Komandanın təsisçisi Xəyal Məmmədov, direktor Güloğlan Məmmədov ilə icraçı direktor Ədalət Abdullayev arasındakı qarşıdurma və birincilərin PFL-ə şikayəti barədə yazmışdıq. Qurum da tərəflərə öz aralarında razılığa gəlmək üçün 2 gün vaxt vermişdi. Artıq bu müddət başa çatıb.
Görəsən, tərəflər razılığa gəlib, yoxsa "Araz" 1-ci liqadan çəkilir? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün klubun icraçı direktoru Ədalət Abdullayevin fikirini öyrəndik:
"PFL-in vasitəsiylə klubdaxili anlaşılmazlığa son qoyduq. Qarşı tərflə barışığa nail olduq. Klubun direktoru Güloğlan Məmmədov rəsmi qaydada mənimlə bağlı şikayətini və klubun 1-ci liqadan geri çəkilməklə bağlı iddiasını geri götürdü. Həmçinin mənim klubda səlahiyyətli şəxs olmağımla razılaşdı. Əvəzində həm Güloğlan Məmmədov, həm də Xəyal Məmmədov 5 ildi Saatlıda komanda yaratmalarına, əziyyətləri olduğuna görə klubda vəzifə tutacaq və normal əməkhaqqı alacaqlar. İndidən hansı vəzifədə olacaqlarını deyə bilmərəm. Çünki hələ vəzifə bölgüsünə başlamamışıq. Hazırda qarşımızdakı əsas məqsəd "Araz"ı 1-ci liqaya hazırlamaqdı".
ABDULLA İSMAYILOĞLU






