Belarus futbolunun flaqmanı və ən titullu klubu BATE bu mövsüm çox acı bir sonluqla barışmalı oldu.
"Football-plus.az" xəbər verir ki, Borisov şəhərinin təmsilçisi son turda ''İsloç''la 1:1 bərabərə qalaraq qurtula bilmədi. 30 tur ərzində 5 qələbə, 10 heç-heçə, 15 məğlubiyyətlə 25 xal toplayan BATE 16 kollektiv arasında 15-ci pilləni tutdu və tarixində ilk dəfə elita ilə vidalaşdı.
1973-cü ildə qurulan və 1984-cü ilə qədər fəaliyyət göstərən BATE sonradan 12 il fəaliyyətini dayandırmalı olmuşdu. 1996-cı ildə iş adamı Anatoli Kapskinin sayəsində yenidən formalaşdırılan komanda 1998-ci ildə ilk dəfə müstəqil Belarus çempionatına vəsiqə qazandı və o vaxtdan bu yana fasiləsiz elitada çıxış edirdi. 1999 və 2002-də illərdə ilk iki çempionluğunu qazanan BATE 2000-ci illərin ortalarından etibarən Belarus futbolunda hegemonluğu ələ keçirdi.
Bu kollektiv 2006-18-ci illərdə ardıcıl 13 çempionluq qazanmaqla adından söz etdirdi. Bu, Avropa futbolunda ardıcıl 14 çempionluq qazanan Cəbəllütariq təmsilçisi ''Linkoln'' və Latviya təmsilçisi ''Skonto''nun göstəricisindən sonra ən yaxşı ikinci göstəricidi. 15 cempionluqdan başqa BATE 6 dəfə ölkə kubokunu və 8 dəfə ölkə superkubokunu qazanıb.
Bir qədər stajlı azarkeşlər yəqin ki, borisovluların Çempionlar Liqasındakı çıxışını gözəl xatırlayır. BATE ümumilikdə 5 dəfə ÇL-in qrup mərhələsində çıxış edib. Düzdü, heç vaxt pley-offa vəsiqə qazana bilməyib. BATE 2008/09-da ÇL-də ''Real'', ''Yuventus'' və ''Zenit''lə eyni qrupda yer almışdı.
Komanda tarixinin ən yaddaqalan qələbələrindən birini isə 2012/13-də qazanmışdı. Yupp Haynkesin əzəmətli ''Bavariya''sı həmin mövsüm Avropada titul qoymayaraq trebl əldə etmişdi. Amma ÇL-in qrupunda BATE evdə həmin ''Bavariya''nı 3:1 yenərək böyük sürprizə imza atmışdı.
Ardıcıl 13 il çempion olmuş komanda elita ilə vidalaşdı!
Dünya futbolu





