Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu qurumun üzvü olan Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevlə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın Rusiya Federasiyasının Silahlı Qüvvələrinə nə dərəcədə aid olduğunu müəyyənləşdirmək üçün yoxlamaya başlayıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda açıqlamanı BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams verib. Onun dediyinə görə, adı çəkilən şəxslərə qurumun tövsiyələrindən ikisi tətbiq oluna bilər – döyüş əməliyyatlarının fəal şəkildə dəstəklənməsi və hərbi strukturlar önündə müqavilə öhdəlikləri. Adams onu da bildirib ki, Rusiyanın işğalçı müharibəyə başladığı ötən il fevralın 24-dən bəri olan dönəm nəzərə alınacaq.
Xatırladaq ki, Tarpişev 1996-cı ildən bəri BOK-un üzvüdü, İsinbayeva isə bu quruma 2016-cı ildə daxil olub.
BOK bu ilin martında idman federasiyalarına ictimaiyyət önündə hərbi əməliyyatlara dəstək verməyən, hərbi qüvvələr və ya milli təhlükəsizlik orqanları ilə bağlılığı olmayan Rusiya və Belarus təmsilçilərini neytral statusla yarışlara buraxmağı tövsiyə edib.