''Fənərbaxça'' gözlənildiyi kimi İstanbula gətirdiyi iki forvardla rəsmi müqavilənin imzalandığını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi Türkiyə yığmasının 19 yaşlı yeni üzvü Tyaqo Çukur ilə dördillik, Norveç yığmasının 30 yaşlı forvardı Coşua Kinq ilə ikiillik müqavilə imzalayıb.
Bundan başqa ''sarı-lacivərdlilər'' dünən danışıqlar üçün daha bir futbolçunu İstanbula dəvət ediblər. Söhbət braziliyalı dayaq yarımmüdafiəçisi Villian Araodan gedir. Onun son klubu ''Flamenqo'' idi. ''Fənər''in portuqaliyalı baş məşqçisi Jorje Jezuş 2019/20 mövsümündə ''Flamenqo''nu çalışdırdığından bu oyunçunun istedadına gözəl bələddi. Transferin detallarına gəlincə, ''Fənərbaxça'' ''Flamenqo''ya 2 milyon avro ödəyəcək. Arao ilə üçillik müqavilə imzalanacaq. Onun illik məvacibi 1,2 milyon avroya bərabər olacaq. Braziliya yığmasının şərəfini 1 oyunda qoruyan 30 yaşlı futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. 2016-dan bu yana ''Flamenqo''da top qovan Arao ona qədər isə ''Korintians'', ''Portuqeza'', ''Şapekoense'', ''Atletiko Qoyanense'' və ''Botafoqo'' kimi Braziliya klublarının şərəfini qoruyub. Arao ötən mövsüm 34 qarşılaşmada 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.