“Sumqayıt”ı uçuruma aparan qapıçı problemi - AÇIQLAMA

1.03.2023 13:20 364
Premyer-liqa / Manşet
“Bir mətbuat konfransında demirəm, ikincidə demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidi. İkinci qolda böyük səhvi oldu. O səhv olmasaydı, ən azı heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca belə əziyyət çəkirik. Amma bunun da sonu olacaq” - bu cümlələr Samir Abasova aiddi. “Kəpəz”lə qarşılaşmadan sonra Aydın Bayramovun səhvlərinə toxunan baş məşqçi qapıçının karyerasını düşünməli olduğunu vurğulamaqdan çəkinmədi.

"Football-plus.az"ın məlumatına görə, şənbə günü keçirilən “Sumqayıt” – Kəpəz” matçı qonaqların qələbəsi ilə başa çatdı. Tərlah Əhmədovun komandası hava-su kimi vacib olan 3 xalı qazanmaqla təhlükəli zonadan uzaqlaşmağı bacardı. “Sarı-göylər”lə qarşılaşmada “kimyaçılar”ın çox zəif təsir bağışladığını inkar etmək olmaz. Ancaq yenilgidə əsas pay sahibi, heç şübhəsiz, Aydın Bayramov oldu. Meydan sahiblərinin qapısında gördüyü ilk qol qolikper üçün götürüləsi top olsa da, Aydın komandasını xilas edə bilmədi. Junior Martinsin ikinci qolu isə sırf onun vicdanına yazılmalıdı. “Kəpəz”in legioneri təxminən meydanın mərkəzindən “çərçivə”ni dəqiq nişan aldı.

Ümumiyyətlə, son vaxtlar Aydının performansında eniş yaşanır. Xüsusilə qışdan sonra keçirilən matçlarda “Sumqayıt”ın “bir nömrə”si inamsız təsir bağışlayır. Halbuki Bayramov yığmaya namzidələr arasındadı. Hətta bir ara Canni de Byazi onu ölkənin əsas komandasına dəvət edirdi. Bəs indi nə baş verir, Bayramov niyə uğursuz dönəm keçirir? Bu suallara cavab tapmaq üçün “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi Emil Babayevlə əlaqə saxladıq. Onun reaksiyası belə oldu:

“Kəpəz”lə oyunda Aydının kobud səhv etdiyini hamı gördü. Bu nədən irəli gəlir? İlk nöbədə qapıçı mövqeyində rəqabətin olmamasından. Və bir də mənə elə gəlir, ona bir qədər istirahət lazımdı. Ardıcıl meydana çıxmaq, yol verdiyi səhvlər onda psixoloji gərginlik yaradıb. Bu səbəbdən Aydına istirahət, bir neçə oyun ehtiyat oyunçular skamyasında oturmaq lazımdı. Fikrimcə, o hazırda futboldan doyub. İstirahət, kənarda qalmaq ona kömək edəcək. Ötən mövsüm Tərlan Əhmədli ilə rəqabət tonusda qalmağına kömək edirdi. İndi isə ehtiyatda gənc qapıçılardı. Bəlkə də arxayınlıq yaranıb”.


Emil bəy növbəti turlarda qapıda İlnur Valievin dayanacağını istisna etmədi:

“İlnur artıq iki ildi komandadı. Ona da şans verməyin zamanı gəlib. Ola bilsin, bəlkə də gecikmişik. Bu da komandanın turnir cədvəlindəki durumundan irəli gəlir. Bu gün hər xal bizim üçün qızıla bərabər olduğundan daha təcübəli Aydına güvənmək məcburiyyətindəydik. Ola bilsin, İlnurun da səhvləri olacaq. Gənc və təcrübəsizdi. Ancaq nə vaxtsa ilk addımı atmalıdı. Böyük ehtimalla qarşıdakı oyunlarda Valievi qapıda görəcəyik. Artıq bununla bağlı baş məşqçimiz Samir Abasovla söhbətimiz olub”.


RƏŞAD