Futbol ictimaiyyəti səbirsizliklə AFFA İcraiyyə Komitəsinin iclasını gözləyir. Çünki toplantıda yetərincə vacib məsələlər müzakirə olunacaq.
Hamını düşündürən əsas məsələ sonuncu yeri tutan "Şamaxı"nın elitanı tərk edib-etməyəcəyi və komanda sayının 12-yə çatdırılmaq ehtimalıdı. Bu nüansları nəzərə alıb AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovla əlaqə saxladıq:
"Elitada komanda sayının 12-yə qaldırılması haqda xəbərləri, iddiaları hələ ki mətbuatdan oxuyuram. İcraiyyə Komitəsində bu məsələ aktual deyil. Bizim üçün ən önəmlisi idman prinsipi və bunun şaxələndirilməsidi. Hazırda liqalarımızın sayının keyfiyyətli şəkildə artırılmasında maraqlıyıq. Növbəti mövsüm 4 peşəkar liqa olacaq. Bunlar Misli premyer-liqası, 1- ci divizion, 2-ci divizion və əvəzedicilərin çempionatıdı. Hər birində 10 komanda yer alacaq. Bundan başqa, Region Liqası da fəaliyyətini davam etdirəcək. Vaxtilə Region Liqasını yaratmaqda əsas məqsəd həvəskar komandalardan peşəkar komandalara keçid etmək idi.
Növbəti mövsümdən, həmçinin qarşıdakı illərdə bu siyasəti həyata keçirəcəyik. 4 liqanın hər birində rəqabətli, dayanıqlı, idman prinsipinə əsaslanan çempionat keçiriləcək. Bu sahədə inkişafa nail olandan sonra elitada komandaların sayının artılmasını nəzərdən keçirə bilərik. Odu ki, hazırda elita təmsilçilərinin yox, liqaların sayının artırılması aktualdı".
ABDULLA İSMAYILOĞLU