Osimhen bu siyahıda 5-ci pillədədi

18.11.2026 14:24 0
Dünya futbolu
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) apardığı növbəti araşdırmadan sonra maraqlı bir siyahı dərc edib. Söhbət ''böyük beşlik''dən kənarda çıxış edən ən bahalı mərkəz hücumçularının siyahısından gedir.

''Qalatasaray'' və Nigeriya yığmasının ulduzu Viktor Osimhenə də bu siyahıda yer tapılıb. Ancaq yalnız 5-ci pillədə. Siyahıya Nikolo Trezoldi başçılıq edir. ''Brügge''də forma geyən almaniyalı forvardın təxmini dəyəri 67,8 milyon avro göstərilib.

''Benfika''nın yunanıstanlı forvardı Vangelis Pavlidis 61,2 milyon avro dəyəri ilə 2-ci, ''Sportinq''in kolumbiyalı forvardı Luis Suares 57,6 milyon avro dəyəri ilə 3-cü, ''Palmeyras''ın argentinalı forvardı Xose Manuel Lopes isə 54,8 milyon avro dəyəri ilə 4-cü pillədə qərarlaşıb. İlk ''5-liy''i 53,7 milyon avro dəyəri ilə Osimhen tamamlayır.

Müqayisə üçün deyək ki, ''transfermarkt''da 27 yaşlı futbolçunun qiyməti 65 milyon avro göstərilib. ''Qalatasaray'' isə ötən il onu daimi əsasda transfer edə bilmək üçün 75 milyon avrodan keçməyə razı olmuşdu. Hazırda zədəli olan və qarşıdakı oyunları buraxacağı gözlənilən ünlü futbolçu bu mövsüm iştirak etdiyi 11 rəsmi oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazıb.

Qeyd edək ki, ''Qalatasaray''da indiyə qədər 85 rəsmi oyuna 69 qol vuran Osimhen daha 9 dəfə fərqlənəcəyi təqdirdə Mauro İkardini (77) geridə qoyaraq klub tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevriləcək.