“Səbail” Kommersiya Məhkəməsinə müraciət etdi - BƏYANAT

29.11.2026 22:15
Ölkə futbolu
“Səbail” akademiyası üçün geyim dəstlərinin hazırlanmasına dair “YAARA” MMC ilə yaranan mübahisə ilə bağlı açıqlama yayıb.

"Football-plus.az" xəbər verir ki, klubun bəyanatında tərəflər arasında 11 sentyabr 2026-cı ildə müqavilə imzalandığı bildirilib.

Müqaviləyə əsasən, tekstil şirkəti klubun akademiyası üçün ƏDV daxil olmaqla 85 255 manat məbləğində futbol geyim dəstləri hazırlamağı öhdəsinə götürüb. Lakin sonradan şirkət 33 350 manat məbləğində avans ödənişinin edilmədiyini əsas gətirərək öhdəliklərini yerinə yetirməkdən imtina edib.

“Səbail” isə müqavilədə nəzərdə tutulan 60 faizlik avans ödənişini tam həyata keçirdiyini bildirib.

Klubun açıqlamasına əsasən, ödənişlər aşağıdakı qaydada həyata keçirilib:

- 2 oktyabr - 20 min ABŞ dolları (34 min manat) nağd şəkildə “YAARA” MMC-nin direktoru Yaqut Bayramovaya təqdim edilib;
- 5 noyabr - 10 min manat şirkətin əsas bank hesabına köçürülüb;
- 5 noyabr - doqquz min manat ƏDV depozit hesabına köçürülüb.

Beləliklə, klub müqavilə üzrə ümumilikdə 53 min manat ödəniş etdiyini açıqlayıb. Müqavilənin 2.3-cü bəndinə əsasən, tələb olunan avans məbləği isə 51 153 manat təşkil edir.

“Səbail” bəyanatında şirkət rəhbərinin ünvanına da ittihamlar səsləndirib:

“Səbail” Peşəkar Futbol Klubu bununla bağlı “YAARA”nın pretenziya məktubuna cavab da göndərib. Lakin hörmətli Yaqut xanım məsələni təhrif olunmuş formada təqdim etməklə, klubumuzun İdarə Heyətinin sədri Mirzə Bayrampurun ünvanına həqiqəti əks etdirməyən ittihamlar səsləndirir, mətbuata da yanlış məlumatlar çatdırır”.

Klub yaranmış vəziyyətin araşdırılması üçün Kommersiya Məhkəməsinə və digər müvafiq qurumlara müraciət etdiyini açıqlayıb.

Səsləndirilən ittihamlar “Səbail”in mövqeyini əks etdirir. Qarşı tərəf isə məsələyə münasibət bildirməyib.