Balotelli “Adana Dəmirspor”a qayıtdı

17.09.2023 15:51 246
Dünya futbolu
Türkiyədə “transfer pəncərəsi”nin bağlandığı gün, yəni dünən Mario Balotellidən sürpriz xəbər gəldi.

"Football-plus.az" xəbər verir ki, bir gün öncə tanınmış italiyalı futbolçunun İsveçrə təmsilçisi “Syon”dan ayrılması və “Adana Dəmirspor”a qayıtmaq istəyi barədə xəbərlər yayılmışdı. Dünən bu xəbər rəsmi təsdiqini tapdı. Adanalıların ekstravaqant başqanı Murat Sancak “tvitter” hesabında Hande Yener və Sərdar Ortaçın ifa etdiyi “İki dəli” mahnısının sədaları altında Balotelli ilə olan şəkillərini paylaşaraq bu transferin tamamlandığına işarə vurdu. Türkiyə mətbuatının iddiasına görə tərəflər arasında “1+1” illik razılıq əldə olunub.

Xatırladaq ki, daha öncə “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Marsel” kimi klublarda top qovmuş 33 yaşlı Balotelli 2021/22-ni məhz “Adana Dəmirspor”da keçirmişdi. Yetərincə parlaq performans ortaya qoyan və 35 rəsmi oyunda 19 qol, 7 məhsuldar ötürmə ilə fərqlənən Balotelli ötən mövsümün əvvəlində gözlənilmədən Türkiyədən ayrılaraq “Syon”a transfer olunmuşdu. Amma ağır xarakteri ilə tanınan futbolçu İsveçrə futboluna heç cür uyğunlaşa bilməyərək həm fanatlar, həm də rəhbərlik ilə ciddi problemlər yaşadı. Üstəlik “Syon” elitanı tərk etdi. Bu yaxınlarda “Adana Dəmirspor” seneqallı forvard Şerif Ndiayeni “Srvena Zvezda”ya satdığından komandanın hücumçuya ehtiyacı var idi. Ona görə də Balotellinin “Syon”dan ayrılaraq Adanaya gəlməsi hər iki tərəf üçün sevindirici xəbər oldu.

ƏLİ