Heç bir turnir motivasiyası olmayan komandalar yaxşı oyun göstərdi.
“Football-plus.az” xəbər verir ki, İsveç gözəl əks-hücumdam sonra hesabı açdı. Topu ələ keçirən Dyokereş “yolüstü” Tilemansla Vertongeni arxadan qoyandan sonra Selsi məyus etdi. Belçika komanda şəklində yüksək sürət təklif etməsə də, Manqalya penalti qazandı və Lukaku hesabı bərabərləşdirdi. Hissənin sonunda Forsberq hesabı dəyişmək üçün iki gözəl şans qazandı. Onun ilk zərbəsi tirdən döndü, təkbətək zamanı isə Sels yaxşı oynadı. Tribunalar maraqla 2-ci hissəni gözləyirdilər. Ancaq oyun bərpa olunmadı. Bu oyun hər nə qədər turnir əhəmiyyəti daşımasa da, son söz UEFA-nın olacaq. Oyunu davam etdirmək, yenidən keçirmək və ya başqa münasib variant tapmaq mümkündü. Elə həmin gün güllələnən iki isveçli azarkeşin isə artıq bu variantdan xəbəri olmayacaq. Brüsseldə nə və necə baş verdi? İki azarkeşin ölümünə səbəb olan hadisənin təfərrüatı ilə aşağıdan tanış ola bilərsiz.
● Terrorçu İsveç yığmasının iki azarkeşini öldürüb, daha bir şəxsi yaralayıb. Cinayətin dini zəmində baş verdiyini bildirilir. Oyun artıq başlayandan sonra (yerli vaxtla 19.15-də) iki şəxsi qətlə yetirən cinayətkar dərhal tapılmadığını görə şəhərdə yüksək təhlükə rejimi elan olunub. Terrorçu azarkeşlərə taksidən düşdükləri anda atəş açıb.
● Qatil özünü İŞİD üzvü adlandırıb. Onun yeri yalnız səhər saatlarında polisə zəngdən sonra aşkarlanıb. Terrorçu polislə atışma zamanı sinəsindən yara alıb və təcili yardım maşınında ölüb.
● Oyunu dayandırmaq qərarı fasilədə - polisin komandalarla müzakirəsindən sonra verilib. Həmin vaxt həm də bütün tamaşaçıların təhlükəlizlik mülahizələrinə görə stadionda qalması qərara alınıb. Axı tribunalarda 700-ə yaxın isveçli azarkeş də var idi. Oyun dayanandan təxminən iki saat sonra azarkeşlərin stadiondan evakuasiyası başlayıb, sonuncu isveçlilər stadionu Bakıda səhər 5 olanda tərk edib.
Hadisə harda baş verib?
Hadisə oyunun keçirildiyi “Kral Boduen” stadionunun 5 kilometrliyində baş verib. Şahidlərin dediyinə görə, üzərində İsveç yığmasının atributları olan azarkeşlərə atəş açan şəxs ərəb dilində Allahla bağlı nəsə deyirmiş. Onun “Kalaşnikov” avtomatından atəş açdığı və hadisədən dərhal sonra qaçıb gizləndiyi deyilir.
Qatil haqda nə məlumdu?
Terror aktını Belçikanın Sharbek kommunasından olan Abdesalem L. törədib. Baş nazir Aleksandr de Kronun dediyinə görə, Tunis əsilli kişi Belçikaya qeyri-leqal şəkildə daxil olub, radikal islamçıymış. Terrorçu sosial şəbəkədə yerləşdirdiyi çarxda inanclarına görə üç isveçlini öldürdüyünü etiraf edir. Özünü İŞİD üzvü adlandıran Abdesalem kafirləri öldürdüyünü, müsəlmanların qisasını almaq istədiyini deyir.
Maraqlıdı ki, Abdesalem L. bir qədər əvvəl sosial şəbəkədə paylaşdığı postda ABŞ-da sığınacaq alan fələstinli ailənin 6 yaşlı oğlunun qətlə yetirilməsinə yer verib. Həmin uşağı öldürən 71 yaşlı amerikalı kişi – ev sahibi hərəkətini HƏMAS-la İsrail arasındakı münaqişə ilə izah edib. Abdesalem uşağın şəklinin altında belə yazıb: “Bu uşağı ABŞ-da öldürüblər, 26 bıçaq zərbəsi ilə. Uşaq müsəlman olduğuna görə bu qətli amansız cinayət adlandırdılar. Öldürülən oğlan xristian, qatil müsəlman olsaydı, buna terror deyəcəkdilər”.
Belçikanın baş naziri həmçinin terrorla mübarizənin zəruruliyindən danışıb: “Brüsseldə İsveç vətəndaşlarına qorxunc hücumla bağlı elə indicə İsveçin baş nazirinə səmimi başsağlığı mesajımı çatdırdım. Yaxın tərəfdaşlar kimi birlikdə terrorçuluğa qarşı mübarizə aparmalıyıq”.
Səhər saat 6-da keçirilən mətbuat konfrasında Belçikanın ədliyyə naziri bildirib ki, tunisli 2019-un noyabrında sığınacaq almaq üçün müraciət etsə də, 2020-nin oktyabrında onun müraciətinə “yox” cavabı verilib. Polis onun varlığından xəbərdar olub, çünki adam qaçaqmalçılığı ilə məşğul imiş və ölkə ərazisində qeyri-qanuni yaşayırmış. Polisdə onun radikal əhval-ruhiyyəsi ilə bağlı müəyyən bilgi olsa da, açıq şəkildə ifadə etmədiyindən həbsi üçün əsas tapılmayıb.
Şübhəli şəxs yalnız səhər 8 radələrində aşkarlanıb və güllələnib. Daha doğrusu, polislə atışma zamanı sinəsindən yaralanıb. Üzərində qətliamı həyata keçirdiyi silah da tapılıb. Daxili işlər naziri onu da bildirib ki, polis cinayətin təkbaşına törədilmədiyini güman edir. Çox güman, onun yanında hərəkətlərini lentə alan adam da olub.
Oyun necə dayandırıldı?
İsveç Futbol İttifaqının sədri Frederik Reynfeldin dedikləri: “Futbolçular oyunu davam etdirməməyə qərar verib. Burda 700 isveçli azarkeş var idi, onların təhlükəsizliyi təmin olunmalıydı. Polis dedi ki, stadion ən təhlükəsiz yerdi. Futbolçular hadisədən yalnız fasilə zamanı xəbər tutdu”.
Həmin vaxt stadionda olan bir çox azarkeş hadisədən xəbər tutmayıb, onlar sosial şəbəkələrdə nəyin baş verdiyini, 2-ci hissənin niyə başlamadığını soruşurdular. Hətta stadionda müəyyən panika da hökm sürüb. Azarkeşlərin bir qismi stadionu tərk etmək istəsə də, diktor onları yerlərində qalmağa çağırıb. Hakimiyyət orqanları şəhərdə vəziyyət tam nəzarət altına alınana qədər azarkeşləri stadiondan buraxmayıb. İsveçli qonaqlar səhər saatlarına qədər tribunalarda olub. Onların yaşadığı otellərin mühafizəsi üçün əlavə qüvvə ayrılıb.
Reaksiyalar
Yanne Andersson, İsveç yığmasının baş məşqçisi: “Çox məyusuq, gözümüzdən yaş axır. Fasilədə aldığımız bu qeyri-adi xəbər bizi kədərləndirdi. Futbolçular daha oynamaq istəmədi. Biz hansı dünyada yaşayırıq? Həlak olanların ailələrinə başsağlığı veririk”.
Viktor Lindelöf, İsveç yığmasının kapitanı: “Razılaşdıq ki, oyunu davam etdirməyin mənası yoxdu. Belçikalılar da belə hesab etdi ki, bu, yeganə mümkün variantdı. Ən vacib məqam budu ki, azarkeşlər təhlükəsiz şəraitdə olsun. Stadion onlar üçün ən təhlükəsiz yerdi”.
F qrupu
Azərbaycan – Avstriya 0:1 (0:0)
Belçika – İsveç 1:1 (1:1)
Belçika: Sels, Kastan, Teate, Vas, Vertongen, Manqalya, Tilemans, Karrasko, De Ketelare, Bakayoko, Lukaku.
İsveç: Ulsen, Valkvist, Lindelöf, Helander, Auqustinsson, Svanberq, Kayuste, Ekdal, Forsberq, Kulusevski, Dyokereş.
Qollar: Dyokereş, 15 (0:1). Lukaku, 31-p. (1:1)
Vərəqə: Svanberq, 36 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
16 oktyabr. Brüssel.
1. Belçika 6 5 1 0 16-3 16
2. Avstriya 7 5 1 1 15-7 16
3. İsveç 5 2 0 3 11-8 6
4. Azərbaycan 6 1 1 4 4-12 4
5. Estoniya 6 0 1 5 2-18 1
16 noyabr: Azərbaycan – İsveç, Estoniya – Avstriya.
Fakt
Belçika yığmasında 79-cu qolunu vuran Lukaku Neymar (Braziliya) və Qodfri Çitaluya (Zambiya) çatmaqla onlarla 9-cu yeri bölüşür. Milli komandada qol sayına görə dünya rekordçusu Kriştiano Ronaldodu. Portuqaliyalı 127 dəfə fərqlənib. Ondan sonra gələnlər: Əli Daei (İran) – 108, Lionel Messi (Argentina) – 104, Sunil Çhetri (Hindistan) – 93, Mohtar Dohari (Malayziya) – 89, Ferents Puşkaş (Macarıstan) – 84, Əli Mabhut (BƏƏ), Robert Levandovski (Polşa) – 81.