Xəbər verdiyimiz kimi, avqustun 28-dən sentyabrın 10-na qədər “Böyük dəbilqə” seriyalı ABŞ Açıq Tennis Turniri keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, artıq turnirə “wild card” ilə buraxılacaq idmançılar da bəllidi. Qadınlar arasında bu hüquqa turnirin ikiat qalibi Vinus Uilyams, Karolin Voznyatski, Kayla Dey, Fiona Ferro, Storm Hanter, Eşlin Kryuger, Robin Montqomeri və Klervi Nqunue yiyələnib. Kişilərdən isə güzəştli kart Con İzner, Stiv Conson, Aleks Mikelsen, Benjamen Bonzi, Rinki Hicikata, Lerner Tien, Maykl Mmo və İtan Kuinnə təqdim olunub.
Bu arada isveçrəli əfsanə Rocer Federerin sabiq məşqçisi İvan Lyubiçiç italiyalı Yannik Sinnerin Toronto turnirindəki qələbəsi haqda danışıb: “Yannik Sinnerdə çempion mentallığı var, bu qələbə onun üçün çox vacib idi. De Minaurla qarşılaşma asan deyildi, o, çətin rəqibdi, adamı səhvə məcbur edir. Sinner yaxşı fiziki formadadısa, Sinsinnatidə oynamalıdı. O, “US Open”də də qələbə uğrunda mübarizə apara bilər. Yannik bu gün fərqlənən 4 tennisçidən biridi”.
Xatırladaq ki, Sinner Toronto turnirinin finalında avstraliyalı Aleks De Minaura qalib gəlib (6:4, 6:1). 21 yaşlı italiyalı karyerasında ilk dəfə “Masters” seriyalı turnirin qalibi olub.