"Kəpəz" azarkeşləri Kostya dayının məzarını niyə ziyarət etmədi?

29.11.2026 22:58
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, dünən Gəncə futbolunun əfsanəsi, şəhərin uşaq futbolunun inkişafında misli-bərabəri olmayan xidmətlər göstərmiş Konstantin Abramenkonun anım günü idi. Bu münasibətlə "Kəpəz"in rəsmiləri, məşqçiləri və futbolçuları Gəncədəki Fəxri Xiyabana baş çəkib, mərhumun məzarını ziyarət edib.

İş ondadı ki, həmin ziyarətdə "Kəpəz" azarkeşlərini görmədik. Xüsusən klubun ən böyük azarkeş qrupu "Xəmsə" anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım etmədi. Belədə onların da mərhumu ziyarət etmədiyini düşünmək olar.
Bəs hamının Kostya dayı kimi tanıdığı əfsanəvi məşqçi niyə azarkeşlərin diqqətindən kənarda qalıb?

Bu sualla "Xəmsə"nin rəhbəri Müşfiq Məmmədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Biz anım günü ziyarətə getməsək də, müxtəlif vaxtlarda Kostya dayının məzarını dəfələrlə ziyarət etmişik. Sadəcə, bununla bağlı sosial şəbəkə hesalarımızda məlumat yaymamışıq. "Xəmsə" olaraq, 11 il əvvəl Kostya dayının stadionu bərbad durumda olanda yardım kampaniyası keçirmişdik. Hətta Konstantin Abramenko adına futbol turniri təşkil etmişik. O başqa məsələ ki, bəziləri sonradan bu addımı öz adlarına yazdılar".

Xatırladaq ki, mərhum Abramenko Azərbaycanın əməkdar məşqçisi, eləcə də əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb. O, 82 yaşında - 2005-ci ildə noyabrın 28-də Gəncədə vəfat edib.

KƏNAN BAHADIR