“Yuventus” hazırda klubdakı maliyyə fırıldaqlarıyla bağlı UEFA ilə danışıq aparır. Klubun rəhbərlərindən və hüquqşünaslarından ibarət olan nümayəndə heyəti Turindən Nyona yollanıb.
"Football-plus.az" xəbər verir ki, nümayəndə heyəti arzuolunmaz tarixçəyə birdəfəlik son qoyacaq razılaşma üzərində işləyir.
Belə ki, hazırda “Yuventus”un bu il Konfrans Liqasının iştirakçıları sırasından uzaqlaşdılmasını, əvəzində UEFA-nın lisenziyalaşma və “maliyyə feyr-pleyi” qaydasının mümkün pozuntusu halları ilə bağlı işi bağlamasını və klubu bir daha bu məsələ ilə bağlı narahat etməməsini nəzərdə tutan variant müzakirə olunur. Formal şəkildə bu anlaşma ictimaiyyətə “byankonyeri”nin günahını boynuna alması ilə bağlı sənəd kimi təqdim olunacaq.
Xüsusi vurğulayaq ki, danışıqlar yalnız UEFA-nın açdığı iş ətrafında gedir. İtaliya məhkəmələrində baxılan işlər müzakirə mövzusu deyil. Xatırladaq ki, turinlilər yanvarda kapitalın saxta şəkildə artımına görə 15 xaldan məhrum olunmuş, apellyasiya nəticəsində xalını qaytara bilmişdi. Ancaq sonradan yeni sübutlar əldə olunduğuna görə iş yeniləndi.
Mayda artıq klubdan 10 xal silindi. Nəticədə A seriyasında 7-ci yeri tutan “Yuventus” bu mövsüm Konfrans Liqasında çıxış etməlidi.