Premyer-liqanın 29-cu turu nə ilə yadda qaldı? İlk növbədə autsayder “Səbail”in evdə “Sabah”ı məğlub etməsiylə. Sonuncu dəfə 22-ci turda 3 xal qazanan “dənizçilər”, nəhayət, azarkeşlərini sevindirdi. Düzdü, qələbəyə rəğmən, Şahin Diniyevin çalışdırdığı komanda yenə son pillədədi. Ancaq o da var ki, artıq “Səbail” “Şamaxı” ilə xalını bərabərləşdirib, “şirlər” yalnız öz aralarındakı oyunların müsbət nəticəsinə görə bir pillə irəlidədi. “Sabah” üzərində qələbə komandaya psixoloji cəhətdən də faydalı ola bilər.
“Şamaxı”dan söz düşmüşkən, Vüqar Əsgərli - Cavid Hüseynov tandeminin çalışdırdığı kollektiv çətin Tovuz səfərindən xalla dönməyi bacardı. “Şamaxı” ustalıq səviyyəsi baxımından bəlkə də çempionatın ən zəif komandasıdı. Ancaq bölgə təmsilçisinin əzmkarlığına heç kim şübhə edə bilməz. Məhz bu amilə görə “münəccimlər” xal ehtiyatını artırmaqda davam edir. “Turan Tovuz”un isə qələbəsiz seriyası 6 oyuna çatdı. Bəlkə də bəzi tovuzlu azarkeşləri qıcıqlandıran da bu məqamdı. Bazar günü stadionda səslənən “istefa” şüarları komandaxili ab-havanı da poza bilər. Qarşıda isə Ayxan Abbasovun çalışdırdığı kollektivi çempionat oyunları ilə yanaşı, kubokun yarımfinalı gözləyir.
Deyəsən, Samir Abasov çempionatın son bölümündə riskə getməyə qərar verib. “Neftçi” ilə matçda “kimyaçılar” hücum potensialı baxımından adlı-sanlı rəqibdən heç də geri qalmadı. Sadəcə, qonaqlar fürsətlərdən maksimum istifadə etməyi bacardığı halda, meydan sahibləri boş qapını belə nişan almaqda çətinlik çəkdi. Baxımlı oyun azarkeşlərin xoşuna gəlir. Lakin indiki halda, daha dəqiq desək, elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” üçün parlaq oyundan çox nəticə lazımdı. Çünki tarixdə gözəl oyun yox, məhz nəticə qalır. 29 turdan sonra “kimyaçılar”ı təhlükəli zonadan cəmi 3 xal ayırır.
Eyni sözləri hesabat turunda “Qarabağ”a yenilən “Kəpəz” haqda da söyləmək mümkündü. 7-ci pillədə qərarlaşan gəncəlilərin başının üzərindən qara buludlar çəkilməyib. “Sarı-göylər”i son pillədən 4 xal ayırır. Bu isə o deməkdi ki, ardıcıl iki oyunda büdrəmək Tərlan Əhmədovun komandasına baha başa gələ bilər. Ağdamlılar da addım-addım 10-cu çempionluğuna yaxınlaşır.
“Səbail”in sürpriz qələbəsi kimi, “Qəbələ”nin “Zirə”ni 4-cü yerdən sıxışdırması da turun maraqlı məqamlarındandı. Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan iki komanda Böyük Qafqaz sıra dağlarının ətəyində qarşılaşdı. “Zirə” səfərdən xal və ya xallar ilə dönəcəyi halda bir qədər rahat nəfəs ala, psixoloji cəhətdən yüksəlişə keçə bilərdi. Lakin “Qəbələ” buna imkan vermədi. Elmar Baxşıyevin yetirmələri bəlkə də növsümün ən həlledici oyununda toparlana bildi ki, bunun da mükafatı 3 xal oldu. Bəli, mövsümün sonuna hələ 7 tur qalıb. Qarşıdakı həftələrdə “qırmızı-qaralar” da xal itirə bilər. Ancaq indiki durumda “Qəbələ” “Zirə”dən bir addım öndədi. Bir var sənin dalınca düşsünlər, bir də var sən kiminsə xal itirməsini arzulayasan. İndiki məqamda “Zirə” izləyici rolundadı.
Misli premyer-liqası
4-cü dövrə, 29-cu tur
7 aprel
Qəbələ - Zirə 2:1
8 aprel
Səbail – Sabah 2:1
Sumqayıt – Neftçi 0:4
9 aprel
Turan Tovuz – Şamaxı 1:1
Qarabağ – Kəpəz 3:1
1. Qarabağ 29 24 5 0 74-16 77
2. Sabah 29 20 5 4 63-22 65
3. Neftçi 29 18 6 5 54-25 60
4. Qəbələ 29 10 9 10 36-36 39
5. Zirə 29 10 8 11 32-39 38
6. Turan Tovuz 29 7 8 14 24-39 29
7. Kəpəz 29 5 10 14 29-52 25
8. Sumqayıt 29 6 6 17 20-56 24
9. Şamaxı 29 4 9 16 24-45 21
10. Səbail 29 5 6 18 22-48 21
Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 20, Ramil Şeydayev (Qarabağ) – 17, Coy-Lens Mikels (Sabah) – 15.
Növbəti turun oyunları: 14 aprel – Zirə - Səbail, Neftçi – Qəbələ; 15 aprel – Kəpəz – Turan Tovuz, Şamaxı – Sumqayıt; 16 aprel – Sabah – Qarabağ.