, klub hansısa xəstəxana ilə razılıq əldə edərək sənədləri quruma göndərib. Bu böyük saxtakarlıqdı. Sabah həmin oyunçuların səhətində hansısa problem çıxsa, kim cavabdeh olacaq?
Komandanın kapitanı Vüqar Bəybalayev açıq-aşkar bildirir ki, biz yoxlamadan keçməmişik. Hətta zədəli Asim Əlizadə də “CBC Sport”da yayınlanan “90 dəqiqə” verilişində bu fikri ictimaiyyətə açıqladı. Tutaq ki, futbolçulardan biri yalan danışdı. İkisi də eyni səhvi etməz ki. Hər nə isə! Bu məsələ ciddi araşdırılmalıdı. Biz problemi işıqlandırdıq. Qalanını PFL və AFFA düşünsün. Klubdan hesabat tələb etsinlər ki, arayışları necə alıblar. Biz Qərbi Azərbaycan təmsilçisinin rəhbəri Zahid Niyazəliyevlə əlaqə saxladıq. Məsələ ilə bağlı fikrini öyrəndik. Klub prezidenti həmişə olduğu kimi iddiaların yalan olduğunu söylədi. Hətta Vüqar Bəybalayevin yalan açıqlama verdiyini iddia etdi. Tezliklə bütün başverənlərlə bağlı mətbuat konfransı da keçirəcəklərini bildirdi. Amma Zahid bəylə söhbətimizin üstündən 3 gün keçib, ortalıqda heç nə yoxdu.
Ümumiyyətlə, bu yaşananlar göstərdi ki, klubda çalışan peşəkar kadr yoxdu. Mətbuat katibi Mübariz Zeynallı komanda daxilində başverənlərdən xəbərdar deyil. Zahid Niyazəliyev futbolçuları aldadıb. Çünki büdcə ilə bağlanan müqavilələr üst-üstə düşmür. Ümumiyyətlə, klub prezidentinin hərəkətləri, həyatında baş verənlər qaydasında deyil.
Daha bir problemli kadr isə İdarə Heyətinin sədri Zülfüqar Kazımovdu. Klub rəsmisi “sport24.az” saytına yaşananlarla bağlı açıqlama verib:
“Mən sizə nə fikir bildirməliyəm? Komanda “Şamaxı” ilə oyuna çıxacaq. Boykot özü bir cinayətdi. Kimin nə ixtiyarı var boykot etsin? Müəssisədi, sən də işçisən. İşə çıxmalısan ki, nəyisə tələb edəsən. Bura 90-cı illərin Xalq Cəbhəsi deyil ki, dəstə bağlayıb boykot edəsən. Belə şeylər ola bilməz”.
Demokratik ölkədə klubun İdarə Heyətinin sədrinin verdiyi açıqlamaya baxın. Zülfüqar bəy elə düşünür ki, biz monarxiya dövründə yaşayırıq. Azərbaycan vətəndaşlarının seçmək, etiraz etmək hüququ var. Sivil qaydada bütün qurumları, təşkilatları boykot etmək olar.
Bunu da qoyaq kənara. Redaksiyamıza maraqlı informasiya daxil olub. Klubun yaranmasında əsas təşəbbüskar Qərbi Azərbaycan icması olub. Hətta qurumun rəhbəri Əziz Ələkbərli “İmişli” ilə yoxlama görüşünü də izləyib, oyundan sonra futbolçularla görüşüb. Sadəcə, sonradan Zahid Niyazəliyevlə birgə iş görmək istəmədiyini bildirib. Bu səbəbdən də kluba olan dəstək kəsilib. Biz bu məsələlərlə bağlı Qərbi Azərbaycan icmasının mətbuat katibi Ülviyyə Zülfükarla əlaqə saxladıq. Xanım həmkarımız bizə rəsmi açıqlama verəcəyini bildirsə də, sonradan ondan səs-soraq çıxmadı. Əslində məqsəd məlumatı dəqiqləşdirmək istəyirdik. Amma bizə cavab verilmədi.
Bir sözlə, “İrəvan” böyük dərd olub Azərbaycan futbolu üçün. Bunun tək çarəsi var. Zahid Niyazəliyev bu addan imtina etməlidi. Onda bütün problemlər həll olunacaq. Təbii bu, təklifdi. Dəyərləndirib-dəyərləndirməyəcəyini Zahid bəy özü bilər. Amma belə klub idarə etmək əvəzinə kənara çəkilsə, daha hörmətli olar. Bəlkə də Azərbaycan futbolunu böyük biabırçılıqdan qurtarar.
İLKİN SULTANLI






