"Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiz" - Samir Abasov

5.11.2022 22:19 489
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 13-cü turunun "Sumqayıt" - "Neftçi" matçından (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

"Football-plus.az" xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Sizin suallarınız daha çox olar. Marağınızın hardan qaynaqlandığını bilirəm. Oyun gərgin keçdi. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdu. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələr etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev istiliyi ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiz.

- Bir həftədə komandanın oyun planında nə dəyişib?

- Əsas olan futbolçularımın dediklərimi dərk etməyidi. "Turan Tovuz"la səfərdəki oyun sönük keçdi. Düzdü, rəqib qazanmışdı, amma biz də udsaydıq eyni sözləri deyərdim.

- "Sumqayıt"ın bu oyunu zəif təsir bağışlayan "Neftçi" rəhbərliyinə bir mesaj kimi qəbul etmək olar?

- Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. "Neftçi"yə nəyisə sübut etmək fikrim yoxdu. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdı. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.

- Aydın Bayramovun oyununda geriləmə hiss olunur. Bu, rəqabətsizlikdən qaynaqlanır?

- Mən bura gələndə artıq vəziyyət belə idi. Aydına bir şey olsa, bəlkə də İlnura yol açılar. Hər şeyi axarına buraxaq. Qışda qapıçı məsələsinə mütləq baxacağıq.

- Regekampfla mübahisə etməyinizin səbəbi nə idi?

- İki kişinin arasında olan söhbətdi. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim.

- Son dəqiqələrdə qaçırılan epizodlarda hansı hissləri keçirdiz?

- Tutub onu döyərdim (gülür).

- Heç-heçəni qələbəyə bərabər hesab edirsiz?

- Qələbəyə bərabər tutmuram. Fikirləşirəm ki, qalib gələ bilərdim.