Avqustun 22-də Çempionlar Liqasının (ÇL) pley-offuna start verildi. Həmin gün bu mərhələsin ilk görüşləri çərçivəsində üç oyun keçirildi. Bu oyunlarda üç müxtəlif nəticə qeydə alındı.
“Qarabağ”ı 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Rakuv” (3:2, 1:1) bu dəfə azarkeşlərini məyus etdi. Növbəti mərhələdə “Aris”ə (Cənubi Kipr) üstün gələn (2:1, 1:0) Polşanın son çempionu öz meydanında “Kopenhagen”ə uduzdu. Rumın müdafiəçi Rakovitsan 9-cu dəqiqədə topa uğursuz toxunuş edərək onu öz qapısına yönəltdi. David Şvarqanın çalışdırdığı ev sahiblərinin qalan vaxtda hesabı dəyişmək üçün etdikləri cəhdlər nəticə vermədi. Danimarka klubu minimalhesablı qələbə ilə qrupa düşmək şansını artırdı.
Əvvəlki mərhələdə yığmamızın hücumçusu Mahir Emrelinin formasını geydiyi “Dinamo”nu (Xorvatiya) mübarizəni dayandırmağa (2:1, 2:2) vadar edən AEK-in Belçikaya səfəri uğursuz alındı. Qeyd edək ki, Yunanıstanın son çempionunun zaqreblilərlə evdəki cavab görüşü avqustun 19-da keçirilmişdi. Səbəb Afinada avqustun 8-də keçirilməli olan AEK – “Dinamo” matçından əvvəl rəqib azarkeşlər arasında böyük qarşıdurma yaşanması ilə bağlı idi. Yunanıstanın paytaxtında baş verən kütləvi insidentlər UEFAnı həmin oyunu ayın 19-na təxirə salmağa vadar etmişdi. Avqustun 15-də Zaqrebdə 2:1 hesabıyla qalib gələn afinalılar olduqca daramatik keçən ev oyununda 2:2 hesablı heç-heçəyə nail olmaqla pley-offa adlamışdılar. Bundan üç gün ötəndən sonra Dyurne şəhərində meydana çıxan AEK Belçikanın son çempionuna məğlub oldu. Yanssenin 16-cı dəqiqədə vurduğu qol ev sahiblərinin qələbəsini təmin etdi. Halbuki “Antverp” 51-ci dəqiqədə yarımmüdafiəçi Batayın birbaşa qırmızı vərəqə almasına görə yarım saatdan artıq müddətdə on nəfərlə mübarizə aparmalı oldu. Bununla belə, Mark van Bommelin komandası əzmkarlıq göstərərək qələbə hesabını sonadək qoruya bildi.
ÇL-in Şotlandiyada keçirilən digər pley-off matçı qol baxımından məhsuldar alındı. Yerli “Reyncers” PSV ilə görüşdə hesabda iki dəfə önə keçsə də, sonda niderlandlılarla heç-heçəyə razılaşdı - 2:2.
pley-off, ilk oyunlar
Rakuv (Polşa) – Kopenhagen (Danimarka) 0:1
Rakovitsan, 9-öz qapısına.
Antverp (Belçika) - AEK (Yunanıstan) 1:0
Yanssen, 16.
Reyncers (Şotlandiya) – PSV (Niderland) 2:2
Sima, 45. Matondo, 78 – Sanqare, 61. De Yonq, 80.