“Mançester Siti” bu dəfə “Nottingem Forest”i məğlub etməklə liderliyini qorudu. Ancaq Rodrinin fasilədən dərhal sonra qovulması Qvardiolanın əhvalını korladı. Evdə “Vest Hem”i məğlub edən “Liverpul” liderlə 2 xal fərqini qorudu. Bütün turnirləri nəzərə alsaq, ardıcıl 13-cü oyunda məhsuldar hərəkətlə yadda qalan Salah xoş seriyanı davam etdirdi. “Arsenal”la “Tottenhem” turun mərkəzi oyununda heç-heçəyə razılaşdı. Evdə “Aston Villa”ya uduzan “Çelsi” yenə azarkeşlərini məyus etdi. Birmingemlilər bu qələbə sayəsində top-6-ya yüksəldi. “Brayton”, ümumiyyətlə, ilk “3-lüy”ə daxil oldu. “Vulverhempton”dan xal qoparmağı bacaran “Luton” sonuncu yerdən uzaqlaşa bildi. Artıq həmin pillədə evdə “Nyukasl”dan 8 cavabsız top buraxan “Şeffild Yunayted” qərarlaşıb. Çempionşipin ötənilki təmsilçisi “Bernli” isə MY-yə minimal hesabla uduzdu. İndi düşmə zonasında məhz aşağıdan gələnlərin – “Luton”, “Bernli” və “Şeffild “Yunayted”in qərarlaşması maraqlı məqamdı. Ortabablar – “Kristal Pelas”la “Fulhem” bir-birinin qapısına yol tapa bilmədi. “Everton” isə səfərdə möhkəm “Brentford”u məğlub etməyi bacardı.
Turun mərkəzi oyunu Şimali London derbisi idi. İlk yarının ortalarına qədər “Arsenal” aşkar üstün idi – pressinq hesabına rəqibi müdafiədən çıxmağa qoymurdu. Bunun da nəticəsi kimi hissənin ortalarında “topçular” irəli çıxdı. Sakanın zərbəsindən sonra Romeronun ayağından səkən top tora daxil oldu. Fasiləyə yaxın “Tottenhem” oyununu tapdı və təhlükəli vəziyyətlər yaratmağa başladı. 42-ci dəqiqədə Son Meddisonun asmasını qolla tamamladı. 2-ci hissə də qolla başladı. Romeronun cərimə meydançasında əllə oynamasına görə təyin olunan penaltini Saka dəqiq yerinə yetirdi. Ancaq “mahmızlar” bu dəfə də hesabı tez bərabərləşdirdi. Yenə Meddison – Saka tandemi qolu yaratdı. Bundan sonra ciddi qol vəziyyətləri qeydə alınmadı.
Liderlə 2 xal fərqini qoruya bilən yeganə komanda “Liverpul” oldu. “Qırmızılar” evdə “Vest Hem”in öhdəsindən gəldi. 15-ci dəqiqədəki sürətli hücum zamanı Aqerd Salahı yıxdı. Misirli penalti ilə hesabı açdı. Fasiləyə yaxın “çəkicdöyənlər” gözlənilmədən hesabı bərabərləşdirdi – Bouen Van Diyki qabaqladı. 2-ci hissədə meydanda yalnız “Liverpul” var idi. 60-cı dəqiqədə Nunyes hesabı dəyişdi. 3-cü qolu isə Kloppun komandası sonda vurdu. Künc zərbəsinin ardından Jota fərqləndi və “Liverpul” premyer-liqada ardıcıl 5-ci qələbəsini qazandı.
“Brayton” “Bornmut”la oyunda əzmkar qələbəyə sevindi. Hesabı qonaqlar açsa da, “qağayılar” uzatma dəqiqələrində tablodakı rəqəmləri eyniləşdirdi. 2-ci hissə başlayandan 17 saniyə sonra artıq Mitoma meydan sahiblərini irəli çıxardı. 77-ci dəqiqədə daha bir qol vuran yaponiyalı oyunun taleyini həll etdi.
“Nottingem Forest”i qəbul edən MS artıq 14-cü dəqiqədə iki top öndə idi. Foden hesabı açdı, Holann fərqi artırdı. Hissənin qalan dəqiqələrində “Siti” oyuna tam nəzarət etsə də, təhlükəli vəziyyətlər yarada bilmədi. Fasilədən dərhal sonra heç nədən “qırmızı” alan Rodri komandasını azlıqda qoydu. “Meşəçilər”in sərəncamında hesabı dəyişmək üçün tam bir hissə var idi. Ancaq onlar bunu bacarmadı. Əksinə, 78-ci dəqiqədə Holann fərqi daha da artıra bilərdi.
Kadr problemləri üzündən zəifləyən MY bu tur hesabında yalnız 1 xal olan “Bernli”nin qonağı idi. Meydan sahibləri debütdə iki gözəl imkanı əldən verdi. 10-cu dəqiqədə Onana Amduninin çətin zərbəsinin qarşısını aldı, 7 dəqiqə sonra isə Zəki dirəyi “nişan aldı”. 45-ci dəqiqədə MY çox arzuladığı qolu vurdu. Evansın ötürməsindən sonra Fernandeş fərqləndi. “Yunayted” 2-ci hissədə hesabı qorumaq üçün oynadı və bunu bacardı.
Vəssalam, daha xal xanasında “0” yazılan komanda qalmadı. Buna qədər bütün oyunlarda uduzan “Luton” “Vulverhempton”dan xal ala bildi. “Canavarlar” 2-ci hissənin əvvəlində Netu ilə hesabı açsalar da, 15 dəqiqə sonra Morris penaltini dəqiq yerinə yetirdi.
“Şeffild Yunayted” bu turu bir daha xatırlamaq istəməyəcək. “Nyukasl” istənilən zövqə uyğun qol vurdu. Darmadağının əsasını 21-ci dəqiqədə Lonqstaff qoydu. “Sağsağanlar” sona qədər daha 7 qol vurdu, özü də ayrı-ayrı futbolçular fərqləndi.
“Kristal Pelas”la “Fulhem”in oyununda qol vurulmadı. “Bağbanlar” oyunboyu daha yaxşı təsir bağışladı. “Brentford” – “Everton” oyununda isə kiçik sensasiya baş verdi. “Arılar” favorit sayılsa da, Liverpul klubu mövsümdə ilk qələbəsini qazana bildi. Komandalar ilk yarıda hərəyə bir qol vurdu. Amma Tarkovski ilə Kalvert-Lüinin 4 dəqiqə aralığında vurduğu iki qola “Brentford” cavab verə bilmədi.
“Çelsi” indi azarkeşlərinə yalnız məyusluq yaşadır. “Aston Villa” ilə oyun da bu mənada istisna olmadı. Budəfəki məğlubiyyət ilk növbədə 58-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulan Hüstonun vicdanına yazılmalıdı. Azlıqda qalan “zadəganlar” 73-cü dəqiqədə Uotkinsin qoluna mane ola bilmədi.
6-cı tur
Mançester Siti – Nottingem Forest 2:0
Foden, 7. Holann, 14. (53413)
MS: Ederson, Qvardiol, Diaş, Akanci, Uoker, Nunyeş, Rodri, Dokyu (Fillips, 51), Alvares (Ake, 57), Foden (Qriliş, 86), Holann.
Arsenal – Tottenhem 2:2
Romero, 26-öz qapısına. Saka, 54-p. – Son Hın Min, 42; 55. (60156)
Arsenal: Rayya, Zinçenko, Qabriel, Saliba, Uayt, Edeqor, Rays (Jorjinyo, 46), Vieyra (Haverts, 46), Nketia, Jezus (Nelson, 77), Saka (Smit-Rou, 90+7).
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Porro, Sarr, Bissuma, Son Hın Min (Rişarlison, 79), Meddison (Heybyerq, 78), Kulusevski, Conson (Solomon, 63).
Liverpul – Vest Hem 3:1
Salah, 16-p. Nunyes, 60. Jota, 85 – Bouen, 42. (50136)
Liverpul: Alisson, Robertson, Van Diyk, Matip, Qomes, Makallister (Endo, 88), Soboslai, Cons (Qrevenberh, 77), Dias (Jota, 81), Nunyes (Qakpo, 81), Salah.
Bernli – Mançester Yunayted 0:1
Fernandeş, 45. (???)
MY: Onana, Regilon (Varan, 79), Evans (Amrabat, 89), Lindelöf, Dalot, Maktominey, Kazemiro, Mejbri, Fernandeş, Reşford, Heylunn.
Çelsi – Aston Villa 0:1
Uotkins, 73. (39700)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Hüsto, Qallaher, Kaysedo (Broya, 79), Mudrik (Çiluell, 61), Fernandes (Uqoçukvu, 68), Sterlinq, Cekson (Palmer, 68).
Luton – Vulverhempton 1:1
Morris, 65-p. – Netu, 50. (10893)
Kristal Pelas – Fulhem 0:0
(25072)
Brentford – Everton 1:3
Yensen, 28 – Dukure, 6. Tarkovski, 67. Kalvert-Lüin, 71. (???)
Brayton – Bornmut 3:1
Kerkej, 45+2-öz qapısına. Mitoma, 47; 77 – Solanke, 25. (31617)
Şeffild Yunayted – Nyukasl 0:8
Lonqstaff, 21. Bern, 31. Botman, 35. Uilson, 56. Qordon, 61. Almiron, 68. Gimarayns, 73. İsak, 87. (???)
1. Mançester S. 6 6 0 0 16-3 18
2. Liverpul 6 5 1 0 15-5 16
3. Brayton 6 5 0 1 18-8 15
4. Tottenhem 6 4 2 0 15-7 14
5. Arsenal 6 4 2 0 11-6 14
6. Aston Villa 6 4 0 2 12-10 12
7. Vest Hem 6 3 1 2 11-10 10
8. Nyukasl 6 3 0 3 16-7 9
9. Mançester Y. 6 3 0 3 7-10 9
10. Kristal Pelas 6 2 2 2 6-7 8
11. Fulhem 6 2 2 2 5-10 8
12. Nottingem F. 6 2 1 3 7-9 7
13. Brentford 6 1 3 2 9-9 6
14. Çelsi 6 1 2 3 5-6 5
15. Everton 6 1 1 4 5-10 4
16. Vulverhempton 6 1 1 4 6-12 4
17. Bornmut 6 0 3 3 5-11 3
18. Luton 5 0 1 4 3-11 1
19. Bernli 5 0 1 4 4-13 1
20. Şeffild Y. 6 0 1 5 5-17 1
Bombardirlər: Holann (MS) – 8, Son Hın Min (Tottenhem) – 5.
Növbəti turun oyunları sentyabrın 30-u – oktyabrın 2-si aralığında keçiriləcək: Aston Villa – Brayton, Everton – Luton, Nyukasl – Bernli, Mançester Yunayted – Kristal Pelas, Vulverhempton – Mançester Siti, Vest Hem – Şeffild Yunayted, Bornmut – Arsenal, Tottenhem – Liverpul, Nottingem Forest – Brentford, Fulhem – Çelsi.
Turun rəqəmi
13 – “Çelsi”nin ilin əvvəlindən bəri qol vura bilmədiyi oyunların sayı bu həddə çatdı. Artıq antirekordun təkrarlanmasına az qalır. London klubu 1995-ci ildə 14 premyer-liqa oyununda fərqlənə bilməyib.
Turun ulduzu
Kiran Trippyer (Nyukasl) – darmadağına üç məhsuldar ötürmə ilə töhfə verdi. Onun ötürmələrindən sonra Bern, Botman və Uilson fərqləndi. Rəqib hər nə qədər pis müdafiə olunsa da, “Nyukasl”ın kapitanının əməyini qeyd etmək lazımdı.
Turun sitatı
Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Əlsiz müdafiəçilər yaratmağa başlamasaq, anlamıram ki, cərimə meydançasında topu necə bloklamaq və təbii vəziyyətdə qalmaq olar. Əvvəllər hakimlərlə bu haqda artıq danışmışam. Düzünə qalsa, onların belə məqamları necə təfsir etdiyini bilmirəm. Əllə oyun qaydalarını anlamıram. İndi top ələ dəydisə, penalti verirlər. Zərbə hətta 1 metrdən vurulanda da”.
Faktlar
* MY-nin start heyətində 10 müxtəlif ölkədən futbolçu var idi. 2013-ün dekabrından bəri ilk dəfə belə hal baş verdi: Onana (Kamerun), Dalot, Fernandeş (Portuqaliya), Lindelöf (İsveç), Evans (Şimali İrlandiya), Regilon (İspaniya), Mejbri (Tunis), Kazemiro (Braziliya), Maktominey (Şotlandiya), Reşford (İngiltərə), Heylunn (Danimarka).
* “Nyukasl”ın 8 qolunun hər birini fərqli futbolçu vurdu. Bu isə premyer-liqa tarixində ilk haldı. Həmçinin “Şeffild Yunayted” tarixinin ən böyükhesablı məğlubiyyəti ilə barışdı. 1933-cü ilin noyabrında “Midlsbro”ya 3:10 uduzan komanda həmin vaxtdan bəri ilk dəfə bir oyunda minimum 8 qol buraxdı.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “İlk yarıda çox yaxşı oynadıq, 2-ci hissədə isə mətanətlə dözdük. 51-52 dəqiqə azlıqla oynamaq asan deyildi. Ancaq fantastik təsir bağışladıq. Fiziki cəhətdən hazırlıqlı, çox qaçan rəqibə qarşı 1-ci hissədə ideal oynadıq. İndi artıq növbəti oyun üçün bərpa olunmalıyıq”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Əlbəttə, bu qələbə bizim üçün zəruri idi. Komanda ruhu, futbolçuların birlikdə mübarizə aparmaq həvəsi məni heyran etdi. 11 nəfərlə hücum etdik, 11 nəfərlə müdafiə olunduq. Zədələr, hakim qərarları əleyhimizə idi. Ancaq mübarizə aparmaq və vəziyyəti dəyişmək üçün imkan tapmaq lazımdı. Hər oyunda yaxşı bölümlərimiz olur. Qələbə qazanmaq üçün isə sabitlik lazımdı. Bu gün bütün oyunu yaxşı keçirdik. Ötən mövsüm “quru” oyunların sayına görə lider idik. İntizamlı oynayır, qaydalara əməl edirdik. Belə oynayanda MY-nin qarşısına çıxmaq çətindi”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Əlbəttə, 3 xal qazana bilmədiyimizə görə məyusuq. Xüsusən də iki dəfə hesabda irəli çıxmağın fonunda. Jezus hesabı 2:0 etməli olduğu halda qapımızdan cavab qolu buraxdıq. Buraxdığımız ikinci qol komandaya emosional cəhətdən təsir etdi. Sonra oyun əks-hücum xarakteri aldı. “Tottenhem”ə qarşı oynayırsansa, belə futbol həmişə risklidi. Hücumda ustalığımız çatmadı. Bununla belə, komandam fenomenal köklənmə və enerji göstərdi. “Tottenhem” kimi yaxşı komanda ilə oyunda topla davranmaq baxımından yetərincə soyuqqanlı deyildik. Rəqibin haqqını vermək lazımdı”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Ayrı-ayrı məqamlarda çox yaxşı oynadıq. Çətin rəqiblə qarşılaşdıq. “Vest Hem” indi istənilən rəqibə problem yaratmağı bacaran komandadı. Oyunun axarına nəzarət etməyə və təhlükəli vəziyyətlər yaratmağa çalışdıq. Gözəl qollar vurduq. Bugünkü oyunumuz çox xoşuma gəldi, xoşbəxtəm”.