Tərlan Əhmədovun “qara siyahı”sında olanlar dilə gəldi - AÇIQLAMALAR

16.06.2023 16:13 3 798
Aktual / Ölkə futbolu
Tərlan Əhmədov ötən mövsümün gedişində “Kəpəz”ə gələndən sonra 4 futbolçunu "persona non qrata" elan etdi. Söhbət Rauf Əliyev, Əfran İsmayılov, Elvin Yunuszadə və Əli Səmədovdan gedir.

"Football-plus.az" xatırladır ki, sonuncu qış fasiləsində "Şamaxı”ya keçsə də, təcrübəli "muşketyorlar" müqavilələrində qeyd olunduğu kimi, mövsüm sonuna kimi klubda qalacaqlarını qətiyyətlə bildirərək əvəzedicilərə qoşuldu. Sonra Raufla Əfran təzminatlarını almaqla karyeralarını baş vurdu. Yunuszadə isə “Kəpəz-2”nin heyətində mövsümə nöqtə qoydu. Artıq onun da klubla müqavilə müddəti başa çatıb. İş elə gətirdi ki, "Kəpəz"i elitada saxlayan Tərlan Əhmədovun özünü yola saldılar. Vaxtilə baş məşqçinin yola getmədiyi oyunçulardan buna reaksiya öyrəndik. Təəssüf ki, Raufla Elvin zənglərimizi cavabsız qoydu.

Əfran İsmayılov:

"Vaxtilə onun mənə və 3 komanda yoldaşıma qarşı haqsız əməlləriylə bağlı yetərincə qədər danışmışam. Mənim üçün bu məsələ bitib. Əsas odu ki, gec də olsa, haqq öz yerini tapdı. Bundan sonra Tərlan Əhmədovun nə edəcəyi, hara keçəcəyi maraqlı deyil. "Kəpəz"ə gələcəkdə uğurlar arzu edirəm".


Əli Səmədov:

"Bu artıq keçmişdə qalıb. Mənə qarşı olan haqsızlıqları Gəncə futbolunda olanlar, gəncəlilər gördü. Yenidən bitmiş olayı qabartmaq istəmirəm. Mənə etdiyi haqsızlıqlara rəğmən, Tərlan müəllimə kinim, nifrətim yoxdu. Ona da gələcəkdə karyerasınsa uğurlar arzu edirəm".


ABDULLA İSMAYILOĞLU