Fransa çempionatında gözlənilən hadisə baş verdi. PSJ tarixinin 11-ci çempionluğunu qazandı, baxmayaraq ki, “Lans” sona qədər titul uğrunda mübarizə apardı. “Qan-qızılılar” ÇL-in qrupunda oynayacaq.
“Football-plus.az” xəbər verir ki, bu isə ötən mövsüm heç nəyə iddia etməyən komanda üçün ciddi uğurdu. 3-cü yeri də “Marsel” özünə təmin edib. Avrokuboklara qalan iki vəsiqə uğrunda isə son turda amansız mübarizə gedəcək. Birbaşa rəqibi “Renn”ə uduzan “Monako” yenə azarkeşlərini üzdü. “Knyazlar” nəinki bretoniyalıları, hətta “Lill”i də özündən irəli buraxmaqla ilk “5-liy”i tərk etdi və avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədi. Mövsümün 4-cü uğursuzu da son turda bilinəcək. “Anje”, “Ayaçço” və “Trua”nın elitanı tərk etdiyi bəllidi, “Nant”la “Oser” isə kimin burda qalacağını, kimin aşağı dəstəyə düşəcəyini müəyyənləşdirəcək.
“Strasbur”un qonağı olan PSJ-yə çempionluq üçün 1 xal bəs edirdi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmadı. 59-cu dəqiqədə cərimə meydançasının sol küncündə rəqibin öhdəsindən gələn Mbappe topu mərkəzə göndərdi. Messi soyuqqanlı şəkildə qapının sol küncünü nişan aldı. Ardından Messinin ideal ötürməsini boşa verən Mbappe həm də bombardirlər yarışında liderliyini möhkəmlətmək şansını qaçırdı. Oyunun qalan bölümündə isə “Strasbur” rəqibi öz qapısına doğru sıxışdırdı. 79-cu dəqiqədə Qameyro sabiq komandasının qapısına yol tapdı. Sonda maraqlı heç nə baş vermədi. Heç-heçəni qoruyan PSJ tarixində 11-ci dəfə çempion oldu.
Tarixinin ən yaxşı mövsümünü keçirən “Lans” “Ayaçço”nu qəbul etdi. Bir müddət əvvəl aşağı dəstəyə yuvarlanan korsikalılar motivasiyadan məhrumdu. “Qan-qızılılar” da bu mövsüm PSJ-yə çatmağın qeyri-real olduğunu anladığından, sadəcə, məmnunluq üçün oynayırdılar. “Lans” ilk 34 dəquqədə üç qol vurmaqla oyunun taleyini həll etdi. Maçado, Tomasson və Openda fərqləndi. Cari mövsümdə çempionatın heç bir oyununu buraxmayan belçikalı forvard 20-ci qolunu vurdu və bombardirlər cədvəlində yalnız Mbappe, Lakazett və Deviddən geri qalır. 2-ci hissədə oyun vaxtının 83 faizində topa nəzarət edən “Lans” rəqibə nəsə yaratmaq imkanı vermədi. Xalını 81-ə çatdıran komanda son turun nəticəsindən asılı olmayaraq mövsümü 2-ci yerdə bitirəcək.
Mövsümün böyük hissəsində PSJ-nin əsas rəqini olan “Marsel” sonluğu boşa verməkdədi. “Brest” ilə ev oyununun heç bir önəmi qalmasa da, “Marsel” favorit sayılırdı. Ancaq qonaqlar meydandan qalib ayrıldı. Açıq desək, ilk yarı sönük keçdi. Qollar fasilədən sonra vuruldu. 57-ci dəqiqədə Maqnetti mövsümdəki ilk qolunu “Marsel”in qapısından keçirdi. 76-cı dəqiqədə cənublular hesabı bərabərləşdirsə də, cəmi 5 dəqiqə sonra Kamara “Brest”i ikinci dəfə irəli çıxardı.
“Marsel”lə yanaşı, “Monako” da mövsümün sonunda zəif təsir bağışlayır. Əvvəlcə ÇL-ə vəsiqədən uzaq düşən “knyazlar” indi də prinsipial dueldə “Renn”ə uduzmaqla “top-5”dən kənarda qaldı. “Monako” ilk yarıda bir dəfə də təhlükəli vəziyyət yarada bilmədi. Belə zəif oyunun nəticəsi məğlubiyyət olmalıydı ki, oldu da. Burijo bir-birinin ardınca həm Mayerə, həm də Quiriyə məhsuldar ötürmə verdi. Haqq etdiyi məğlubiyyətlə üzləşən “Monako” “Renn” ilə yanaşı, “Lill”i də özündən irəli buraxdı. “Şimallı itlər” hesabat turunda “Nant” üzərində əzmkar qələbə qazandı. “Bülbüllər” Merlenin 17-ci dəqiqədəki qolu ilə irəli çıxsa da, Devid 2-ci hissədə dubl etməklə həm “Lill”i 4-cü pilləyə yüksəltdi, həm də bombardirlər yarışında mövqeyini möhkəmlətdi.
“Nant”ın növbəti məğlubiyyətindən sonra “Oser” elitada qalmaq vəzifəsinin öhdəsindən gələ bilərdi. Ancaq bu komanda ölkə kubokunun son qalibi “Tuluza” ilə oyundan məhsuldar heç-heçə ilə ayrıldı. “Nant”ı 2 xal qabaqlayan “Oser” son turda “Lans”ı, “bülbüllər” isə “Anje”ni qəbul edəcək.
Turun qalan oyunlarına gəlincə, “Anje” cari mövsümdəki 4-cü qələbəsini özü kimi elitanı tərk edən “Trua” üzərində qazandı. “Klermon” “Loryan”dan, “Lion” “Reyms”dən güclü oldu. “Şirlər”in 2-ci qolunu vuran Lakazett bombardirlər yarışında yalnız Mbappedən geri qalır. “Monpelye” ilə səfər oyununda 0:2 geri düşən “Nitsa” inanılmaz geridönüş nümayiş etdirdi və 3:2 hesabıyla qələbə qazandı.
37-ci tur
Strasbur – PSJ 1:1
Qameyro, 79 – Messi, 59. (25828)
PSJ: Donnarumma, Ramos, Bernat, Bitşiabu, Verratti, Pereyra, Vitinya (Soler, 84), Sanşeş, Zair-Emeri, Mbappe, Messi.
Lans – Ayaçço 3:0
Maçado, 16. Tomasson, 22. Openda, 34-p. (37601)
Lans: Samba, Maçado (Aydara, 68), Danso, Medina, Qradit, Tomasson (Koşta, 68), Fofana, Füljini (Klod-Moris, 82), Əbdül Səməd, Sotoka (Said, 82), Openda (Buksa, 68).
Marsel – Brest 1:2
Mbemba, 76 – Maqnetti, 57. Kamara, 81. (61732)
Marsel: Lopes, Beyi (Kolaşinats, 58), Balerdi, Kloss, Mbemba, Günduzi (Malinovski, 58), Ronjye, Veretu, Vitinya (Tavareş, 46), Ündər, Sançes.
Renn – Monako 2:0
Mayer, 52. Quiri, 73. (28344)
Monako: Nübel, Vanderson, Maripan, Disasi, Agilar (Enrike, 81), Yakobs, Qolovin (Diatta, 72), Fofana, Ben Yedder (Embolo, 63), Kamara (Matazo, 63), Ben Seqir (Folland, 63).
Anje – Trua 2:1
Abdelli, 38. Rao-Lisoa, 90 – Şavaleren, 13. (7419)
Klermon – Loryan 2:0
Haui, 44. Kofrie, 74. (13050)
Lill – Nant 2:1
Devid, 48-p.; 88 – Merlen, 17. (41163)
Lion – Reyms 3:0
Aqbadu, 2-öz qapısına. Lakazett, 9. Kakere, 82. (56874)
Monpelye – Nitsa 2:3
Savanye, 7; 17 – Barkli, 53. Lyabord, 67; 79. (16340)
Tuluza – Oser 1:1
Abuhlyal, 44 – Raveloson, 24. (25172)
1. PSJ 37 27 4 6 87-37 85
2. Lans 37 24 9 4 65-28 81
3. Marsel 37 22 7 8 67-39 73
4. Lill 37 19 9 9 64-43 66
5. Renn 37 20 5 12 67-38 65
6. Monako 37 19 8 10 69-56 65
7. Lion 37 18 8 11 64-44 62
8. Klermon 37 16 8 13 42-47 56
9. Nitsa 37 14 13 10 45-36 55
10. Loryan 37 14 10 13 50-52 52
11. Reyms 37 12 15 10 44-42 51
12. Monpelye 37 14 5 18 62-61 47
13. Tuluza 37 12 9 16 49-56 45
14. Brest 37 11 11 15 43-52 44
15. Strasbur 37 9 13 15 50-57 40
16. Oser 37 8 11 18 34-60 35
17. Nant 37 6 15 16 36-55 33
18. Trua 37 4 11 22 44-80 23
19. Ayaçço 37 6 5 26 22-74 23
20. Anje 37 4 6 27 33-80 18
Bombardirlər: Mbappe (PSJ) - 28, Lakazett (Lion) - 27, Devid (Lill) - 24, Diallo (Strasbur), Baloqun (Reyms), Openda (Lans) – 20.
Sonuncu turun oyunları iyunun 3-də keçiriləcək: Ayaçço – Marsel, Oser – Lans, Brest – Renn, Loryan – Strasbur, Monako – Tuluza, Nant – Anje, Nitsa – Lion, PSJ – Klermon, Reyms – Monpelye, Trua – Lill.
Fakt
* Messi mövsüm ərzində 32-ci məhsuldar hərəkəti etdi. 35 yaşlı argentinalı 16 qol vurub, bir o qədər də məhsuldar ötürmə verb. PSJ-nin heyətində yalnız Mbappe onu bu iki göstəricinin cəmində qabaqlayır – 33 (28+5).
* Messi karyerasında 43-cü titulu qazanmaqla bu göstəricidə lider olan Dani Alveşə çatdı. Argentinalı Paris klubu ilə 2 dəfə çempion olub və Superkuboku qazanıb. “Barselona”nın heyətində 10 dəfə çempion olub, 4 dəfə ÇL-i, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə ölkə kubokunu, 3 dəfə klub dünya çempionatını və 3 dəfə də Avropa Superkubokunu qazanıb. Argentina yığması ilə dünya çempionu, Amerika Kubokunun, Olimpiadanın, gənclər arasında dünya çempionu və Finalissimanın qalibi olub.
* 11-ci dəfə çempion olan PSJ bu göstəricidə Fransada hamını qabaqlayır. Sonuncu dəfə 1981-ci ildə çempion olan “Sent-Etyen”in 10, “Marsel”in 9 (sonuncusu 2010-da) titulu var. “Monako” və “Nant” hərəyə 8, “Lion” isə 7 dəfə (ardıcıl) çempionluğu bayram edib.
* 2011-in mayında Qətərin “Qatar Sports Investments” fondu PSJ-nin səhmlər paketinə nəzarəti ələ keçirib. Həmin vaxtdan ötən 12 mövsümdə paytaxt klubu yalnız üç dəfə çempion ola bilməyib: 2011/12 mövsümündə “Monpelye”, 2016/17-də “Monako”, 2020/21-də isə “Lill” parisliləri qabaqlayıb.
Turun rəqəmi
496 – Messi “böyük beşlik” ölkələrində qol sayını bu həddə çatdırmaqla (577-ci oyunda) Kriştiano Ronaldonun rekordunu yenilədi (626 oyunda 495 qol). Argentinalı Avropada “Barselona”nın (2021-in yayına qədər) və PSJ-nin formasını geyib.
Turun ulduzu
Benjamen Burijo (Renn) – dubl edən Devid və Lyabord da var, ancaq “Lill” ilə “Nitsa”nın rəqibləri “Monako”ya tay tutula bilməz. “Renn”in “knyazlar” üzərindəki qələbəsinin memarı isə iki məhsuldar ötürmə verən Burijo oldu. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə 5 qol da vurub.
Turun sitatı
Kristof Qaltye, PSJ-nin baş məşqçisi: “Faciəvi mövsümlər PSJ-nin çempion ola bilmədiyi mövsümlərdi. Elə dönəmlər oldu ki, qələbə qazana bilmirdik, xüusən də mövsümün 2-ci hissəsində. Bunun da izahı var. Hər şeyi sakit və diqqətlə təhlil edəcəyik”.