Stroll yazılı xəbərdarlıq aldı

18.10.2023 22:15 170
İdman
Lens Stroll “Formula-1” üzrə dünya çempionatının Qətər mərhələsində trassdakı uğurları ilə yox, onun hüdudlarından kənarda sərhədsiz davranışı ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, “Aston Martin”in pilotu təsnifat mərhələsində 2-ci mərhələyə adlaya bilmədiyinə görə necə qəzəblənibsə, maşının sükanını yerindən çıxarıb və məşqçisi, həm də fizioretapevti olan Henri Hounu kobud şəkildə itələyib.

Təbii ki, bu hərəkət avtoidman dünyasının rəhbər orqanının gözündən qaçmayıb. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yaydığı açıqlamadan aydın olur ki, Lens yazılı xəbərdarlıq alıb və hərəkətinə görə üzr istəyib:
“Biz onu təsdiq edirik ki, federasiyanın hüquqi məsələlər üzrə əməkdaşı Lens Strolldan Qətər “Qran-pri”sindəki hərəkətlərinə görə üzrxahlıq məktubu alıb. Əməkdaşımız üzrxahlığı qəbul edib, Lensə yarış iştirakçısı kimi öhdəliklərini, idman qaydalarında nəzərdə tutulan etika və davranış prinsiplərinə əməl etməli olduğunu xatırladıb. FIA qaydalar çərçivəsində olmayan davranışa qəti dözümsüzlüyük prinisipinə söykənir, istənilən belə davranışı mühakimə edir”.