İnfantino təhlükədən qurtuldu

13.03.2023 19:17 214
Dünya futbolu
Canni İnfantino həbs olunmaq təhlükəsindən qurtulub.

İsveçrənin Baş Purokurorluğu FİFA-nın prezidentinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ehtimalı ilə bağlı araşdırmanı dayandırıb.

İnfantinonun cinayət işi törətdiyi ehtimalına onunla İsveçrənin sabiq baş prokuroru Maykl Lauber arasında baş tutan üç görüş səbəb olmuşdu. Görüşlər 2016 və 2017-ci illərdə keçirilmişdi. 2020-ci ildə başlayan istintaqa görə, belə görüşlər ədalət mühakiməsinə maneə kimi dəyərləndirilir. Çünki Lauber 2015-ci ildən 2019-cu ilə qədər FİFA-da korrupsiya ilə bağlı araşdırma prosesinə rəhbərlik edib. Onu da xatırladaq ki, Lauberlə bağlı təhqiqat başlayandan sonra İnfantinonun sələfi Yozef Blatter vəzifəsini tərk etmişdi.

FİFA-nın araşdırmanın dayandırılması ilə bağlı məlumatında belə bildirilib:
“FİFA İsveçrənin Baş Prokurorluğunun (İBP) 2017-ci ildə Surinamdan İsveçrəyə uçmaq üçün icarəyə götürülmüş şəxsi təyyarə ilə bağlı FİFA prezidenti Canni İnfantinoya qarşı istintaq işini dayandırmaq qərarını alqışlayır. Bundan başqa, İBP etiraf edib ki, bu səfərlərin o zaman bəyan edilən üsulu tam əsaslandırılıb. İBP-nin qərarı ilə İsveçrə dövləti istintaqla bağlı bütün xərcləri öz üzərinə götürür və FİFA-nın prezidenti də potensial kompensasiyadan imtina edərək dəymiş ziyana görə hansısa iddia ilə çıxış etməmək qərarına gəlib. FİFA-nın prezidenti prosesin başlanmasından indiyədək tam İsveçrə hakimiyyətinin sərəncamında olub və ümid edir ki, məhkəmə sistemi FİFA-nın indiki administrasiyasının keçmişi geridə qoyduğunu, indi nüfuzlu və hörmətli bir təşkilat olduğunu qəbul edir”.