A seriyasının 8-ci turunda qeydə alınan nəticələrdən sonra ikihakimiyyətliliyə son qoyuldu.
"Football-plus.az" xəbər verir ki, “İnter”in büdrəməsindən yararlanan “Milan” bu mövsüm ilk dəfə vahid lider oldu. Əlbəttə, “Napoli”nin evdə uduzması və “Yuventus”un Turin derbisində növbəti qələbəsi də diqqətdən yayına bilməz.
Əvvəlki turda inamlı qələbələr qazanan milanlılar şərikli liderliyini davam etdirmişdilər. Amma bu dəfə belə olmadı. 6-cı turun ev oyununda “Sassuolo”ya uduzan (1:2) “İnter” vahid liderliyi əldən vermişdi. Maraqlıdı ki, “qara-göylər” yenə öz meydanında xal itirdilər. Halbuki “Bolonya” ilə oyun onlar üçün çox yaxşı başlamışdı: Simone İnzaqinin komandası artıq 13-cü dəqiqədə qapıya iki dəfə yol tapmışdı. Amma rəqib çox keçmədən fərqi azaltmağa müvəffəq oldu. Bununla belə, ev sahiblərinin qalan vaxtda asanlıqla qalib gələcəklərini düşünmək olardı. Milanlıların bunun üçün bir neçə şansı olsa da, imkanlar boşa verildi. Fasilədən sonra cəsarətli oyun sərgiləyən “Bolonya” hesabı bərabərləşdirməyi də bacardı. “İnter”in yenidən önə keçmək üçün kifayət qədər vaxtı olsa da, qonaqlar qapısının toxunulmazlığını təmin etməyi bacardılar. Evdə iki xal itirmək İnzaqinin komandasına 1-ci yeri əldən vermək bahasına başa gəldi.
Ona görə ki, əzəli rəqib qalib gəlməklə vahid liderliyə nail oldu. “Milan”ın Genuyaya səfəri heç də asan keçmədi. Meydan sahibləri ölkə nəhəngi ilə uzun müddət ciddi rəqabət aparmağı bacardılar. Stefano Pyoli həftəiçi Çempionlar Liqasının Dortmundda keçirilən oyununda “Borussiya”dan xal (0:0) almaq üçün heç də az enerji itirməyən bir sıra aparıcı oyunçulara az-çox istirahət imkanı verməyi lazım bilmişdi. O, komandasının mümkün xal itkisindən qaçmaq üçün fasilədən sonra Pulişiç, Leao və Jiru kimi vacib futbolçuları meydana buraxmalı oldu. Əsas vaxtın sonuna yaxın Pulişiç “Milan”ı hesabda önə keçirdi. Hakimin əlavə etdiyi vaxtda hər iki komandanın qapıçısının kobud oyuna görə meydandan qovulması son dıqiqələri daha da maraqlı etdi. Menyan qırmızı vərəqə alarkən Pyoli 5 əvəzləmə şansından istifadə etmişdi. Belə vəziyyətdə qapıçı funksiyasını Jiru üzərinə götürdü. Fransalı hücumçu rəqibin bir zərbəsini dəf etməklə komandasının 3 xal qazanmasında rol oynadı. Yeri gəlmişkən, “Milan” növbəti turda “Yuventus”la qarşılaşacaq. Prinsipial və vacib oyunda Menyandan başqa növbəti xəbərdarlığı alaraq cəzalı duruma düşən müdafiəçi Ernandes də iştirak edə bilməyəcək.
Tura 14 xalla başlayan üç komandadan ikisi Neapolda qarşılaşdı. “Napoli” mövsümün əvvəlində çox yaxşı təsir bağışlayan “Fiorentina”dan xal ala bilmədi. Maraqlıdı ki, son çempion A seriyasında ikinci məğlubiyyətini də Dieqo Maradona adına stadionda aldı. Florensiyalılar rəqibi effektli oyun hesabına məğlub edərək 4-cü yerə yüksəldilər. Əvvəlki simasından uzaq görünən Rudi Qarsiyanın komandası isə liderdən 7 xal geri düşməklə 5-ci yerə gerilədi.
3-cü yeri “Yuventus” ələ keçirdi. “Qoca sinyora” derbiyə Kyeza və Vlahoviç kimi aparıcı hücumçularsız çıxsa da, fasilədən sonra “Torino”nun müdafiə xəttini yara bildi. Qatti ilə Milikin qolları ev sahiblərinin inamlı qələbəsini təmin etdi. “Yuventus” derbidə 2015-ci il aprelin 26-dan sonra başlayan məğlubiyyətsiz seriyasını 19 oyuna çatdırdı. Ölkə nəhəngi ötən müddətdə çempionat və ölkə kuboku matçlarında əzəli rəqibinə 15 dəfə qalib gəlib və 4 oyun heç-heçə nəticələnib.
Tur paytaxt təmsilçiləri üçün uğurlu alındı. “Latsio” evdə “Atalanta” ilə dramatiik mübarizədən 3:2 hesabıyla qalib ayrıldı. “Qartallar” turnir cədvəlindəki yerini az da olsa yaxşılaşdırdılar. “Roma” isə səfərdə “Kalyari”ni darmadağın etdi – 4:1. Bu qələbələrə baxmayaraq, romalılar hələ də ad və potensiallarına uyğun olan yerlərdə görünmürlər. “Roma” 10-cu, “Latsio” isə 13-cü yerdədi. Başqa sözlə, paytaxt klubları zirvə yarışına qoşulmaq üçün hələ çox çalışmalı olacaqlar.
8-ci tur
İnter – Bolonya 2:2
Açerbi, 11. Lautaro Martines, 13 – Orsolini, 19-p. Zirkzee, 52. (74072)
İnter: Zommer, A.Bastoni, Açerbi, Pavar, Dimarko (Auqusto, 55), Dyumfris (Kuadrado, 55), Barella, Mxitaryan (Frattezi, 76), Çalhanoğlu (Asllani, 83), Lautaro Martines, Türam (Sançes, 55).
Cenoa – Milan 0:1
Pulişiç, 87. (33157)
Milan: Menyan, Ernandes (Bertezaqi, 90+3), Tomori, Tiav, Florentsi (Kalabriya, 66), Reynders, Adli (Jiru, 66), Musa, Çukvueze (Leao, 46), Okafor (Pulişiç, 46), Yoviç.
Yuventus – Torino 2:0
Qatti, 47. Milik, 62. (38858)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Kambyaso, 76), Lokatelli, Rabyo, Makkenni, Vea, Miretti (Milik, 46), Ken (Yıldız, 86).
Latsio – Atalanta 3:2
De Ketelare, 5-öz qapısına. Kastelyanos, 11. Vesino, 83 - Ederson, 33. Kolaşinats, 63. (41000)
Latsio: Provedel, Hüsay, A.Romanyoli, Kazale, Maruşiç, Luis Alberto (Vesino, 55), Rovella (Kataldi, 77), Genduzi (Kamada, 64), Zakkanyi (Pedro, 55), Felipe Anderson (İsaksen, 78), Kastelyanos.
Atalanta: Musso, Skalvini, Kolaşinats, Cimşiti, Rucceri (Bakker, 81), Ederson, De Roon, Zappakosta (Holm, 81), Paşaliç (Koopmeyners, 46), De Ketelare (Muriel, 70), Skamakka (Lukmen, 60).
Kalyari – Roma 1:4
Nandes, 86-p. - Auar, 19. Lukaku, 20; 59. Belotti, 51. (16307)
Roma: Patrisio, Ndika, Kristante, Mançini, Spinatsola, Auar (Paqano, 69), Paredes (Çelik, 79), Bove, Karsdorp (Kristensen, 69), Dibala (Belotti, 40), Lukaku.
Napoli – Fiorentina 1:3
Osimhen, 45+5-p. – Brekalo, 7. Bonaventura, 63. Qonsales, 90+3. (45000)
Napoli: Meret, Olivera, Natan, Estiqor, Di Lorentso, Zyelinski (Lindstrem, 76), Lobotka (Simeone, 77), Zambo Angissa (Raspadori, 32), Kvaratsxeliya, Politano (Kayuste, 57), Osimhen (Qaetano, 77).
Fiorentina: Terraçano, Parizi, Lisandro Martines, Milenkoviç, Kayode (Ranyeri, 82), Dunkan (Mandraqora, 83), Artur ((İnfantino, 83), Brekalo (Qonsales, 73), Bonaventura, İkone (Komutso, 83), Nzola.
Empoli – Udineze 0:0
(7128)
Leççe – Sassuolo 1:1
Krstoviç, 48 – Berardi, 22-p. (26160)
Montsa – Salernitana 3:0
Kolpani, 9. Vinyato, 18. Pessina, 82-p. (12494)
Frozinone – Verona 2:1
Reynyer, 45+1. Sule, 66 – Curiç, 90+4. (13034)
1. Milan 8 7 0 1 16-8 21
2. İnter 8 6 1 1 21-5 19
3. Yuventus 8 5 2 1 14-6 17
4. Fiorentina 8 5 2 1 18-11 17
5. Napoli 8 4 2 2 17-9 14
6. Atalanta 8 4 1 3 13-8 13
7. Montsa 8 3 3 2 8-7 12
8. Frozinone 8 3 3 2 11-11 12
9. Leççe 8 3 3 2 9-10 12
10. Roma 8 3 2 3 19-12 11
11. Bolonya 8 2 5 1 8-6 11
12. Sassuolo 8 3 1 4 12-14 10
13. Latsio 8 3 1 4 10-12 10
14. Torino 8 2 3 3 6-9 9
15. Cenoa 8 2 2 4 10-12 8
16. Verona 8 2 2 4 5-8 8
17. Udineze 8 0 5 3 4-12 5
18. Empoli 8 1 1 6 1-16 4
19. Salernitana 8 0 3 5 4-17 3
20. Kalyari 8 0 2 6 3-16 2
Bombardirlər: Lautaro Martines (İnter) - 10, Osimhen (Napoli) - 6, Berardi (Sassuolo), Qonsales (Fiorentina), Lukaku (Roma) - 5.
Növbəti turun oyunları oktyabrın 21-23-ü aralığında keçiriləcək: Verona - Napoli, Torino - İnter, Sassuolo - Latsio, Roma - Montsa, Salernitana - Kalyari, Bolonya - Frozinone, Atalanta - Cenoa, Milan - Yuventus, Udineze – Leççe, Fiorentina - Empoli.
Turun rəqəmi
3 - Lautaro Martines mövsümün əvvəlində yüksək məhsuldarlıq nümayiş etdirir. Artıq onun hesabında 10 qol var. Dünya çempionu “İnter”in tarixinə İtaliya çempionatının ilk 8 turunda ikirəqəmli ədədə bərabər sayda qol vuran 3-cü oyunçu kimi düşdü. Bunadək belə göstəriciyə 1935/36 mövsümündə Cüzeppe Meatsa (11) və 1958/59 mövsümündə Antonio Ancelillo (16) nail olmuşdular.
Turun ulduzu
Lüis Ferqyuson (Bolonya) – “Bolonya”nın səfərdə “İnter”dən xal almasında onun rolu çox oldu. Ferqyuson bu mövsüm ən yaxşı oyununu keçirdi. Müdafiəyə yardım etdi, hücumlara dəstək verdi, bir neçə dəfə kobudluğa məruz qalmaqla komandası üçün cərimə zərbəsi qazandı və topla səliqəli davranışı ilə də yadda qaldı. Orsolini 24 yaşlı şotlandiyalı yarımmüdafiəçinin qazandığı penalti ilə fərqi azaltdı, Zirkzee isə Lüisin ötürməsi ilə hesabı bərabərləşdirdi.
Turun sitatı
Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “Komandamızda belə hal baş verməmişdi. Pulişiç qapıda dayanmaq istəyirdi, amma ona boyunun balaca olduğunu dedik. Bu səbəbdən əlcəklər Jiruya qismət oldu. Matç ərzində çox qeyri-adi hadisələr baş verdi. İşimizin çətin olacağını bilirdik, amma sona qədər çətinliklərə tab gətirə bildik. “Cenoa” üzərindəki qələbəmiz mentallıq, xarakter və güc amilinin zəfəridi. Futbolçularımızdan çox razıyam”.