Yeni mövsümə hazırlığı Rusiyada davam etdirən “Fənərbaxça” srağagün heyətini iki yeni futbolçu ilə gücləndirib. Daha öncə ingiltərəli Rayan Kent və tanınmış bosniyalı forvard Edin Cekonu transfer edən İstanbul nəhəngi bu dəfə Aleksander Ciku ilə Umut Nayırı heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, Ciku fransızəsilli qanalı mərkəz müdafiəçisidi. 28 yaşlı futbolçu Fransada doğulub və buna qədər yalnız bu ölkədə çıxış edib.
“Bastiya”nın yetirməsi olan təcrübəli futbolçu bu klubdan başqa “Kan”da da top qovub. 2019-dan bəri isə o, “Strasbur”un şərəfini qoruyurdu. Bu klubla müqavilə müddəti bitən Ciku “Fənərbaxça”ya sərbəst oyunçu statusunda keçib. Onunla “3+1” illik müqavilə imzalanıb. Cikunun illik maaşı 1,7 milyon avro təşkil edəcək. Bundan başqa, ona 1,5 milyon avro həcmində imza parası da ödəniləcək. “Beşiktaş”ın da maraq göstərdiyi Ciku ötən mövsüm “Strasbur”un heyətində 31 oyunda meydana çıxaraq 1 qol, 2 məhduldar ötürmə ilə fərqlənib. Qana yığmasında isə indiyə qədər 19 oyun keçirib və 1 qol vurub. Yeri gəlmişkən, Ciku 2022-də ilin ən yaxşı qanalı futbolçusu mükafatını qazanmışdı.
Umut Nayır, sözsüz, türkiyəli futbolsevərlərə daha yaxşı tanışdı. 30 yaşlı forvard ötən mövsüm karyerasında çox ciddi bir sıçrayışa nail oldu. Heç bir iddiası olmayan və sonda elitanı tərk edən “Ümraniyəspor”da icarə əsasında oynamasına baxmayaraq, Nayır superliqada 31 oyunda vurduğu 17 qolla bombardirlər yarışını 5-ci pillədə tamamladı və ən əsası mövsümün ən məhsuldar yerli oyunçusu oldu. Halbuki ötən mövsümə qədər o, Türkiyə çempionatında 60 oyunda cəmi 15 qol vurmuşdu. “Sarı-lacivərdlilər” təcrübəli hücumçu ilə “2+1” illik müqavilə imzalayıb. Maraqlıdı ki, Nayır müqavilə ilə “Eyupspor”a məxsus olmasına və bu klubla hələ müqaviləsinin davam etməsinə baxmayaraq, “Fənər”ə havayı başa gəlib. Belə ki, “Eyupspor”un prezidenti Murat Özkaya “Fənər”ə jest edərək futbolçusuna görə qarşı tərəfdən pul istəməyib! Onun bu addımı sosial şəbəkələrdə digər klubların fanatları tərəfindən birmənalı qarşılanmayıb, böyük müzakirələrə səbəb olub. “Ankaragücü”nün yetirməsi olan bu futbolçu daha öncə “Osmanlıspor”, “Yeni Malatyaspor”, “Göztəpə”, “Beşiktaş”, “Bursaspor”, “Girəsunspor” və “Eyupspor”da forma geyib. Nayır legioner həyatı yaşamağa da macal tapıb. Belə ki, o, 2020/21-i icarə əsasında Xorvatiya təmsilçisi “Hayduk”da keçirmişdi.
Ötən mövsümdəki performansından sonra təcrübəli hücumçu yığmaya da dəvət almağa başladı və artıq qol hesabını açmağa da müvəffəq olub. Bilindiyi kimi, Uelslə qarşılaşmada Türkiyəni hesabda önə keçirən qolu məhz Umut Nayır vurmuşdu. Onun “Fənər”də illik qazancı barədə hələ ki məlumat yoxdu.
“Fənərbaxça” bir gündə iki transfer reallaşdırdı
Dünya futbolu





