Xəlil Dərvişoğlu uğrunda mübarizədə “Qalatasaray”a, Duşan Tadiç uğrunda mübarizədə “Fənərbaxça”ya uduzan və fanatlarının qəzəbinə tuş gələn “Beşiktaş” rəhbərliyi, nəhayət, transfer məsələsində ciddi adımlar atmağa başlayıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi birdən-birə 3 futbolçunu İstanbula dəvət edib. Söhbət “Sauthempton”un braziliyalı mərkəz müdafiəçisi Lyanko Voynoviç, “Lester”in qanalı mərkəz müdafiəçisi Daniel Amarti və “Lans”ın kamerunlu dayaq yarımmüdafiəçisi Jan Onanadan gedir. 26 yaşlı Lyanko Voynoviç əslən serbiyalıdı. Onun babası Yuqoslaviyada doğulsa da, 7 yaşı olarkən 2-ci Dünya Müharibəsindən qaçaraq ailəsi ilə birlikdə Braziliyaya köçüb. Futbol dünyasında məhz Lyanko kimi tanınan bu oyunçu daha öncə “San Paulu”, “Torino” və “Bolonya”da top qovub. 2021-dən “Sauthempton”un şərəfini qoruyan Lyanko ötən mövsüm bu klubda 30 rəsmi oyuna çıxaraq hesabına 1 qol, 2 məhsuldar ötürmə yazıb. Sərt oyun tərzi ilə seçilən müdafiəçinin ilk il üçün 2 milyon avro qarşılığında icarəyə götürüləcəyi gözlənilirdi. “Beşiktaş” gələn yay daha 4 milyon avroya onu daimi əsasda transfer etmək öhdəliyini də üzərinə götürmüşdü. Amma dünən tibbi müayinə zamanı Lyankonun dizində problem aşkar olunub! Bu oyunçunun əməliyyata ehtiyacı var. Ona görə də bu keçid hələ ki təxirə salınıb. Lyanko ilə bağlı qərar daha sonra veriləcək. Amartiyə gəlincə, 28 yaşlı futbolçu peşəkar karyerasına 2013-cü ildə “Yurqorden”də start verib. Daha sonra 2 il “Kopenhagen”də top qovan təcrübəli futbolçu 2016-dan bəri “Lester”də çıxış edirdi. Müqavilə müddəti bitdiyinə görə “Lester”dən ayrılan və azad agent statusuna malik futbolçu ilə “2+1” illik müqavilə imzalanacağı gözlənilir. Qana yığmasında 48 oyun keçirən Amartinin illik qazancı 1,7 milyon avro təşkil edəcək. 23 yaşlı Onana isə oyun tərzinə görə daha çox Atiba Hatçinsonu xatırladır. Onun peşəkar karyerasının ilk 2 klubu olan “Leyşoes” ilə “Lill”də işləri yaxşı getməmişdi. Onana əsasən 2020-ci ildə “Muskron”da diqqəti çəkməyə başladı. 2021/22-ni “Bordo”da, ötən mövsümü isə “Lans”da keçirərək 23 rəsmi oyunda forma geydi. Kamerun yığmasının şərəfini isə indiyə qədər 10 oyunda qoruyub. “Ağ-qaralar”ın bu oyunçuya görə 4,5 milyon avro ödəyəcəyi gözlənilir. Onana ilə dördillik müqavilə imzalanacaq. İllik qazancı isə 1,5 milyon avro olacaq.
Yeri gəlmişkən, Romein Saissin “Beşiktaş”dan ayrılması, demək olar, dəqiqləşib. Ən qısa zamanda klubdan rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Ailəvi səbəbləri əsas gətirərək ayrılmaq istəyən təcrübəli mərakəşli müdafiəçi Qətərə yollanıb. Onun “Əl-Sədd” ilə üçillik müqavilə imzalayacağı, “Beşiktaş”ın bu satışdan 2,8 milyon avro qazanacağı gözlənilir. Xatırladaq ki, İstanbul nəhənginə ötən yay azad oyunçu statusunda gələn və DÇ-2022-də zədəli halda oynadığı üçün Şenol Günəşlə problem yaşayan Saiss “Beşiktaş”da 26 oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürməlik fayda verdi. Bundan başqa, yenə də ailəvi səbəblərdən ötrü karyerasını Türkiyədə davam etdirmək istəməyən və İngiltərəyə dönən Natan Redmondun yeni klubunun adına aydınlıq gəlib. O, premyer-liqanın debütantı “Bernli”yə transfer olunub.