''Qalatasaray''ın əfsanəsi karyerasını vətənində və göz yaşları ilə tamamladı

29.11.2026 21:31
Dünya futbolu
Dünən Uruqvayın paytaxtı Montevideoda baş tutan Libertadores kubokunun finalında ''Palmeyras'' ''Estudiantes''i 1:0 məğlub etdi.

Oyunu 3 seyvlə tamamlayan, amma komandasının məğlubiyyətinə əngəl ola bilməyən Argentina təmsilçisinin ünlü qapıçısı Fernando Muslera final fitinin ardından göz yaşlarını saxlaya bilmədi. 40 yaşlı uruqvaylı əlcək sahibi mühüm qərarını ictimaiyyətə açıqlayaraq karyerasını başa vurduğunu elan etdi.

''Qalatasaray''ın əfsanəsi möhtəşəm karyerasında son matçını vətənində keçirmiş oldu:

''Karyeramın sonuna çatdım. Bu haqda çox söz-söhbət gəzirdi. Amma mən təsdiqləməmişdim. Bu gün isə ilk dəfə bunu açıqlayıram. Rəhbərliklə bu haqda danışmışdım. Komanda yoldaşlarıma tək-tək təşəkkür etdim. Hamıya hər şeyə görə təşəkkür edirəm. Mənim üçün tarixi bir sonluq oldu. Məğlubiyyət futbolun bir parçasıdı. Amma peşəkar karyeramda həm ilk oyunu, həm də son oyunumu bu stadionda keçirdim. Fanatlarımız bizi sona qədər əla dəstəklədilər. Ailə üzvlərim də burdadı. Onlara da sevgilərimi göndərirəm. Açığı, indi mənim üçün danışmaq çətindi. Ancaq burdan xoşbəxt ayrılıram. Çünki son ana qədər mübarizəmi davam etdirdim''.

Muslera yarımfinalda ''Flamenqo''ya qarşı dueldə oyunsonrası penaltilər seriyasında 3 zərbəni dəf edərək komandasının finala yüksəlməsində mühüm rol oynamışdı.

Onun futbolla vidalaşmasına uzun illər şərəfini qoruduğu və əfsanəsi olduğu ''Qalatasaray'' da biganə qalmayıb. İstanbul nəhəngi geniş bir paylaşım edib. Karyerasına ''Montevideo Uonderers''də başlayan Muslera daha sonra ''Nasyonal'' və ''Latsio''da çıxış edib. 2011-25-ci illərdə isə ''Qalatasaray''ın şərəfini qoruyaraq 8 ölkə çempionluğu daxil olmaqla 19 titul qazanıb.

Muslera həm ''Qalatasaray'' tarixində ən çox titul qazanan, həm də Türkiyə çempionatı tarixində ən çox oyun keçirən əcnəbi futbolçu rekordlarına sahibdi.