Argentina çempionatının 15-ci turunda qeydə alınan nəticələrdən sonra “River Pleyt”in liqadakı mövqeyi bir qədər də möhkəmləndi. Səbəb liderin maksimum xal qazanması, əsas izləyicisinin isə iki xal itirməsi ilə bağlıdı. Əlbəttə, diqqəti daha çox cəlb edən matç Argentinanın bir nömrəli derbisi idi.
“Football-plus.az” xəbər verir ki, əvvəlki turda “River Pleyt”in qələbə yürüşünü dayandıran tapılmışdı. Ölkə çempionatının bürünc mükafatçısı ardıcıl 8 matçda maksimum nəticəyə nail olandan sonra səfərdə “Atletiko Tukuman”la heç-heçəyə (1:1) razılaşmışdı. Hesabat turunda əzəli rəqibini qonaq edən lider “Boka Xuniors”un hazırkı problemli vəziyyətindən maksumum yararlanmağa çalışacaqdı. Zarafat deyil, son çempion “Superklasiko” ərfəsində liderdən 16 xal geri qalmaqla 13-cü yeri tuturdu. Amma bu da var ki, əzəli rəqabətdə komandaların cədvəlin hansı pilləsində qərarlaşması o qədər də əhəmiyyət daşımır. Başqa sözlə, “Boka” cari mövsümün uğursuzluqlarının acığını “River”dən çıxa bilərdi. Mariano Erronun komandasının derbiyə köklənmə ilə bağlı problemi ola bilməzdi. Gözlənildiyi kimi, “Monumental”dakı matç ev sahiblərinin üstünlüyü ilə keçdi. Martin Demiçelisin komandası qonaqları bütün oyun komponentlərində üstələdi. Lakin “milyonçular” yalnız Serxio Romeroya üstün gələ bilmirdi. “Boka”nın 36 yaşlı qapıçısı matç ərzində qapıya yönələn 8 zərbəni dəf etdi. Onun rəqib həmkarı Armani isə 3 epizodda komandasını qoldan xilas etdi. Derbinin kuliminasiya nöqtəsi əsas vaxt bitəndən sonraya təsadüf etdi. Borxa yalnız penalti zərbəsi ilə Romeronu topu tordan çıxarmağa vadar etdi. Bundan sonra meydanda vəziyyət nəzarət altından çıxdı. Romero rəqib oyunçu Palavesino ilə qarşıdurma yaşadı. Qapıçı “River”in yarımmüdafiəçisinin penaltidən sonra onu təxribata çəkməyə çalışmasına sərt reaksiya vermək istədi. Bu məqamda “Boka”nın bir neçə futbolçusu dəstək vermək üçün Serxioya yaxınlaşdı. Rəqib oyunçuların da ora şığıması bir andaca kütləvi qarşıdurmaya yol açdı. Bir neçə dəqiqədən sonra ara bir az sakitləşəndə hakim Dario Errera hər tərəfə 3 olmaqla ümumilikdə 6 oyunçuya qırmızı vərəqə göstərdi. Maraqlıdı ki, ev sahiblərinin ehtiyatda qalan iki oyunçusu belə cəzalandı. 7-ci “qırmızı” isə qonaqların məşqçisi Xorxe Almironun qisməti oldu. Hakim final fitini 90+20-ci dəqiqədə çalmaqla Demiçelisin komandasının prinsipial qələbəsini rəsmiləşdirdi. “River Pleyt” vacib qələbə ilə liderliyini bir qədər də möhkəmləndirdi. Maraq üçün ölkə nəhənglərinin sayca 259-cu “Superklasiko”da qarşılaşdığını bildirək. “River Pleyt” əzəli rəqabətdə 85-ci qələbəsini qazandı. “Boka Xuniors”un derbidən 91 dəfə qalib ayrıldığını və 83 matçın heç-heçə nəticələndiyini də xatırladaq.
“River” indi əsas izləyicisini 8 xal qabaqlayır. Çünki “San Lorenso” turu heç-heçə ilə bitirdi. “Defensa y Xustisiya” ilə ev oyunu “göy-qırmızılar” üçün heç də asan keçmədi və bunu gözləməyə dəyərdi. Tura 3-cü yerdə başlayan qonaq komanda arxa xətdə inamlı oyunla yadda qaldı. Paytaxt təmsilçisi oyun planında bir qədər üstün görünsə də, qapıya yol tapa bilmədi. Ruben İnsuanın komandası rəqib qapıçının qola 4 dəfə imkan verməməsi səbəbindən ardıcıl ikinci qolsuz “sülh”ə razılaşdı. Bu oyunlarda 4 xal itirsə də, “San Lorenso” yenə liderin əsas təqibçisidi. “Defensa y Xustisiya” da mövqeyində qaldı.
Son çempion kimi, vitse-çempion da azarkeşlərini məyus etməkdədi. Evdə “Talyeres de Kordoba”ya 2:4 hesabıyla uduzan “Rasinq” ardıcıl 3-cü, son 5 oyunda isə 4-cü dəfə məğlub oldu.
15-ci tur
River Pleyt - Boka Xuniors 1:0
Borxa, 90+3-p.
San Lorenso - Defensa y Xustisiya 0:0
Rasinq - Talyeres de Kordoba 2:4
Pilyud, 54. Oros, 66 – M.Santos, 5; 24. Valoyes, 50; 76-p.
Estudiantes - Veles Sarsfild 2:0
Benedetti, 59; 90+1.
Belqrano - Atletiko Tukuman 1:0
Veqetti, 33.
Qodoy Krus – Union 0:0
Barrakas Sentral – İnstituto 3:0
Fransisko Alvares, 24. Sepulveda, 63. Tapya, 74-p.
Lanus - Atletiko Urakan 1:0
Belmonte, 45+2.
Kolon - Banfild 2:0
Mesa, 2. Veqa, 45+2.
Arxentinos Xuniors - İndependyente 2:2
Avalos, 79-p. Eredia, 83 – Ortis, 45+1. Kauteruçço, 65-p.
Rosario Sentral - Platense 4:0
Malkorra, 12-p. Kampas, 20. Velis, 66. O’Konnor, 90+2.
Tiqre - Nyuellz Old Boyz 2:2
Kolidio, 7-p. Lusiatti, 14 – Agirre, 2. Ferreyra, 84.
Arsenal - Ximnasiya 0:1
Tarraqona, 43.
Sentral Kordoba - Sarmyento 0:1
Qondou, 44.
1. River Pleyt 15 12 1 2 26-6 37
2. San Lorenso 15 8 5 2 15-5 29
3. Defensa y Xustisiya 15 8 4 3 20-8 28
4. Talyeres de Kordoba 15 8 3 4 27-14 27
5. Estudiantes 15 8 3 4 18-13 27
6. Belqrano 15 8 3 4 14-11 27
7. Rosario Sentral 15 7 5 3 23-19 26
8. Lanus 14 7 4 3 22-14 25
9. Qodoy Krus 15 6 4 5 18-18 22
10. Tiqre 15 5 6 4 16-16 21
11. Arxentinos Xuniors 15 5 5 5 19-14 20
12. Nyuellz Old Boyz 15 5 5 5 12-14 20
13. Sarmyento 15 5 4 6 16-15 19
14. Boka Xuniors 15 5 3 7 18-16 18
15. Rasinq 15 5 3 7 19-23 18
16. Sentral Kordoba 15 5 3 7 10-16 18
17. Ximnasiya 15 5 3 7 15-23 18
18. Kolon 15 3 8 4 14-16 17
19. Barrakas Sentral 15 4 5 6 13-18 17
20. Platense 15 4 5 6 15-21 17
21. İnstituto 15 4 5 6 13-19 17
22. Veles Sarsfild 15 3 7 5 16-15 16
23. Atletiko Urakan 15 4 4 7 15-20 16
24. Banfild 15 3 6 6 9-17 15
25. İndependyente 15 2 8 5 13-17 14
26. Atletiko Tukuman 15 2 8 5 12-18 14
27. Arsenal 15 3 2 10 12-22 11
28. Union 14 1 6 7 8-20 9
Bombardirlər: M.Santos (Talyeres de Kordoba) - 10, Retegi (Tiqre), Veqetti (Belqrano) - 9, Avalos (Arxentinos Xuniors), Kauteruçço (İndependyente), L.Dias (Lanus) - 8.