Mövsümün son 15 turunu məğlubiyyətsiz tamamlamasına baxmayaraq, yalnız 3-cü pillə ilə kifayətləməli olan “Beşiktaş”la bağlı xəbərlər var. Öncə qeyd edək ki, böyük ehtimalla Burak Yılmaz qarşıdakı günlərdə bu klubun məşqçilər korpusuna daxil olaraq Şenol Günəşin köməkçilərindən birinə çevriləcək. Bilindiyi kimi, ünlü forvard bu yaxınlarda karyerasını bitirdiyini açıqlamışdı. 38 yaşlı Burak türkiyəli həmkarlarımızdan birinə “bəli, “Beşiktaş”la görüşürəm. İnşallah, yaxın günlərdə xəbər olacaq” açıqlamasını verib. Hər fürsətdəcə “Beşiktaş”lı olduğunu dilə gətirən, üstəlik Şenol Günəşi az qala atası kimi sevən Burakın məşqçiliyə bu klubda başlaması sürpriz olmayacaq.
"Football-plus.az" xəbər verir ki, Günəş özü də çalışqanlığı və beynəlxalq təcrübəsi ilə diqqəti çəkən Burakın gələcəkdə uğurlu məşqçi ola biləcəyinə inanır.
Türkiyə mətbuatının yazdığına inansaq, Günəş rəhbərlikdən ən azı 4 yeni transfer tələb edib. O, müdafiənin mərkəzinin, eləcə də cinahların gücləndirilməsini istəyir. Bundan başqa, bir “10 nömrə” alınmasını tələb edir. Amma heyətdəki bəzi oyunçuların durumu hələ də müəyyənləşmədiyi üçün rəhbərlik konkret addımlar ata bilmir. Məsələn, Romein Saiss ilə Natan Redmonun qalıb-qalmayacağı hələ də bəlli deyil. “Marsel” Saissə çox ciddi maraq göstərir. “Beşiktaş” mərakeşliyə görə ən azı 3 milyon avro tələb edir. Günəşin planlarına daxil olmayan mərkəz müdafiəçisi Velintonun superliqanın debütantı “Pendikspor”a keçəcəyi gözlənilir. Bu arada “Qartal”ın Xəlil Dərvişoğluya maraq göstərməsi haqda da şayiələr yayılıb. Bilindiyi kimi, 23 yaşlı forvard 2021/22-ni icarə əsasında “Qalatasaray”da keçirmişdi.
[hide][/hide]Bir dönəm Türkiyə yığmasına da çağrılan Dərvişoğlu ötən mövsümü icarə əsasında “Bernli”də keçirmişdi (9 oyun, 1 qol). Bu futbolçu müqavilə ilə “Brentford”a məxsusdu və bu klubla müqaviləsinin müddəti gələn yay başa çatacaq. Futbolçunun atası Müzəffər Niderland və Türkiyədən təkliflərin olduğunu deyib. O, yenidən Türkiyəyə qayıtmağı əleyhinə olmadıqlarını vurğulayıb. “Beşiktaş”ın daha bir baş ağrısı Cenk Tosundu. Son mövsümdə 12 qol həddinə çatdığına görə müqavilə müddəti avtomatik 2024-ə qədər yenilənən təcrübəli forvarda ABŞ-dan ciddi təkliflər var. Cenk övladının təhsilini də nəzərə alaraq ailəsi ilə birlikdə ABŞ-da yaşamaq ideyasına heç də pis baxmır. Amma “ağ-qaralar” onu əldən buraxmaq istəmir. Ona bonuslardan əlavə illik 1,5 milyon avro məvacib olmaqla ikiillik müqavilə təklif olunacaq. Hazırda zədəsini sağaltmaqla məşğul olan 32 yaşlı forvard son mövsümdə 32 superliqa matçında 15 qol, 6 məhsuldar ötürməlik performans sərgiləmişdi.
Sonda onu da bildirək ki, “Beşiktaş” yeni mövsümün hazırlığına iyulun 1-dən etibarən start verəcək. Komanda ayın 9-na qədər İstanbulda çalışandan sonra xarici ölkələrdən birinə toplanışa yollanacaq. İyulun 9-21-i aralığında baş tutacaq toplanış zamanı ən azı 4 yoxlama oyununun keçirilməsi planlaşdırılır. “Qartal” daha sonra vətənə qayıdacaq və iyulun 27-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.