Aldıq məktubunu Məhəmməd Qacar,
Tərlan oylağında sar ola bilməz!
Bu dünya qalmamış ulu şahlara,
Zülm də, zalım da var ola bilməz!
Bu misralar Səməd Vurğunun məşhur “Vaqif” dramındandı, xalq şairi 18-ci əsrin Azərbaycanında yaşanan iç savaşı nəzmə çəkib, bu da Qarabağ xanının vəziri Molla Pənah Vaqifin Qacarlar dövlətinin qurucusu və 1-ci şahı Ağa Məhəmmədə yazdığı cavab məktubudu. Babalarımızın bitib-tükənmək bilməyən mənəm-mənəmlik davası, bir-birinin sözünü sinəyə çəkməməsi gətirib ona çıxardı ki, Azərbaycan 19-cu əsrin əvvəlində ikiyə parçalandı – Arazın şimalı Rusiya, cənubu İran imperiyasının əsarəti altına keçdi. İndi Şimal qurtulub, Cənub isə hələ də zülm altında inildəyir…
Hər nə qədər tarixə həvəs göstərsəm də, bu yazıda əsrlərin o tayına baxmaq fikrində deyiləm. Yenə Gəncədən, daha doğrusu, Cavad xanın ruhu məni bağışlasın, Gəncə futbolundakı dözülməz mühitdən, birilərinin Tərlan Əhmədov ətrafında öldürücü mənəvi ab-hava yaratmasından danışacam. Tərlan bəy “Vaqif” dramından xəbərdar olsaydı, “Şamaxı” üzərindəki dünənki qələbədən sonra bütün bədxahlarına Vaqifin sözləri ilə cavab verər, yandı-qındı verərdi. Dostlar, doğrudan da, mən Gəncə futbolunun ətrafında fırlanan bir qrup adamın nə istədiyini bilmirəm. Daha doğrusu, bilirəm, sadəcə, bildiyimi dilə gətirmək mənə ağır gəlir. Amma lap kiminsə qəzəbinə tuş gəlsəm də, deyəcəm.
Bəli, böyük imtiyaz və güzəşt hesabına ölkə futbolunun elitasına qaytarılan “Kəpəz” cari mövsümdə o qədər də uğurlu çıxış etmir. Əslində uğursuzluqların təməli sabiq baş məşqçi Yaşar Vahabzadənin dövründə qoyulub. Yaşar bəy müəyyən mərhələdən sonra gücünün çatmadığını anladı, üzüsulu istefa verib Bakıya döndü. Belədə araya ölkə futbolunun daim iddialı olan simalarından biri Tərlan Əhmədov girdi və komandanı böhrandan çıxarmağı boynuna götürdü. Bu gün də vəziyyət çətindi, amma dözülməz və faciəvi deyil. Onsuz da avrokuboklara vəsiqə uğrunda oynamayacağı çoxdan bəlli olan “Kəpəz”, hər halda, elitada yerini qoruya bilər. Amma gəlin görək, məsələn, Ayxan Abbasov üçün Tovuzda yaradılan mühit Gəncədə - Tərlan bəyin ətrafında varmı? Adam Rauf Əliyevlə Əfran İsmayılovun xidmətində maraqlı olmadığını deyir, bu iki sabiq futbolçu və komandanın uğursuzluğunda maraqlı olan başqaları elə mühit yaradırlar ki, guya dünyanın sonudu. Sonra adam deyir Elvin Yunuszadə mənə lazım deyil, əvəzedicilərin çalışdırıcısı Xaliq Mərdanov onu yuxarı başa çıxarır, hələ kapitan sarğısını da verir. Aşağı yaş qruplarından birinin çalışdırıcısı Ceyhun Tanrıverdiyev baş məşqçiyə yumruq atır. Elə həmin Xaliq Mərdanov klubdaxili iclasda prezident kimi danışır, baş məşqçiyə “sənin yerində olsaydım, istefa verib gedərdim” deyir, klubun rəhbərlərindən biri işdən uzaqlaşdırılan qardaşının davasını aparır. Belə biabırçılıqların sayı nə birdi, nə də ikidi. Sonsuza qədər davam etdirə bilərəm. Mən ölüm, dünyanın harasında belə qayda-qanunlar işləyir, dünyanın harasında belə feodal təfəkkür var ki, konkret şəhərdə yalnız həmin şəhərin (oxu: Gəncənin) futbolundan çıxan adamlar çalışmalıdı. Təbii ki, heç yerdə, hətta Afrikanın cəngəlliklərində, adam əti yeyən tayfaları arasında da yoxdu. Ona da əminəm ki, belə feodal-irqçi təfəkkür ilə uzağa getmək mümkün olmayacaq. Necə yəni Gəncədə gəncəlilər, Sumqayıtda sumqayıtlılar, Şamaxıda şamaxılılar çalışmalıdı? Yerliçilik azarına bu şəkildə yoluxmaq nə Gəncə, nə də bu şəhərin futbolu üçün yaxşı nəsə vəd edir. Tərlan bəyi çoxdan görmürəm, amma görsəm, heç şübhəsiz, “Turan Tovuz”a məğlubiyyətdən sonra dediyi sözü ona xatırladacam. Yəni ki vədini tut, “Kəpəz”i elitada saxla, amma sonra ayrıl, qoy bu komanda ətrafında ən çirkin oyun quranlar nə istəyirlərsə, onu da etsinlər!
…Hə, bir də “Kəpəz”i elitaya qaytarmaqla bağlı qərar verən AFFA rəhbərliyindən acıqlıyam. Sizə elə gəlmir ki, bu komandanın yeri elə 1-ci divizion idi. Necə deyərlər, az aşım, ağrımaz başım! Onda yaşanan biabırçılıqlar da bu qədər ictimailəşmirdi, “Kəpəz” çoxlarının yadında elə üçqat çempion, kubokun dördqat qalibi, yəni xoş xatirə kimi qalmışdı. Futbolun elitasında bunu haqq edənlər oynamalıdı. Vəssalam-şüttamam!
HUŞƏNG