Premyer-liqanın 13-cü turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Köhlən atlar”ın 4:2 hesablı qələbəsindən sonra baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib:
- Futbolçularımı təbrik edirəm. Bu gün çox yaxşı komandaya qarşı mübarizə aparırdıq. “Sumqayıt” hər oyundan-oyuna inkişaf edən komandadı. Düşünürəm ki, yaxşı oyun alındı, bolqollu qarşılaşma oldu. Bu soyuq havada stadionda bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm.
- İki uğursuz seriyaya son qoyduz: 5 qolsuz oyun və 4 qollu nəticəyə həsrət. Bunu necə qiymətləndirirsiz?
- Belə hallar olur. Biz öz işimizdən, inamımızdan əl çəkməyəcəyik. Futbolçularıma irad bildirəcək səbəb görmürəm. Bir qədər uğursuz seriya yaşadıq. İstənilən rəqibə qarşı çox ciddi hazırlaşırıq. Sabah hansı rəqibin bizə qarşı necə oynayacağını əvvəlcədən bilmirik. Oyunun gedişatında dəyişikliklər etmək maraqlı olur. 4 qol vurmaq və qələbə həsrətinə son qoymaq xoşdu. Futbolun keyfiyyəti artır. Belə bolqollu oyunlar azarkeşlər üçün futbolu daha maraqlı edir, futbolçuları da daha məsuliyyətli olmağa sövq edir.
- Musa meydana daxil olduqdan 4 dəqiqə sonra qol vurdu. Onun qol duyumunun yüksək olduğunu gördük. Növbəti matçlarda ilk “11-lik”də yer almaq şansı varmı?
- Təkcə Musa üçün yox, istənilən futbolçunun ilk “11-lik”də yer almaq şansı var. Kubok oyunu da gəlir. Rotasiyaya ehtiyacımız olacaq. Zədəli futbolçularımız var. Mütləq deyil ki, futbolçu ilk “11-lik”də oynasın. Rəqibin üslubuna görə heyət qurmağa çalışıram.
- Elvin komanda ilə məşqlərə başlayıb. Nə vaxt meydana çıxa bilər?
- Tam olaraq, yəqin ki, yanvar ayında. Bərpa prosesi pis getmir. Dekabrın sonlarında, bəlkə, imkan olsa, ona şans verəcəyik. Ümumən vəziyyəti yaxşıdı. Ağır zədədən keçib, ehtiyatlanırıq. Gedişat pis deyil. Vəziyyəti yaxşı olsa, şans verəcəyik.
- Cəbrail matçın sonunda zədələndi. Durumu necədi?
- Sabah bilinəcək.
- 3 gün sonra kubokda yenidən “Sumqayıt”la qarşılaşacaqsınız. Rəqibin eyni olması hansısa mənfi tərəflər yaradır?
- Hər iki komandada şərtlər eynidi. İki oyunun ardıcıl olması müəyyən diskomfort yaradır. Kubok fərqli olur. Ən gözlənilməz nəticələr, deyərdim ki, kubok oyunlarında qeydə alınır. Ciddi hazırlaşmaq lazımdı.
- “Neftçi”, “Sabah” və “Turan Tovuz”un “Qarabağ”dan öndə olması narahatlıq yaratmır?
— Həmişə öndə olan komandaya görə narahat oluram. Özümüzə görə də narahat oluram ki, öndə ola bilərik. Nəticə, bir daha göstərir ki, avrokuboklara iddialı komandaların sayı artıb. Buna baxmayaraq, inamla hazırlaşırıq. Hər oyuna ciddi məsuliyyətlə yanaşırıq.
İSRAYIL XEYRULLAYEV
“Nəticə bir daha göstərir ki, avrokuboklara iddialı komandaların sayı artıb” - Qurban Qurbanov
Ölkə futbolu / Manşet





