Tərlan Əhmədov "Kəpəz"in “sükanı arxasına” keçəndən sonra "qara siyahı"ya düşən futbolçulardan biri də Elvin Yunuszadədi.
Millinin və "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov, Rauf Əliyev və Əli Səmədovla birgə Gəncə təmsilçisinin əsas komandasından uzaqlaşdırılıb. Bunu nəzərə alaraq dünən onunla əlaqə saxladıq. Görəsən, təcrübəli futbolçu niyə Tərlan Əhmədovun qəzəbinə tuş gəlib? "Kəpəz"dəki taleyi necə olacaq? Klubda qalıb birinci divizionda oynamağı, yoxsa iş yerini dəyişməyi düşünür? Yunuszadənin bu və başqa suallara cavablarına keçid alaq.
- Elvin, hazırda nə işlə məşğulsan?
- Çempionatda yaranan fasiləylə bağlı istirahətdəyəm. Həmçinin fərdi şəkildə məşq edirəm.
- "Kəpəz"dən göndəriləcəyin deyilir. Nə dərəcədə doğru xəbərdi?
- Mövsümün sonuna kimi klubla müqaviləm var. Rəhbərliklə söhbətdə heç yerə getməyəcəyimi qətiyyətlə bildirmişəm.
- Bəs rəhbərlik baş məşqçinin tələbini üstün tutaraq səni yola salmaqda qətiyyət göstərsə, necə? Yeni klub axtarışına başlayacaqsan, yoxda karyeranı bitirəcəksən?
- Əsas hədəfim mövsümün sonuna kimi "Kəpəz"də qalmaqdı. Karyeramı bitirmək haqda, ümumiyyətlə, düşünmürəm. Hələ oynayacaq yaşdayam. Danışıq apardığım klub yoxdu. Amma menecerlərimlə hərdən danışıram, bəzi təkliflərin olduğunu deyirlər. Əslində isə hələ ki ortada ciddi bir şey yoxdu.
- Tərlan Əhmədovun sən və başqa təcrübəli futbolçular ilə problemi nədi?
- Vallah, bilmirəm. Tərlan müəllimə heç bir hörmətsizlik etməmişəm. Məşqlərdə də tələblərini can-başla yerinə yetirmişəm. Futboldan kənarda da şəxsi problemlərimiz olmayıb.
- "Neftçi"də çıxışın zamanı da Tərlan müəllim orda məşqçi idi. Bəlkə o vaxt aranızda hansısa problem olub?
- Qətiyyən! Mən “ağ-qaralar”ın əsas heyət oyunçusu, Tərlan Əhmədov isə köməkçi məşqçiydi. Sözüm odu ki, "Neftçi"dəki çıxışım zamanı da onunla heç bir problemim olmayıb.
- Tərlan Əhmədov "Kəpəz"ə gələndə onunla söhbətin oldumu?
- Əvvəla onu deyim ki, "Kəpəz"ə transfer olunarkən məşqlərdə, yoldaşlıq matçlarında maksimum gücümlə çıxış edirdim. Komandanın sabiq baş məşqçisi Yaşar Vahabzadənin dönəmində də, yəni premyer-liqanın əvvəlində oyunlara da çıxırdım. Sonra komandada baş məşqçi dəyişikliyi baş verdi və Tərlan Əhmədov gəldi. Onun da zamanında məşqlərdə maksimum gücümlə üzərimdə çalışırdım. Hətta Tərlan müəllimə yaxınlaşaraq oynamaq, özümü göstərmək istədiyimi dəfələrlə demişəm. O da cavabında “narahat olma, sənə şans verəcəm” deyib. Sonra da, gördüyünüz kimi, məni və başqa təcrübəli futbolçuları komandadan uzaqlaşdırdı.
- Gəncə klubunun rəhbərliyi qalmağına razılıq versə, "Kəpəz-2"nin heyətində birinci divizionda çıxış edəcəksən?
- Onsuz da Tərlan Əhmədov gələndən sonra formamı saxlamaq üçün əvəzedicilərlə məşq edirdim. Bundan sonra da məşq edəcəm. Xaliq müəllim şans versə, komandaya hər cür kömək etməyə hazıram.
- "Kəpəz"lə yolları ayırsan, yenidən ölkə xaricinə getmək fikirin var?
- Legioner həyatı yaşamaq ən böyük arzularımdan olub. Sadəcə, bəxtim gətirməyib. "Çelik"ə keçəndən sonra pandemiya başladığına görə özümü sübut edə bilmədim. Sonra da zədə aldım və komandadan ayrıldım. Şimali Makedoniya "Şkupi"sinə transfer olunandan sonra hər şey qaydasında idi. Amma sonradan maaşlar gecikməyə başladı. Dəfələrlə belə halları görəndən sonra orda qalmaq istəmədim və vətənə qayıtdım. Gələcəkdə yaxşı təklif olsa, yenidən legioner həyatı yaşamaq istəyərəm.
ABDULLA İSMAYILOĞLU