İsmayıl Zülfüqarlı Rusiya səfərini faydalı sayır: “Biz həmişə irəli getmək üçün çalışırıq” - MÜSAHİBƏ

24.07.2023 19:15 373
Premyer-liqa / Manşet
Ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri də "Neftçi"di. "Ağ-qaralar" hazırlıq mərhələsini Rusiyanın Sankt-Peterburq şəhərində keçirdi. Komandanın yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı ilə söhbətləşdik.

- "Neftçi" təlim-məşq toplanışını Rusiyanın Sankt-Peterburq şəhərində keçirdi. Burda 4 komandanın iştirak etdiyi turnirə qatıldız. Bu oyunları və hazırlığı dəyərləndirərdin...
- Həmin turnirdə iştirakımız bizə təcrübə baxımından xeyir verəcək. Güclü rəqiblərə qarşı oynamaq komandaya həm fiziki, həm də taktiki cəhətdən müsbət təsir edir.

- Son yoxlama oyununda "Spartak"a məğlub olduz. Bu görüş haqda nə deyə bilərsən?
- "Spartak" Rusiyada ən titullu komandalardan biridi. Bizim üçün ağır oyun oldu. Lakin belə matçlar bizə xeyir verir. İstəyirdik ki, qalib gələk, amma alınmadı.

- Konfrans Liqasının ikinci təsnifat mərhələsində rəqib Bosniya və Hersoqovina təmsilçisi "Jelezniçar" oldu. Mərhələni keçmək şansınız nə qədərdi?
- Bu turnirdə hər bir komanda oyunlara son qarşılaşma kimi çıxır. Biz də yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Səncə, bu mövsüm Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazan biləcəksiz?
- Bu barədə indidən danışmaq tezdi. Biz həmişə irəli getmək üçün çalışırıq. İnşallah, məqsədimizə çatacağıq.

- Yerli və xarici klublardan transfer təklifi almısan?
- Hazırda "Neftçi" ilə müqaviləm var. Təkliflərin olduğunu deyə bilmərəm.

- Yeni mövsümdə ölkə çempionatında hədəfləriniz nədi?
- Həmişə olduğu kimi çempionluq. Bunun üçün də əlimizdən gələni edəcəyik.

CAVİD ƏLİYEV