Fransada 9-cu tur lider dəyişikliyinə səbəb olmadı. “Mets”i qəbul edən “Monako” artıq 4-cü dəqiqədə qol buraxsa da, Qolovinin dublu sayəsində qələbə qazandı.
“Football-plus.az” xəbər verir ki, “Marsel”ə qalib gələn “Nitsa” “knyazlar”dan yalnız 1 xal geri qalır. 3-cü pillədə isə “Strasbur”u darmadağın edən PSJ qərarlaşıb. Yazıcının qolu sayəsində “Brest”ə qalib gələn “Lill” bu komanda ilə 4-5-ci yerləri bölüşür.
“Strasbur”u qəbul edən PSJ artıq 9-cu dəqiqədə Ramuşa qarşı kobudluğa görə penalti qazandı. Mbappe hesabı açandan sonra da Luis Enrikenin komandası topa nəzarəti davam etdirdi. 31-ci dəqiqədə fərq artdı. Kəskin hərəkətlə Perrendən sıyrılan Mbappenin qapıçı meydançasına göndərdiyi ötürməni Soler qola çevirdi. İlk yarıda ciddi üstünlük qazanan çempion 2-ci hissədə tempin aşağı düşməsi fonunda yenə fərqləndi. Kolo Muani – Soler – Ruis kombinasiyasını sonuncu qolla tamamladı.
Evdə “Mets”lə qarşılaşan “Monako” ilk dəqiqələrdən qələbə istəyini ortaya qoydu. Ancaq 4-cü dəqiqədə gözlənilmədən, daha dəqiqi, Fofananın topu itirməsindən sonra qonaqlar fərqləndi. Kamara “knyazlar”ın qapıçısı Kenin xeyli irəli çıxdığını görüb uzaq məsafədən zərbə ilə hesabı açdı. Bundan sonra “qırmızı-ağlar” meydanın rəqibə aid hissəsini “işğal etdi”. Belə ciddi təzyiq hissənin sonunda bəhrə verdi. Cərimə meydançası yaxınlığında topu ələ keçirən Qolovin “9-luğ”a qarşısıalınmaz zərbə vurdu. 2-ci hissənin əvvəlində “Mets” yenə epizodik şəkildə fəallaşdı, amma Ken bir neçə təhlükəli vəziyyətdə inamlı oynadı. Ardından “knyazlar” yenidən təşəbbüsü ələ aldı. 55-ci dəqiqədə Minamino cərimə zərbəsi qazandı. Qolovin 25 metrdən dəqiq zərbə ilə hesabı komandasının xeyrinə dəyişdi. Oyun sona qədər “Monako”nun hücumları şəraitində davam etdi. Mövsümdə 6-cı qələbəsini qazanan komanda vahid liderdi.
“Marsel”i qəbul edən “Nitsa” Gessandın 80-ci dəqiqədə vurduğu qolla qələbə qazandı. Ədalət naminə deyək ki, Cennaro Qattuzonun çalışdırdığı qonaqlar bu oyunda daha yaxşı təsir bağışladı. 74-cü dəqiqədə Obameyanq topu dirəyə vurdu. 4 dəqiqə sonra isə Balerdi meydandan qovuldu və “Marsel” azlıqda qaldı. Say üstünlü dərhal “hesaba köçdü”. Sonradan meydana çıxan Gessand topu başla tora göndərdi.
“Brest”i qəbul edən “Lill”in heyətində 6-cı dəqiqədə Yusuf Yazıcı fərqləndi. Yeganə qolla xalını 15-ə çatdıran Paulo Fonsekanın komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Brest”in də 15 xalı var, sadəcə, əlavə göstəricilərə görə geri qalır.
Turnir cədvəlinin sonuncusu, nə qədər qəribə olsa da, “Lion”du. “Klermon”u qəbul edən “şirlər” 1:2 hesabıyla uduzdu. Cari mövsümdə qələbəsi olmayan yeganə komanda məhz “Lion”du. Baş məşqçi dəyişikliyi də işə yaramır.
Turun qalan oyunlarına gəlincə, “Loryan” evdə “Renn”i, “Nant” isə “Monpelye”ni məğlub etdi. “Tuluza” – “Reyms” oyununda məhsuldar, “Havr” – “Lans” oyununda isə qolsuz “sülh” qeydə alındı.
9-cu tur
Monako – Mets 2:1
Qolovin, 42; 55 – Kamara, 4. (6197)
Monako: Ken, Yakobs, Matsima, Sinqo, Diatta, Minamino (Ben Seqir, 79), Kamara (Akliuş, 46), Qolovin, Fofana, Baloqun (Diop, 89), Ben Yedder (Boadu, 90+3).
PSJ – Strasbur 3:0
Mbappe, 10-p. Soler, 31. Ruis, 77. (41261)
PSJ: Donnarumma, Ernandes (Mukiele, 73), Markinyos, Pereyra, Barkola (Dembele, 66), Soler (Kyurzava, 82), Ruis, Vitinya (Ndur, 82), Mbappe, Ramuş (Kolo Muani, 66), Li Kan İn.
Nitsa – Marsel 1:0
Gessand, 80. (31423)
Nitsa: Bulka, Bar, Dante, Todibo, Lotomba (Rosario, 43), Sanson (Klod-Moris, 72), Ndaişimay, Budaui, Boqa (Perro, 90+5), Moffi (Gessand, 72), Lyabord.
Marsel: Lopes (Blanko, 59), Lodi, Balerdi, Mbemba, Kloss (Murilyo, 46), Ronjye, Unai (Veretu, 56), Sarr, Arit (Meyte, 81), Ndiaye, Obameyanq (Kondoqbia, 81).
Havr – Lans 0:0
(23590)
Loryan – Renn 2:1
Omari, 4-öz qapısına. Ture, 45+1 – Blyas, 21. (16711)
Lill – Brest 1:0
Yazıcı, 6. (34358)
Nant – Monpelye 2:0
Molle, 44. Bamba, 74. (26864)
Tuluza – Reyms 1:1
Dallinqa, 52 – Riçardson, 48. (23895)
Lion – Klermon 1:2
Ojye, 52-öz qapısına – Çam, 10. Manya, 35. (59186)
1. Monako 9 6 2 1 23-12 20
2. Nitsa 9 5 4 0 10-4 19
3. PSJ 9 5 3 1 20-7 18
4. Lill 9 4 3 2 12-10 15
5. Brest 9 4 3 2 9-8 15
6. Reyms 9 4 2 3 15-12 14
7. Nant 9 4 2 3 16-15 14
8. Marsel 9 3 3 3 12-12 12
9. Renn 9 2 5 2 15-12 11
10. Tuluza 9 2 5 2 11-10 11
11. Havr 9 2 4 3 10-12 10
12. Loryan 9 2 4 3 15-19 10
13. Strasbur 9 3 1 5 8-14 10
14. Monpelye 8 2 3 3 12-11 9
15. Lans 9 2 3 4 8-13 9
16. Mets 9 2 2 5 8-16 8
17. Klermon 8 1 2 5 7-13 5
18. Lion 9 0 3 6 7-18 3
Bombardirlər: Mbappe (PSJ) – 8, Məhəmməd (Nant), Adams, Əl-Tamari (hər ikisi “Monpelye”), Ben Yedder (Monako) – 5.
Növbəti turun oyunları oktyabrın 27-29-u aralığında keçiriləcək: Klermon – Nitsa, Reyms – Loryan, Lans – Nant, Brest – PSJ, Lill – Monako, Mets – Havr, Monpelye – Tuluza, Renn – Strasbur, Marsel – Lion.
Turun rəqəmi
417 – Markinyos PSJ formasında keçirdiyi oyunların sayını bu həddə çatdırdı. Oyun sayında italiyalı Verrattini (416) arxada qoyan braziliyalı indi yalnız Jan-Mark Pilorjdan (435) geri qalır. 417 oyunda 38 qol vuran, 10 məhsuldar ötürmə verən Markinyos elə bu mövsüm Pilorju arxada qoya bilər.
Turun ulduzu
Aleksandr Qolovin (Monako) – iki gözəl qolla “knyazlar”ın qələbəsinin əsas memarı oldu. Ümumiyyətlə, rusiyalı yarımmüdafiəçi son iki mövsümdə uzaq məsafədən zərbə ilə vurulan qol sayında (6) “böyük beşlik” ölkələrində hamını arxada qoyur. Onu bu göstəricidə Federiko Valverde (Real) ilə Ten Kopmeyners (Atlanta) izləyir (hərəyə 5 qol).
Turun sitatı
Paulo Fonseka, “Lill”in baş məşqçisi: “Deyilənə görə, “Pyer-Morua” stadionunun (Fransanın 9 stadionunda reqbi üzrə Dünya kuboku keçirilir – red.) qazonu dəyişməyəcək. Mən bunu anlamıram. Futbol haqda da düşünmək lazımdı. Meydan faciəvi durumdadı, burda yaxşı futbol göstərmək mümkün deyil. Futbolçuya necə deyim ki, oyun üslubunu dəyiş?”