Əla formada olan və gələn həftəsonu ''Sabah'' ilə oyun üçün Bakıya gələcəyi gözlənilən ''Beşiktaş'' dünən superliqanın 33-cü turunda səfərdə ''Antalyaspor'' üzərində 3:1 hesablı əzmkar qələbə qazandı.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi son 10 turda 9-cu qələbəsini bayram etdi. Oyun ''Qartal''ın çalışdırıcısı Şenol Günəş üçün tək qələbəyə görə yox, həm də yubiley göstəriciyə görə əlamətdar oldu. Belə ki, Türkiyə yığmasına DÇ-2002-də bürünc medallar qazandıran, əfsanəsi olduğu ''Trabzonspor''un başında 4 titul əldə edən və ''Beşiktaş''la iki dəfə çempionluq sevinci yaşayan 70 yaşlı mütəxəssis məşqçi kimi Türkiyə çempionatında 600-cü oyununu keçirdi. Günəş bununla da turnirin tarixində 600 oyun həddinə çatan cəmi 3-cü məşqçi oldu. Oyun sayına görə o, yalnız Samet Aybaba (621) və Rza Çalımbaydan (628) geri qalır. Bu siyahıda 4-5-ci pillələrdə hərəyə 542 oyunla Aykut Kocaman və Yılmaz Vural qərarlaşıb.