"Neftçi"nin son illərdə üzə çıxan yetirmələrindən biri də Fəhmin Muradbəylidi.
Futbolçu vaxtilə böyük perspektiv vəd edirdi. Lakin müəyyən səbəblərə görə başqa klublara icarəyə verildi. "Səbail"də icarə müqaviləsi bitəndən sonra "ağ-qaralar"ın heyətinə qayıdan Fəhmin doğma komandasında möhkəmlənə bilmədi və bu dəfə “Keşlə”yə (Şamaxı) icarəyə verildi. Ordan qayıdandan sonra isə Laurentsiu Regekampfa lazım olmadı, klub onunla yeni müqavilə bağlamadı. Yayda legioner həyatı yaşamaqda maraqlı olsa da, istəyi baş tutmadı və qış fasiləsinə qədər klubsuz qaldı. Hazırda isə 1-ci divizionun lideri "Araz Naxçıvan"ın formasını geyir. Futbolçuyla söhbətə də bundan başladıq.
- Qış fasiləsinə qədər klubsuz qaldın. Yerli komandalardan təklif olmadı?
- Var idi. Sadəcə, xaricdə çıxış etməkdə maraqlıydım. İki menecerim də bunun üçün çalışırdı. Ona görə də yerli klublarla danışıq aparmadım. Menecerlərin "bu gün, sabah keçidin həll olunacaq" deyə-deyə məni aldatmaları bütün planlarımı pozdu. Yerli komandalara keçid məsələsində gecikdin.
- Sirr deyilsə, xidmətin hansı ölkələrin komandalarına təklif olunmuşdu?
- Türkiyə, Yunanıstan, Polşa və Özbəkistan təmsilçiləriydi. Lakin agentlərim işə səhlənkar yanaşdıqlarından daha detallı məlumat əldə edə bilmirdim.
- "Səbail"də icarədən sonra yenidən məxsus olduğun "Neftçi"yə qayıtdın. Orda möhkəmlənməyə nə mane oldu?
- "Səbail"dən qayıtdıqdan sonra "Neftçi"də möhkəmlənmək üçün yaxşı şansım vardı. Bundan da maksimum istifadə etməyə çalışdım. Lakin Samir Abasov gələndən sonra məni müdafiənin sağında oynatmağa başladı. Halbuki bu mənə tam yad mövqeydi. Avrokuboklarda və çempionatın əvvəlindəki matçlarda da sağ cinah müdafiəçisi kimi oynadım. Həmin vaxt komanda 3-5-2 sxemiylə oynayırdı. Amma mənə ya vinger, ya da 4-3-3 sistemində sağ cinah hücumçusu kimi çıxış etmək daha rahat idi. Cəmi 2 oyunda doğma mövqeyimdə çıxış etdim və 2 qol vurdum. Lakin sonra səbəbsiz yerə mənə şans verilmədi. Dəfələrlə baş məşqçidən və başqa aidiyyatı şəxslərdən bu barədə soruşsam da, heç bir cavab gəlmədi. Ardınca "Şamaxı"ya keçdim. Lakin zədə üzündən burda da özümü göstərə bilmədim. Daha sonra "Neftçi"yə qayıtdım və rəhbərliklə söhbətimiz oldu. Onlar da dedi ki, yollarımızı ayıraq, baş məşqçi sənə ehtiyac duymur. Halbuki Regekampf məni məşqlərdə az izləmişdi. İnanmıram ki, potensialımı tam qiymətləndirib.
- Regekampfı məşqçi kimi necə dəyərləndirərdin? Sənə şans verməsini gözləyirdin?
- Rumıniyalı mütəxəssis haqda çox danışmaq istəməzdim. Amma mənə şans verməsini gözləyirdim. Nə edək, belə alındı...
- "Neftçi"nin çıxışı haqda nə deyə bilərsən?
- "Neftçi"nin oyunlarını izləyirəm. Hələlik gözlənilən nəticəni vermirlər. İnanıram ki, komanda toparlanacaq və adınalayiq çıxış etməklə istəyinə nail olacaq. "Ağ-qaralar"a uğurlar arzulayıram. Doğma klubum olub, möhtəşəm azarkeşləri də var. Onlar üçün hər şeyin istədikləri kimi olacağını düşünürəm.
- "Araz Naxçıvan"a keçidin necə alındı?
- Yuxarıda qeyd etdiyim kimi, legioner həyatı yaşamağı çox istəyirdim. Lakin menecerlərin səriştəsizliyi üzündən bu istəyim baş tutmadı. “Transfer pəncərəsi” bağlanandan sonra yerli klublara da keçə bilmədim. Sonra "Araz Naxçıvan"dan təklif gəldi. Düşündükdən sonra razılıq verdim. Formada qalmağım və bir qədər də “artırmağım” üçün daim çıxış etməli olduğum komanda lazım idi. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Mehriban kollektivimiz var. Özümü yaxşı tərəfdən göstərib, "Araz Naxçıvan"nın çempion olması özün əlimdən gələni edəcəm.
- “Araz Naxçıvan”a keçidin geriyə addım deyil?
- Xeyr, mən belə düşünmürəm. Komandada yetərincə təcrübəli, səviyyəli futbolçular var. Legionerlər də keyfiyyətlidi. Formamı bərba etmək üçün Muxtar Respublika təmsilçisi ən yaxşı variantdı.
- Artıq iki oyunda yeni komandanın heyətində 2 qol vurmusan. Bu barədə təəssüratın maraqlıdı...
- Debüt matçımda cəmi 5 dəqiqə oynadım. Amma ikinci oyunda 1 hissə şans qazandım və dubl etdim. Buna görə məmnunam. Amma hələ qarşıda çox oyun var. Çalışacam hər matç özümü yaxşı tərəfdən göstərim.
ABDULLA İSMAYILOĞLU