Misli premyer-liqasının 27-ci turunun "Səbail" - "Turan Tovuz" qarşılaşmasında qonaqların heyətində ən yaxşılardan biri də Runi Eva idi.
Onunla həm matç, həm öz çıxışı, həm də başqa mövzular ilə bağlı söhbətləşdik.
- Bu gün 1 xal qazandız. Oyunla bağlı fikrini bilmək istərdik.
- Ağır qarşılaşma oldu. İlk yarıda istədiyimiz kimi çıxış edə bilmədik. Amma fasilədən sonra planlaşdırdığımız oyunu nümayiş etdirə bildik. Əsas odu ki, məğlub olmadıq və evə xalla dönürük.
- Ev oyunları ilə müqayisədə səfərdə daha mübariz çıxış edirsiz. Bunun səbəbi nədi?
- Dəqiq səbəb deyə bilmərəm. Amma istərdim ki, rəqibin meydanında uğurlu çıxış etdikdən sonra daha yüksək motivasiya ilə doğma publika önünə çıxaq, uğurlu seriyanı davam etdirək.
- Meydanda ən çox çalışanlardan biri olmaqla yanaşı, komandanın ən sərrast futbolçususan. Necə düşünürsən, bombardirlərin yarışına qoşulmaq üçün gec deyil? Ümumiyyətlə, belə istəyin var?
- Fərqlənməyim oyuna görə dəyişir. Elə matçlar var ki, nə qədər çalışsam da, rəqib qapıçıları məyus edə bilmirəm. Amma ümumilikdə, əlbəttə, bombardirlərin yarışına qoşulmaq istərdim.
- Premyer-liqanın bombardirlərindən kimi daha çox izləyirsən?
- Coy-Lens Mikels adını çəkərdim. "Sabah"ın futbolçusunun həm oyunu, həm də vurduğu qollar xoşuma gəlir.
- "Turan Tovuz"un 5-ci pilləyə yüksəlmək şansı var. Bu məqam sizə əlavə motivasiya verir?
- Əlbəttə. Məhz bu şansdan istifadə edə bilmək üçün çox çalışmalıyıq. Oyunlarda inamlı çıxış etməklə hesabımıza xallar əlavə etməliyik.
ABDULLA İSMAYILOĞLU