Dünən ölkə kubokunun yarımfinalının cavab matçında "Neftçi" "Turan Tovuz"u məğlub edərək finala yüksəldi. Qarşılaşma olduqca maraqlı keçdi. Uzatma dəqiqələrində 2 qol vuran flaqman qələbəni təmin etdi.
Görüşü təhlil etməsi üçün "ağ-qaralar"ın sabiq idman direktoru Ceyhun Sultanovla əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlaması belə oldu:
"Dünənki qarşılaşmada "Turan Tovuz" hər şeyi düz etmişdi. Ayxan Abbasov oyunu düzgün qurmuşdu. Amma son dəqiqələrdə futbolçuların topu hara gəldi vurması, sonda məğlubiyyətə səbəb oldu. Hər halda, topu rəqibdən alandan sonra 30-40 saniyə özlərində saxlayaraq vaxt aparsaydılar, daha yaxşı olardı. Hətta üstünlüklərini qoruyub saxlayardılar. Əfsuslar olsun ki, "Turan Tovuz" bunu etmədi. Sadəcə, son dəqiqədə topu hara gəldi vururdular. "Neftçi" isə bundan istifadə edərək ardıcıl hücumlar qurdu. Belə oyun tərzi ilə flaqman qol vurmaq imkanı qazanırdı. "Turan Tovuz" burda səhv etdi. Deməzdim ki, "Neftçi"də yaxşı oyun üslubu gördük. Futbolçuların fərdi keyfiyyətləri hesabına qələbə qazanıldı. Açığı, demək lazımdı ki, Emin Mahmudov xüsusi fəallıq göstərdi. Kapitan həm də əsl liderdi. Yenə də önə çıxdı, komandaya qələbə qazandırdı. Bir sözlə, "Neftçi" keyfiyyətli oyunçuları sayəsində qələbə qazanaraq finala vəsiqəni təmin etdi".
İLKİN SULTANLI