Ötən mövsüm fırtına kimi əsdi, amma davamını gətirə bilmədi. Söhbət əvvəlcə icarə əsasında “Neftçi”də çıxış edən, ötən mövsüm komandanın tapıntılarından sayılan Freddi Varqasdan gedir. Venesuelalı vinger həmin “futbol ili”ndə meydana çıxdığı 32 matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalmış, estetik qolları ilə xarici medianın da diqqətini çəkmişdi.
Yayda icarə müddəti bitən futbolçunu komandada saxlamaq “Neftçi” üçün vacib məsələyə çevrilmişdi. Azarkeşlər belə bir oyunçunun itirilməsini istəmirdi. “Ağ-qaralar” da 900 min avro ödəyərək Varqasın transfer hüququnu əldə etdi, onu heyətində saxladı.
Ancaq indi həmin Varqasdan əsər-əlamət yoxdu. Venesuelalı futbolçu əvvəlki parlaq çıxışından xeyli uzaqdı. Cari mövsümdə çıxdığı 9 çempionat oyununda 1 qol və 3 məhsuldar ötürmə ilə kifayətlənən vinger artıq baş məşqçi Yuri Vernidubun da etimadını itirib. Ya start heyətində yer almır, ya da qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənir.
Üstəlik, Varqasın meydandakı hərəkətləri də ciddi narazılıq doğurur. Oyun ərzində bəzən seyrçi mövqe tutur, sadəcə, prosesləri kənardan izləyir. Təşəbbüs göstərmək, fərdi keyfiyyətlərini ortaya qoymaq və komandanın hücumlarına rəng qatmaq əvəzinə passivliyi ilə seçilir.
Görünən odu ki, Freddi müqavilə bağlamaqla sanki məqsədinə çatıb. Artıq gözləntiləri doğrultmur. Bir sözlə, müqaviləni yenilədi, artıq rahatdı. Varqas, ver qaz…
İSRAYIL XEYRULLAYEV
Varqasın qazı qurtarıb… - müqaviləni yenilədi, rahatdı!
Ölkə futbolu / Manşet





