Xal itirməyən yeganə komanda “Mançester Siti”di – turun əsas yekunu budu.
"Football-plus.az" xəbər verir ki, “Arsenal” isə “Fulhem”lə oyunda qələbə hesabını qoruya bilmədi. “Çelsi” və “Tottenhem” inamlı qələbə qazandı. “Vest Hem” ilə “Liverpul” da liderlər qrupunda qərarlaşıb. “Çəkicdöyənlər” səfərdə “Brayton”u sensasiyalı şəkildə məğlub etdi, azlıqda qalan “qırmızılar” da “Nyukasl”a eyni aqibəti yaşatdı. “Mançester Yunayted” turu əzmkar qələbə ilə başa vurdu.
Turun mərkəzi oyunu gözləntiləri doğrultdu. “Nyukasl”la “Liverpul”un dramatik duelinin taleyi lap sonda həll olundu. 25-ci dəqiqədə Aleksander-Arnoldun kobud səhvindən yararlanan Qordon “sağsağanlar”ı irəli çıxardı. Cəmi 3 dəqiqə sonra “Liverpul” azlıqda qaldı – İsakın Alissonla təkbətək çıxmasına imkan verməyən Van Diyk “son ümid folu”na görə qovuldu. “Nyukasl” fasilədən sonra da fəal oynadı, rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratdı, ancaq 2-ci qolu heç cür vura bilmədi. 76-cl dəqiqədə Almironun zərbəsindən sonra top hətta dirəkdən döndü. Klopp bundan dərhal sonra Makallisterin əvəzinə Nunyesi meydana buraxmaqla risk etdi. Darvin isə 3 dəqiqə sonra hesabı bərabərləşdirdi, uzatma dəqiqələrində də qələbə topunu vurdu. “Nyukasl” ardıcıl 2-ci oyunda məğlubiyyətlə barışdı. Ancaq “sağsağanlar” “Siti” ilə oyunda məğlubiyyəti haqq etmişdilərsə, bu dəfə nəticə fərqli ola bilərdi. Sadəcə, imkanlardan vaxtında yararlanmaq lazımdı.
MS-nin rəqibi mövsümə iki məğlubiyyətlə başlayan “Şeffild Yunayted” idi. İlk yarıda topa nəzarətdə üstünlüyü 83 faizə çatan “Siti” bunun məntiqi nəticəsi kimi 35-ci dəqiqədə penalti qazandı. Ancaq Holann topu dirəyə vurdu. 2-ci hissədə də oyunun mənzərəsi dəyişmədi. Nəhayət, 63-cü dəqiqədə Holann penaltidəki günahını yudu. 85-ci dəqiqədə Boql gözlənilmədən hesabı bərabərləşdirdi. Amma hamılıqla irəli atılan qonaqlar Rodrinin 88-ci dəqiqədəki qolu ilə qələbəyə sevindi.
“Arsenal” mövsümdə ilk dəfə xal itirdi. “Fulhem” bu mövsüm də elitada qalmaq uğrunda oynamayacağını göstərir. Oyun başlayan kimi hesab açıldı. Pressinqlə üzləşən Sakanın arxaya qeyri-dəqiq ötürməsini ələ keçirən Pereyra dərhal topu qapıya göndərdi. “Çərçivə”ni itirən Remsdeyl zərbənin qarşısını ala bilmədi. “Topçular” hissənin sonuna qədər saysız-hesabsız təhlükəli vəziyyət yaratdı, hətta Edeqorun qolu ofsayd üzündən sayılmadı. Fasilədən sonra dəyişikliklər “Arsenal”ın oyununu bir qədər də canlandırdı. Məhz oyuna sonradan qoşulan Vieyranın qazandığı penaltini 70-ci dəqiqədə Saka qola çevirdi. Cəmi 3 dəqiqə sonra Nketia “topçular”ı irəli çıxardı. Ancaq qələbə onların qisməti deyilmiş. Baxmayaraq ki, “bağbanlar” 83-cü dəqiqədə azlıqda da qaldı. 4 dəqiqə sonra Palinya künc zərbəsindən sonra hesabı bərabərləşdirdi.
“Çelsi” Poçettinonun rəhbərliyi altında keçirdiyi ilk iki oyunda qələbə qazana bilməmişdi. Bu dəfə rəqibin “Luton” olduğunu nəzərə alsaq, londonlular yetərincə şanslı idi. Sterlinq dubl etməklə yanaşı, Ceksonun qolunda da assistent rolunu oynadı.
“Tottenhem” mövsümün əvvəlində çox yaxşı təsir bağışlayır. “Mahmızlar” “Bornmut”la səfər oyunundan da 3 xalla ayrıldı. Meddisonun erkən qolundan sonra meydan sahibləri fəallaşdı və hissənin sonunda qonaqların əsəbləri ilə oynadı. 63-cü dəqiqədə Kulusevski fərqi artırandan sonra oyunun taleyi həll olundu. Qalan vaxtda “Tottenhem” 3-cü qolu vurmağa daha yaxın idi, nəinki “Bornmut” fərqi azaltmağa.
“Nottingem Forest”i qəbul edən MY üçün oyun faciəvi başladı. Heç 4-cü dəqiqə tamamlanmamışdı ki, hesab 0:2 oldu. Ancaq mankunianlar çox tez özünə gəldi və “meşəçilər”i meydanın özünə aid hissəsinə sıxışdırdı. 17-ci dəqiqədə Eriksen fərqi azalda bildi. 2-ci hissənin əvvəlində isə Kazemiro səhnəyə çıxdı. “Yunayted” get-gedə təzyiqi artırdığından 3-cü qol da zaman məsələsi idi. 67-ci dəqiqədə qonaqlar azlıqda qalda. Mankunianlar say üstünlüyündən tezliklə yararlandı. Reşfordun qazandığı penaltini Fernandeş qola çevirdi. “Nottingem” sonda böyük qüvvə ilə irəli atılıb bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı bərabərləşdirə bilmədi.
Ardıcıl iki böyükhesablı qələbə qazanan “Brayton” evdə “Vest Hem” önündə darmadağın oldu. “Qağayılar” yalnız 0:3-dən sonra ayıldı ki, onda da artıq “qatar getmişdi”. “Kristal Pelas”ı qəbul edən “Brentford” qələbə hesabını qoruya bilmədi. Andersen sona 14 dəqiqə qalmış “arılar”ı cəzalandırdı.
Turun qalan oyunlarına gəlincə, evdə “Vulverhempton”a uduzan “Everton” zirzəmidən çıxa bilmir. Unay Emerinin çalışdırdığı “Aston Villa” isə “Bernli”ni səfərdə məğlub etdi.
3-cü tur
Şeffild Yunayted – Mançester Siti 1:2
Boql, 85 – Holann, 63. Rodri, 88. (31336)
MS: Ederson, Qvardiol, Diaş, Ake, Uoker, B.Silva, Rodri, Qriliş, Kovaçiç (Foden, 88), Alvares, Holann.
Arsenal – Fulhem 2:2
Saka, 70-p. Nketia, 73 – Pereyra, 1. Palinya, 87. (59961)
Arsenal: Remsdeyl, Kivyor, Saliba, Uayt, Parti (Zinçenko, 56), Edeqor (Jorjinyo, 84), Rays (Jezus, 90+1), Haverts (Vieyra, 56), Martinelli, Trossar (Nketia, 46), Saka.
Mançester Yunayted – Nottingem Forest 3:2
Eriksen, 17. Kazemiro, 52. Fernandeş, 76-p. – Avonyi, 2. Boli, 4. (73595)
MY: Onana, Dalot, Martines, Varan (Lindelöf, 46), Van-Bissaka, Kazemiro, Eriksen, Reşford, Fernandeş, Antoni (Maktominey, 84), Marsyal (Sanço, 60).
Nyukasl – Liverpul 1:2
Qordon, 25 – Nunyes, 81; 90+3. (52214)
Liverpul: Alisson, Robertson, Van Diyk, Matip (Kuansa, 77), Aleksander-Arnold, Soboslai, Makallister (Nunyes, 77), Endo (Elliott, 58), Dias (Qomes, 33), Qakpo (Jota, 58), Salah.
Çelsi – Luton 3:0
Sterlinq, 17; 69. Cekson, 75. (39893)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Hüsto, Kaysedo, Fernandes, Çiluell (Maatsen, 86), Qallaher, Sterlinq (Berstou, 90+2), Cekson (Uqoçukvu, 83).
Bornmut – Tottenhem 0:2
Meddison, 17. Kulusevski, 63. (10567)
Tottenhem: Vikario, Udoci (Devis, 82), Van de Ven, Romero, Porro, Sarr (Perişiç, 60), Bissuma (Lo Çelso, 73), Son Hın Min, Meddison (Skipp, 73), Kulusevski, Rişarlison (Heybyerq, 60).
Everton – Vulverhempton 0:1
Kalayciç, 87. (38851)
Brentford – Kristal Pelas 1:1
Şade, 18 – Andersen, 76. (16997)
Brayton – Vest Hem 1:3
Qross, 81 – Uord-Prouz, 19. Bouen, 58. Antonio, 63. (31508)
Bernli – Aston Villa 1:3
Forster, 47 – Keş, 8; 20. Diabi, 61. (21591)
1. Mançester S. 3 3 0 0 6-1 9
2. Vest Hem 3 2 1 0 7-3 7
3. Tottenhem 3 2 1 0 6-2 7
4. Liverpul 3 2 1 0 6-3 7
5. Arsenal 3 2 1 0 5-3 7
6. Brayton 3 2 0 1 9-5 6
7. Aston Villa 3 2 0 1 8-6 6
8. Mançester Y. 3 2 0 1 4-4 6
9. Brentford 3 1 2 0 6-3 5
10. Çelsi 3 1 1 1 5-4 4
11. Kristal Pelas 3 1 1 1 2-2 4
12. Fulhem 3 1 1 1 3-5 4
13. Nyukasl 3 1 0 2 6-4 3
14. Nottingem F. 3 1 0 2 5-6 3
15. Vulverhempton 3 1 0 2 2-5 3
16. Bornmut 3 0 1 2 2-6 1
17. Şeffild Y. 3 0 0 3 2-5 0
18. Bernli 2 0 0 2 1-6 0
19. Luton 2 0 0 2 1-7 0
20. Everton 3 0 0 3 0-6 0
Bombardirlər: Mbeumo (Brentford), Març (Brayton), Avonyi (Nottingem Forest), Holann (Mançester Siti) – 3.
Növbəti turun oyunları sentyabrın 1-3-ü aralığında keçiriləcək: Luton – Vest Hem, Şeffild Yunayted – Everton, Çelsi – Nottingem Forest, Mançester Siti – Fulhem, Brentford – Bornmut, Bernli – Tottenhem, Brayton – Nyukasl, Liverpul – Aston Villa, Kristal Pelas – Vulverhempton, Arsenal – Mançester Yunayted.
Faktlar
* 4-cü dəqiqənin 47-ci saniyəsində 0:2 geri düşən MY premyer-liqada klub antirekordunu müəyyənləşdirdi.
* Saka da “Arsenal” üçün yeni rekord müəyyənləşdirdi. O, komandasının son 83 çempionat oyununun hər birində iştirak etməklə Pol Mersonu arxada qoydu. Bukayo bu seriyada ilk oyunu 2021-in mayında “Vest Bromviç”ə qarşı keçirib.
* MS Qvardiolanın dönəmində premyer-liqada qazandığı penaltilərin yalnız 70 faizindən yararlanıb. Bu müddətdə təyin olunan 61 penaltidən 43-ü qolla nəticələnib.
* MY geridönüşlər üzrə premyer-liqa rekordçusudu. Komanda premyer-liqada çıxış etdiyi dövrdə oyunun gedişində ən azı 2 qol geri düşəndən sonra 13 belə qələbə qazanıb. Turnirin tarixində heç bir başqa komanda bu cür nəticə ilə öyünə bilməz.
* Alisson “Nyukasl”la oyunun gedişində 7 seyv etdi. 2018/19 mövsümündən “Liverpul”un şərəfini qoruyan brazliyalı qapıçı bu komandadakı şəxsi rekordunu müəyyənləşdirdi.
Turun rəqəmi
200 – Pep Qvardiola premyer-liqada hamıdan tez qələbə sayında bu həddə çatdı. MS ispaniyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 269 oyunun 200-də qələbə qazanıb. Bu göstəricidə əvvəlki rekord 200-cü qələbəsini 326-cı oyunda qazanan Mourinyoya məxsus idi. 2016-dan MS-nin “sükanı arxasında” olan Qvardiola bu komandanı 5 dəfə çempion edib.
Turun ulduzu
Rahim Sterlinq (MS) – “Luton”la oyunda qəhrəmanlıq etdi. İki qol vurdu, məhsuldar ötürmə verdi. Bundan başqa, Rahimin ötürmələrinin dəqiqlik faizi 89-a çatdı ki, bu da vinger üçün yaxşı göstəricidi.
Turun sitatı
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Baş məşqçi kimi 1000 oyunda başıma belə iş gəlməmişdi. Fasilədə uşaqlara dedim: elə edə bilərik ki, bu oyun haqda gələcəkdə nəvələrimizə danışaq. Özümküləri 10 gün sonra görəcəm və danışacam. İki məqam aydın idi: 2-ci qolu buraxmaq və Aleksander-Arnoldun “qırmızı” alması olmazdı. Belədə şansımız olacaqdı”.
Oyundan sonra
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Çox razıyam, oyunçulara, azarkeşlərə görə sevinirəm. Qələbəni haqq etdik. Xoşbəxtəm, ona görə ki, ilk qələbə komandaya özünəinam qazandırır. Sterlinq özünü sərbəst hiss edir, onun nəyə qadir olduğunu bilirik. Müxtəlif zonalarda oynamağa qadirdi, bu gün ustalığını bir daha göstərdi”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Faciəvi başlasaq da, komanda möhtəşəm xarakter göstərdi. Sakitliyi və konsentrasiyanı qoruduq. Özümüzə inandıq, plana sadiq qaldıq, yaxşı oyun göstərib üç qol vurduq. Gözəl geridönüşdü. Rəqibə iki qol bağışladıq. Bu komandanın fərqi aradan qaldırmağa qadir olduğunu bilirik. Əsas odu ki, xarakterimiz var. Uzatma dəqiqələri ilə bağlı qaydada nəsə yerində deyil. Rəqib lap əvvəldən “vaxtı öldürürdü” və sonda buna görə cəzalandı”.
Mikel Arteta, “Arenal”ın baş məşqçisi: “Dərhal rəqibə bir qol hədiyyə etdik və vəziyyətimizi çətinləşdirdik. Oyunun əvvəlindən sonuna qədər dominantlıq etdik. Qələbəyə layiq olsaq da, bu futboldu. Futbolda sən 35 zərbə vura bilərsən, rəqib isə 2-3 və məğlubiyyədən qaçar. Bu nəticəni məğlubiyyət kimi qəbul etmək olarmı? Əlbəttə, komandanın oyununa baxanda görürsən ki, qələbəni haqq edir. Rəqibin neçə qol vurması önəmli deyil, gərək biz ondan artıq vuraq. Bu liqanın qaydası belədi”.
Xuanma Lilyo, MS-nin köməkçi məşqçisi: “Ümumilikdə çox yaxşı oynadıq. İlk yarıda boş zonalar tapmaqda çətinliklə üzləşdik. Penaltini qola çevirsəydik, çox şey dəyişə bilərdi. Ancaq biz gördük ki, komanda sabit şəkildə rəqib qapısını yüklənir. 2-ci hissədə tempi artırdıq, topu özümüzə daha tez qaytarmağa başladıq. Gah Xulian Alvares nəzarətsiz qalırdı, gah da Bernardo Silva. Əslində daha çox qol vura bilərdik”.